“Formula 1”dən Azərbaycanın ilk 50 milyon dollarlıq qazancı gəldi…

5 Mart 2019 17:20 (UTC+04:00)

Nigar Arpadarai: “Müqavilənin uzadılması Azərbaycana yeni gəlir mənbələri əldə etməyə imkan verir”
Pərviz Heydərov: “Adıçəkilən yarışın davamlı şəkildə keçirilməsi sərf olunan vəsaitlərin həcminin azalmasına səbəb olacaq

 

2016-cı ildən etibarən ölkəmizdə məşhur “Formula 1” yarışı keçirilir. “Formula 1” dünya səviyyəsində izlənən, irimiqyaslı idman yarışıdır. Məlumdur ki, adıçəkilən yarış ölkəmizdə 2023-cü ilə qədər uzadılacaq.

“Formula 1” qrupu ilə əməkdaşlıq müqaviləsini 2023-cü ilədək uzatmaqla Azərbaycan 50 milyon dollara qənaət edə bilər. Bu fikri Bakı Şəhər Halqasının nümayəndəsi mediaya açıqlamasında qeyd edib.

Bakı Şəhər Halqası əməliyyat şirkətinin marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Nigar Arpadarai qeyd edib ki, “Formula 1” yarışlarının keçirilməsinin ölkəmizə iqtisadi və sosial faydası yüksəkdir.

N.Arpadarainin sözlərinə görə, müqavilənin uzadılması Azərbaycana yeni gəlir mənbələri əldə etməyə imkan verir, eyni zamanda, bu mənbələrdən, eləcə də sponsorluqdan əldə olunan gəlirlər 50 milyon dollara qənaət etməyə imkan verəcək: “2016-2017-ci illərdə Azərbaycan yarışlardan, ümumilikdə, 277,3 milyon dollar gəlir əldə edib. Bunlardan 164,2 milyon dolları birbaşa gəlirlərdir. Eyni zamanda, 2016-cı ildən bu günədək dolayı gəlirlərin həcmi 14,9 milyon dollar təşkil edib”.

İqtisadçı-ekspert Pərviz Heydərov bizimlə söhbətində bildirdi ki, “Formula 1” yarışının müqaviləsinin 2023-cü ilə qədər uzadılması, qeyd edildiyi kimi, əlavə vəsaitlərin cəlb olunmasına səbəb olacaq: “Nəzərə almaq lazımdır ki, adıçəkilən yarışın davamlı şəkildə keçirilməsi sərf olunan vəsaitlərin həcminin azalmasına səbəb olacaq. Ümumiyyətlə, bu tip tədbirlərin keçirilməsində ilkin xərclər kifayət qədər böyük ola bilər. Ancaq həmin yarışlar ardıcıl xarakter daşıdıqda tələb olunan hazırlıq işləri ilə bağlı vəsait həcmi azaldılır. Bu təbii bir haldır. Bununla yanaşı, həyata keçirilən tədbirlər nəticəsində büdcəyə daxil olan gəlirin həcmi artır”.   

Günel CƏLİLOVA