Yeni turizm mövsümü başlayır, Bakıda valyutadəyişmə məntəqələrinin sayı ətrafında müzakirələr var…

12 Aprel 2019 16:17 (UTC+04:00)

Ölkə iqtisadiyyatının inkişafı istiqamətində görülən işlər sayəsində son illər ölkəyə gələn turistlərin sayı artır. Ölkəmizdə keçirilən beynəlxalq yarışlar turist sayının artmasına təsir edir. Məlumdur ki, son illər ölkəmizdə beynəlxalq əhəmiyyətli yarışlar keçirilir. Bu il də ölkəmizdə “Formula” idman yarışı keçiriləcək. Yarışı izləmək üçün ölkəmizə çoxlu sayda turist gələcək. Tək yarışı izləmək üçün deyil, eyni zamanda, istirahət üçün ölkəmizə təşrif edəcək turistlərin sayı mövsümlə əlaqədər olaraq artacaq.

Ancaq turistləri narahat edən məsələlərdən biri də şəhərdə valyutadəyişmə məntəqələrinin sayının hələ də az olmasıdır. Demək olar ki, yox dərəcəsindədir. Turist, istərsə də yerli vətəndaş pulu dəyişmək üçün banka müraciət etməlidir. Məlumdur ki, banklar şənbə və bazar günləri işləmirlər. Belə olan halda, turistlər əlində olan vəsaiti manata çevirməkdə çətinlik çəkirlər.

Xatırladaq ki, paytaxt Bakıda valyutadəyişmə məntəqələrinin yenidən açılması üçün qanunvericilik aktları qəbul olunub, müvafiq qərarlar verilib. Son olaraq parlament “Valyuta tənzimi haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini qəbul edib. Bu dəyişikliklə valyuta mübadiləsi fəaliyyətinə lisenziyaların verilməsi proseduru sadələşib.

Qeyd edək ki, maliyyə bazarlarına nəzarət orqanı valyuta mübadiləsi fəaliyyətinə lisenziya verərkən onu müvafiq icra hakimiyyəti ilə razılaşdırmalı deyil. Hazırda “Exchange”lərin fəaliyyətinin qarşısında heç bir əngəl yoxdur. Lakin yenə də paytaxtda valyutadəyişmə məntəqələri gözə dəymir. Qarşıdan isə yay gəlir, turizm mövsümü başlayır. Valyutadəyişmə ilə bağlı problem yenə də özünü göstərəcək.

Millət vəkili Tahir Mirkişili bildirdi ki, valyutadəyişmə məntəqələrinin açılması ilə bağlı qanunvericilikdə hər hansı maneə yoxdur: “Ancaq valyutadəyişmə məntəqələrinin açılması ilə bağlı qərarı birbaşa Maliyyə Bazarlarına Nəzarət Palatası verməlidir. Belə fikir də var ki, “Exchange” açan sahibkarlardan 50 min manat depozit tələb olunması da onları bu işdən çəkindirir. Ancaq bu yalnız icra orqanlarının təhlili nəticəsində ortaya çıxa bilər ki, ”Exchange”lərin açılıb-açılmaması ilə bağlı hansı baryerlər var”.

Millət vəkili onu da vurğuladı ki, ölkəyə gələn turistlər nağd deyil, daha çox kart vasitəsilə ödəniş etməyə üstünlük verirlər: “Artıq Azərbaycanda nağdsız ödəmə infrastrukturu kifayət qədər inkişaf edib. Ancaq turistlərdən bir qisminin nağd ödəniş etdiyini də nəzərə alsaq, ”Exchange”lərin bərpası və lazımi yerlərdə açılması turizmin inkişafına, gəlirlərin artmasına səbəb ola bilər”.

İqtisadçı-ekspert Fuad İbrahimli qəzetimizə açıqlamasında qeyd etdi ki, 2015-ci ildə aidiyyəti qurumların qərarı ilə ölkədə valyutadəyişmə məntəqələrinin fəaliyyəti dayandırıldı. Bu qərardan sonra Bakı və bölgələrdə “qara bazaar” yaradıldı. Bir müddət sonra valyutadəyişmə məntəqələrinin açılışına şərait yaradıldı: “Valyutadəyişmə məntəqələrinin yaradılmasına icazə verilsə də, “exchange”lərin sayı hələ də azlıq təşkil edir. Turizmin inkişaf etdiyi zamanda, idman yarışlarının başlanacağı ərəfədə turistlərin rahat istifadəsi üçün valyutadəyişmə məntəqələrinin sayı yetərincə deyil. Valyutadəyişmə məntəqələrinin sayının çox olması ölkəmizə gələn turistlərin, qonaqların burada işini asanlaşdıracaq. Valyutadəyişmə məntəqələrinin olmaması və ya sayının az olması ölkəmizə gələn qonaqları əziyyətə salır. Məsələn, turist əlində olan vəsaiti dəyişmək üçün olduğu ərazidən 3-4 prospekt aralıda istədiyini edə bilir. Məlumat üçün bildirim ki, xarici ölkələrdə bu məntəqələr daha sıx yerləşir. Şərait yaratmaq, optimallaşdırmaq lazımdır. Bu halda, ilk növbədə, dövriyyənin artımı müşahidə olunacaq, rahatlıq əmələ gələcək”.

Günel CƏLİLOVA