Tərxan Paşazadə: "Mütəmadi olaraq bir könüllü kimi fəaliyyət göstərirəm"
Eldar Əzimov: "Vikipediya istifadəçilərinin toplandığı "Azərbaycan vikipediyaçıları" istifadəçi qrupu mövcuddur"
Araz Yaquboğlu: "Elə xarici vikilər var ki, Qarabağın işğal olunmuş kənd adlarını..."
Azərbaycan haqqında bütün dünyaya ancaq həqiqətlər çatdırılmalıdır. Tariximiz, dövlətçiliyimiz, mədəniyyətimiz, incəsənətimiz, dinimiz, burada yaşayan xalqlar, onların məişəti, dili, cəmiyyətimizin əhvalı ilə bağlı məlumatlar olduqca həssaslıqla yayılmalıdır.
Müasir Azərbaycan dövləti Cənubi Qafqazda öz gücü, qüdrəti, iqtisadi inkişafı ilə liderdir. Dövlətimiz bu səviyyəyə çatmaq üçün böyük və şərəfli, eyni zamanda da çətin yol keçib. Bu gün Ermənistanla müharibə şəraitində yaşamaq məcburiyyətində qalan, torpaqları işğal olunan Azərbaycan həm də bədnam qonşularımızla informasiya mübarizəsindədir.
Əlbəttə, ermənilərin Azərbaycana, azərbaycanlılara qarşı mövqeyi, təxribatları bütün dünyaya məlumdur. Amma bununla belə, onların bizimlə bağlı yaydığı səhv informasiyalara "dayan" deyən yoxdur. Bəlkə də bu ondan irəli gəlir ki, dünya ermənilərin yaydığı informasiyaya ciddi yanaşmır, amma bununla belə, o informasiyaların qarşısı birmənalı şəkildə alınmalıdır. Təbii, bu məsələdə Azərbaycan tərəfi aktivdir. İnternet resurslarından istifadə edərək erməni təxribatına ən müxtəlif formalarda və ayrı-ayrı xarici dillərdə cavab verir. Sözsüz ki, burada Azərbaycan vikipediyaçılarının rolu danılmazdır.
"Vikipediya"nın Azərbaycan bölməsində hansı işlər görülür?
Bildiyimiz kimi, "Vikipediya" Açıq Ensiklopediyası bütün dünyanı əhatə edir və müxtəlif dillərdə xidmət göstərir. "Vikipediya" Açıq Ensiklopediyasının Azərbaycan dilində variantı da uzun illərdir fəaliyyət göstərir. Azərbaycan vikipediyaçılarının əməyi sayəsində bu sahə inkişaf edir, zəngin, səhih informasiya xidməti göstərir. Bu olduqca müsbət bir işdir.
Onu da qeyd edək ki, "Vikipediya"da Azərbaycan haqqında, onun tarixi, işğal altında olan torpaqlarımız, Qarabağ həqiqətləri, mədəniyyət və incəsənətimiz, iqtisadiyyatımız, sosial həyatımız, idmanımız və s. sahələrdə maraqlı, doğru, faktlar əsasında hazırlanan məlumatlarla yanaşı, həqiqətə uyğun olmayan mətnlər də yerləşdirilir. Təəssüf ki, bəzən bu məlumatlar ana dilimizdə olur və bu da bizdə narahatlıq yaradır. Azərbaycan vikipediyaçıları, təbii ki, bu kimi halların qarşısını almaqda aktivlik göstərir. Ancaq bununla belə, düşmən dəyirmanına su tökən yazılardan xilas ola bilmirik.
Məlumat üçün bildirək ki, Azərbaycan dilində olan "Vikipediya"da 123.203 məqalə var. Qeyd edilənə görə,
2014-cü il mart ayının 25-də Azərbaycan dilində "Vikipediya"da məqalələrin sayı 100 000-i keçmiş və beləliklə, bu layihə "Vikipediya"nın 10 000+ bölməsindən 100 000+ bölməsinə adlayıb.
