16 il ərzində icra edilən 100 illik proqramlar - Müşfiq Ələsgərli yazır

11 Aprel 2019 18:00 (UTC+04:00)

Dublin “Triniti Kolleci” dünyanın  qədim təhsil ocaqlarındandır. 1592-ci ildə tikilib, istifadəyə verilib. Kollec adlandırılsa da, indi universitet statuslu  ali təhsil müəssisəsidir; 1711-ci ildən başlayaraq, kollecdə  tibb ixtisasının  da tədrisinə başlanılması ilə, universal təhsil müəssisəsinə çevrilib. 

“Triniti Kolleci”n (universitetin)  dünyaca məşhur olması, onun qədimliyi ilə yanaşı, digər iki məqamla bağlıdır.  Onlardan biri kollecin nəzdindəki qədim kitabxanadır. Bütün dünyada tanınan  “Triniti Kollec kitabxanası”da 4,5 milyon cild kitab, çoxlu sayda tarixi xəritələr, əlyazmalar və musiqi əsərləri qorunub saxlanılır. Kolleksiyaların əksəriyyəti XVI əsrin sonlarından başlayaraq toplanıb. Amma kitabxana tarixdə ilişib qalmayıb, dövrə uyğun yenilənir. Hazırda  onun internet səhifəsində 300.000 kitab yerləşdirilib. Tarixən istifadə edilmiş oxu zalında isə  3200 oxucu yerləşdirmək imkanına malikdir. Zaldakı oxucu yerlərinin hamısı İnternet şəbəkəsinə qoşula bilirlər. Bu kitabxana tarixi binalarda yerləşdiyi üçün,  İrlandiyanın əsas diqqətəlayiq yerlərindən biri, turistik məkanlarından  hesab edilir.

“Triniti Kolleci” Dublin şəhərinin mərkəzində yerləşir və 190000 m² ərazini əhatə edir. Bununla yanaşı, Kollecin tarixi  kampusu, orada  inşa edilmiş binalar olduğu kimi qorunub saxlanılır, zəngin memarlıq nümunələrindən hesab olunur. Burada xüsusilə XVIII əsrdə, öz dövrünün  memarlıq üslublarında inşa edilmiş tikililər çoxluq təşkil edirlər. Binalar və binaların həyəti dördbucaq formasında olduğundan,  kampus şəhər mərkəzinə yerləşdirilmiş  böyük kvadratı xatırladır.

Burada diqqət  çəkən əsas məqamlardan biri, kampusun, bizim anlamda desək, “tələbə yataqxanası” ilə bağlıdır.  XVI əsrdə inşa edilən  “tələbə yataqxanaları” bu gün də istifadə edilirlər, həm də öz təyinatları üzrə. Hətta Kollecin (Universitetin) büdcəsinə qatqı vermək üçün maraqlı bir mexanizm tətbiq edilib: tələbələr tətildə olduqları müddətdə  bu “yataqxanalar” turistlərin   istifadəsinə verilirlər, hostel xidməti göstərirlər.   2013-cü üldə İrlandiyaya səfərim çərçivəsində  bu hosteldən istifadə etmək nəsibim olub. Tarixiliklə müasirliyin harmoniyası insana xoş ovqat yaşadır, çoxlu turist cəlb edir.  Rəsmi statistikada bildirilir ki, İrlandiyaya təkcə “Triniti Kolleci”in kitab  sərgisini və  qədim “tələbə yataqxanasını” görmək, bu tarixi hostellərdə qonaqlamaq məqsədilə  hər il 1,5  milyondan çox turist  gəlir.

Dublin “Triniti Kollec” kompleksi uzunmüddətli və çoxfunksiyalı fəaliyyətinə görə,  tarixdə  özü ilə yanaşı, qurucusu olan  “Kraliça Yelizaveta”nın da adını yaşadır, məşhur edir. Həm də ərazisində olduğu ölkənin iqtisadiyyatına qatqısı var: hər il ölkəyə 1,5 milyon turist gəlişinə səbəb olmaqla, fayda verir.

Əslində, “Triniti Kollec” nümunəsini göstərməklə vurğulamaq istədiyim məqam da bununla bağlıdır. Dünyanın inkişaf etmiş ölkələri mərhələlərlə, tədricən qurulublar. Bir hakimiyyət dövründə yol infrastrukturu qurulub; digər  hakimiyyət  turistik bölgələri inkişaf etdirib, obyektlər qurub; başqa bir hakimiyyət komandası ordu quruculuğu, kimisi də sosial-humanitar siyasəti, təhsil, səhiyyəyə proqramları   ilə ölkə tarixində iz qoyub, ad qazanıb, ölkəsinin inkişafına qatqı verib. Yekunda inkişaf etmiş, dünyada söz sihibi olan dövlət formalaşıb.    