Onu da vurğulayaq ki, 2004-cü ilin yanvarından az.wikipedia.org ünvanında Azərbaycan dilində "Vikipediya" fəaliyyətə başlayıb. Buna Azərbaycanın açıq online ensiklopediyası kimi də baxmaq olar. Azərbaycan "Vikipediya"sındakı məqalələrin sayı dayanmadan artmaqdadır. Bununla belə, qeyd etmək lazımdır ki, hazırda saytda çoxlu qrammatik və sintaktik səhvlərə, qaralama halında olan məqalələrə rast gəlmək mümkündür. Bu problemi də vikipediyaçılar aradan qaldırmaqdadır.
"Vikipediya"nın Azərbaycan dilində bölməsinin aktiv fəaliyyət göstərməsində əməyi olan insanlar çox olmasa da, yox da deyil. Onlarla bu sahədə göstərdikləri fəaliyyət haqqında danışıb məlumatlar əldə etdik.
Azərbaycan vikipediyaçılarının könüllü həyata keçirdiyi bu iş olduqca faydalıdır.
"Vikipediya Açıq Ensiklopediyası..."
Vikipediyaçı Tərxan Paşazadə bizimlə söhbətində bildirdi ki, Azərbaycan dilində "Vikipediya" 2004-cü ilin yanvarından az.wikipedia.org ünvanında fəaliyyətə başlayıb: "Vikipediya Açıq Ensiklopediyası" 2001-ci ilin 15 yanvar tarixindən internetdə fəaliyyət göstərməyə başlayıb. Azərbaycan dilində "Vikipediya" 2004-cü ilin yanvarından az.wikipedia.org ünvanında fəaliyyət göstərir. İlk dəfə öz adımla 2006-cı ildə qeydiyyatdan keçmişəm. Amma həmin dövrdə internetə çıxış imkanlarım məhdud olduğu üçün, o qədər də aktiv fəaliyyət göstərə bilmədim. 2009-cu ildə "Cekli829" adı ilə yenidən qeydiyyatdan keçdim. Həmin ildən, mütəmadi olaraq, bir könüllü kimi fəaliyyət göstərirəm".
T.Paşazadədən "indiyə qədər təxminən nə qədər informasiya yerləşdirmisiniz" - deyə soruşduqda, cavabı belə oldu: "Bacardığım qədər. Tək Azərbaycan dilində olan "Vikipediya"da 9 mindən çox məqalə yaratmışam. "Wikimedia Commons" layihəsinə isə 13 mindən çox şəkil yükləmişəm və s."
"Etibarlı mənbələrə istinad edirəm"
T.Paşazadənin hansı mənbələrə istinad etməsinə gəlincə, o bildirdi ki, etibarlı mənbələrdən istifadə edərək məqalələr yaradır: "Etibarlı mənbələrə istinad edirəm. İşin çətinliyinə gəlincə, həvəsim olan maraqlı bir işlə məşğul olmaq, təbii ki, çətin deyil".
"Vikipediya"da yerləşdirilən məlumatlar bəzən ziddiyyətli olur, bununla bağlı Tərxan bəy bildirdi ki, əksər hallarda bu ziddiyyət özünü göstərir: "Bəzən yox, hətta deyərdim ki, çox vaxt ziddiyyətli olur. Bu çox normaldır. Çünki "Vikipediya" davamlı inkişaf edən bir layihədir. İnternetə çıxış imkanı olan hər kəsin də bu layihədə fəaliyyət göstərmək imkanları olduğu üçün, müxtəlif insanlar müxtəlif cür töhfələr verir ki, bunun da bir hissəsini dırnaqarası töhfələr təşkil edir. Ona görə də əsl könüllülərin hədəfi ilk növbədə belə problemləri aradan qaldırmaqdır".
Azərbaycan vikipediyaçıları erməni saxtakarlığının qarşısını ala bilirmi?
"Bu gün informasiya müharibəsi aparırıq, bizim məlumatlar bədnam qonşularımızın saxta informasiyalarının qarşısını ala bilirmi?" - sualına T.Paşazadə cavab olaraq bildirdi ki, biz hələ bu sahədə onları üstələyə bilməmişik: "Bu sualın cavabını bir kəlmə ilə ifadə etsək: Xeyr! Sırf "Vikipediya" ilə bağlı məsələlərdə qarşı tərəf çox təcrübəli və operativdir. Kifayət qədər də kadr potensialları var. Mənbəşünaslıq baxımından da geniş imkanlara malikdirlər. Ona görə də düşünürəm ki, hələ bir müddət də onların üstünlüyü davam edəcək. Üstünlüyü əldə etmək üçün çalışmalıyıq, həm də çox çalışmalıyıq. İlk növbədə isə işğal altında olan torpaqlarımızı azad etməliyik".
Azərbaycan vikipediyaçılarının sayına gəlincə, T.Paşazadə qeyd etdi ki, bizdə bu işlə məşğul olanların sayı çox deyil: "Azərbaycanda vikipediyaçıların sayı çox azdır. Doğrudur, Azərbaycan dilində olan "Vikipediya"da 135 mindən çox istifadəçi qeydiyyatdan keçib. Amma son 30 günə baxsaq, cəmi 586 nəfər fəaliyyət göstərib ki, onların da böyük əksəriyyəti heç 10 redaktə etməyib".
Ziddiyyətli məlumatlar necə aradan qaldırılır?
Bəzən "Vikipediya"ya tariximiz, tarixi şəxsiyyətlərimizlə bağlı yanlış, yaxud ziddiyyətli məlumatlar yerləşdirilir. Bu halla mübarizə aparmaq mümkündürmü?
T.Paşazadə bildirdi ki, o məqalələri tapıb redaktə etməklə yanlışlığı düzəltmək olar: "Sadəcə, həmin yanlışları tapıb düzəltməklə bu problemi aradan qaldırmaq olar. Ümumilikdə isə, bu mübarizə "Vikipediya"nın indiki formatında hər zaman davam edəcək. Bu tək Azərbaycanla bağlı məsələlərdə deyil, bütün dünyada belədir".
Bu işdə vikipediyaçılara dəstək verənlərə gəlincə, T.Paşazadə bildirdi ki, dəstək verənlərdən çox, onlara maneə törədənlər var: "Mərdimazarçılıq edənlər daha çoxdur, nəinki dəstək verənlər.
İlk növbədə Azərbaycan dilində, sonra isə əsasən türkcə, qaqauzca və ümumiyyətlə, digər türkdilli bölmələrdə fəaliyyətim var, ingilis və rus dili bölmələrində də bir xeyli məqalə yaratmışam. Ümumilikdə isə, "Vikipediya"nın azı altmışdan çox dil bölməsində minimum 1 məqalə yaratmışam. Dilləri bilməsəm də, texniki bacarıqlara malik olduğum üçün, demək olar ki, bütün dillərdə ən azı başlanğıc səviyyədə məqalə yarada bilirəm".
"Vikipediya"ya nəzarət mümkündürmü?
Bizdə "Vikipediya"ya hər hansı formada nəzarət olunmalıdırmı?
T.Paşazadənin sözlərinə görə, "Vikipediya"ya tam nəzarət mümkünsüzdür. Onu ölkə ərazisində bloklamaq mümkün ola bilər, amma ona tam nəzarət etmək mümkün deyil. "Vikipediya"ya ən yaxşı nəzarəti vikicəmiyyət özü vikiqaydalar çərçivəsində edə bilər ki, bizdə hələ belə bir icma tam formalaşmayıb. İcmanı formalaşdırmaq məsələsinə gəlincə, deyərdim ki, ilk növbədə sağlam piar aparmaq lazımdır. Mövcud istifadəçilərə təzyiq edib onları "Vikipediya"dan uzaqlaşdırmağa cəhd göstərmək, "Vikipediya" haqqında mənfi rəy yaratmaq və s. bu kimi amillər vikicəmiyyətin formalaşmasına mənfi təsir göstərir, onun inkişafını ləngidir".
"Ciddi fəaliyyətim isə 2014-cü ildən başlayıb"
Fəal "Vikipediya" istifadəçisi, burada aktiv fəaliyyət göstərən Eldar Əzimovla da mövzu ilə bağlı əlaqə saxladıq.