Azərbaycan  Respublikasının əhatə etdiyi coğrafi  ərazidə isə  tarix boyu mərhələlərlə  gerçəkləşdirilməli olan proqramların reallaşdırılması qısa zaman kəsiyinə, Prezident İlham Əliyevin  hakimiyyəti dövrünə təsadüf edir. Dublin “Triniti Kollec”dən  təsadüfən nümunə göstərmədik: Dublinin paytaxt olduğu  İrlandiya Respublikasının sahəsi  (Şimali İrlandiya başqadır, Böyük Britaniya tərkibindədir) az fərqlə Azərbaycan Respublikasının ərazisi qədərdir  –  70 208,67 km². Əhalisi isə  yarı qədər azdır- 4. 239. 848 nəfər.  Amma İrlandiya Respublikasından fərqli olaraq, Azərbaycan Respublikasının ərazisində yalnızca,  tək başına   1,5 milyon nəfərlik turist cəlb edəcək, həm də bu həcmdə  turisti yerləşdirə  biləcək infrastruktura malik obyekt yoxdur, olmayıb. 100 illər boyunca, mərhələlərlə, tədricən qurulmalı olan ciddi turizm  infrastrukturu ölkəmizdə son illərdə, həm də qısa müddətdə  qurulur.  Prezident İlham Əliyevin təşəbbüsü ilə xüsusi plan icra edilir. Təkcə Quba-Qusar turizm  bölgəsində son 16 il müddətində qurulan turizm infrastrukturu kifayət edər ki, həmən proqramı formalaşdıran və  icra etdirən ölkə rəhbərinin adı tarixə düşsün. Ayrıca götürsək, təkcə Şəki-Qəbələ turizm bölgəsində   son 16 il müddətində qurulan turizm infrastrukturu kifayət edər ki, infrastrukturu qurduran  ölkə rəhbərinin adı tarixdə xatırlansın…

Amma proses təkcə turizm infrastrukturunun qurulması ilə yekunlaşmır. Ölkənin 4 tərəfini paytaxt Bakıyla birləşdirən müasir yolların  tikilməsi, paralel olaraq, beynəlxalq Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin ölkəmiz üzərində kəsişməsinə nail olunması, bu dəhlizlərin fəaliyyətini təmin edəcək yol infrastrukturunun tikilməsi kifayət edir ki, bu proqramı icra etdirmiş prezidentin adı tarixə düşsün, ləyaqətlə yad edilsin. Avropa-Qafqaz-Asiya (TRASECA) nəqliyyat dəhlizi,  Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi artıq istifadəyə verilib, Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə magistral yolların tikintisi layihələri uğurla davam etdirilir. Bunların hər biri ayrı-ayrılıqda bir hakimiyyət dönəmi üçün yadda qalacaq böyük layihələrdirlər.

Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı proqramlarının hazırlanaraq icra edilməsi, rayonların infrastruktur, region əhalisinin  həyat səviyyəsi baxımından paytaxt  standartları səviyyəsinə yüksəldilməsi, iqtisadi infrastrukturun formalaşdırılması  başqa bir kontekstdir. Dünya Bankının  “Doing busines” hesabatına görə,  Azərbaycan biznes mühitinin formalaşdırılması, iqtisadi yüksəlişinə görə dünya ölkələri sırasında  25-ci yerdədir.

İnkişaf reysinə çıxarılmış dövlətin sisial-iqtisadi qüdrətinin artırılması  ilə yanaşı, müdafiə qabiliyyətinin möhkəmləndirilməsi yönündə proseslər də  paralel şəkildə aparılıb. Beynəlxalq reytinq təşkilatları elan ediblər ki, Azərbaycan Ordusu dünya miqyasında öz potensialına görə 52-ci yerdədir. 2016-cı ilin aprelində  Qarabağ cəbhəsində,  2018-ci ildə Naxçıvanda gerçəkləşdirilən əməliyyatlar zamanı Azərbaycanın modern ordusu barədə deyilənlər öz təsdiqini tapdı.  Sadalanan faktlar nəticə çıxarmağa kifayət edir ki, son 16 il ərzində Azərbaycanın müstəqil dövlət quruculuğu nəzəriyyədən praktikaya çevrilmiş, dövlət tam bir mexanizm olaraq formalaşdırılıb. Ümumiləşmə üçün deyək  ki, Azərbaycanda 100 illər boyunca reallaşdırılmalı  olan, amma yalnız xəyallarda mövcud olan proqramlar son 16 il ərzində icra edildi.

Son bir ildə, yəni 2018-ci ilin aprel  prezident seçkisindən  sonar  İlham Əliyevin fəaliyyətində diqqət çəkən tendensiyalar  ortaya çıxıb,  keyfiyyət dəyişiklikləri aparılır.. Əvvəlki dönəmdə  ölkədə dövlət quruculuğuna yönəlmiş proqramlara üstünlük verilirdisə, indi artıq formalaşmış dövlətin öz vətəndaşının həyatında, rifah halında əksi prioritetə çevrilib. Xalqın istək və arzuları önə çəkilir,  bundan irəli gələn vəzifələrin reallaşdırılmasına çalışılır.  Prezident 2018-ci ilin aprel seçkisindən sonra keçirilmiş andiçmə mərasimində bu fəaliyyətin anonsunu vermişdi, indi onu əməli addımlarla həyata keçirir.  İcra edilən proqramlar  çoxşaxəlidir:  kadr islahatlarından tutmuş struktur və məhkəmə islahatlarının aparılmasına,  sosial müavinətlərin artırılmasına qədər  geniş spektri əhatə edir.  Hazırda ölkədə vətəndaş məmnunluğunun təmin edilməsi proqramı reallaşdırılır və buna nail olunur.

İcra edilən proqramın uğurlu alınması ölkə əhalisinin rəyində əksini tapır.  Fransanın “Opinion Way” şirkətinin keçirdiyi rəy sorğusunun nəticələri  xalqın dövlət başçısının siyasətini bəyəndiyini ehtiva edir.

Müşfiq Ələsgərli