E.Əzimov bildirdi ki, ilk dəfə qeydiyyatdan 2011-ci ildə keçib, lakin burada fəaliyyəti qısa olub: "O vaxt bu mənə çox da maraqlı gəlmədi. Ciddi fəaliyyətim isə 2014-cü ildən başlayıb. İndiyə qədər təxminən 150 məqalə, 40 şablon yaratmışam. Yaratdığım məqalələrin 40-ı Amerika basketbolu ilə bağlı, qalanları isə müxtəlif (tarix, incəsənət, güncəl olaylar) mövzulardadır. Bununla yanaşı, yüzlərlə məqalədə dəyişikliklər edib zənginləşdirmişəm. Mən də bu işə könüllü qoşulmuşam, könüllü fəaliyyət göstərirəm".
"Bu kimi hallarla qarşılaşdıqda dərhal istinadlar göstərərək düzəlişlər edirəm"
Ermənilərlə mübarizədə nə işlər gördüyünə gəlincə, E.Əzimov bildirdi ki, mümkün qədər onların çaşdırıcı informasiyalarının qarşısını alır: "Azvikidə bu kimi hallarla qarşılaşdıqda dərhal istinadlar göstərərək düzəlişlər edirəm. Envikiyə isə çox zaman ayıra bilmədiyim üçün orada bu mövzulara hələ ki, qarışa bilmirəm. Azərbaycanda vikipediyaçıların birliyinin, icmasının yaradılmasına gəlincə, deyim ki, bizim əlaqəmiz var. Hətta bizim "Vikipediya" istifadəçilərinin toplandığı "Azərbaycan vikipediaçıları" istifadəçi qrupu mövcuddur. Bu qrup vasitəsilə ən azı ayda bir dəfə görüşlər keçirilir, "Vikipediya"da keçirilən mövzulu ayların qalibləri mükafatlandırılır və "Vikipediya"nın hazırkı vəziyyəti, mövcud problemlər müzakirə olunur".
Hazırda bu sahədə gördüyü işlərə gəlincə, E.Əzimov bildirdi ki, indi azvikidə olmayan məqalələri Azərbaycan dilinə tərcümə etməklə məşğuldur: "Təbii, boş zaman tapdıqca, bu işlə məşğul oluram"
"7 ildə 6 min yeni məqalə yaratmışam"
"Laçın yurdu" jurnalında baş redaktorun müavini, "Vikipediya" istifadəçisi Araz Yaquboğlu 7 ildir bu sahədə fəaliyyət göstərir: "2010-cu ilin aprelindən "Vikipediya"da istifadəçi kimi fəaliyyətə başlamışam. 2013-cü ilin avqustundan isə həm də idarəçiyəm. 7 ildə 6 min yeni məqalə yaratmışam".
Araz bəyin əsasən hansı mənbələrə istinad etdiyinə gəlincə, o bildirdi ki, əsas fəaliyyəti tarixi Azərbaycan əraziləri olan Qərbi Azərbaycandakı kəndlərimizlə bağlıdır: "Eləcə də o yerlərin şəxsiyyətləri haqqında məqalələr hazırlayıram. Təkcə Qərbi Azərbaycandakı toponimlər haqqında yaratdığım səhifələr 1000-dən çoxdur. Mənbə məsələsi ağrılı yerimizdir. Belə ki, Azərbaycan dilində mənbələrdən istifadə edə bilmək imkanlarımız məhduddur. Kitabların, jurnalların, qəzetlərin və digər informasiya vasitələrinin canlı linkləri internetdə yox dərəcəsindədir. Azərbaycanda elektronlaşdırılan bəzi kitablar isə geniş auditoriyaya açıq deyil. Onlardan yalnız kitabxanaların daxilində istifadə etmək mümkündür. Mənbələrin əldə olunması, onu araşdırmaq, istifadə etmək çox vaxt tələb edir.
Artıq bu fəaliyyətimiz "Vikipediya" xəstəliyinə düçar edib bizi. Bəli, hər gün işim axşam 6-da bitir. İşin qapısını bağlayıb içəridə 4 saat əlavə tam viki ilə məşğul oluram".
Bu gün informasiya müharibəsi aparırıq, bizim məlumatlar bədnam qonşularımızın saxta informasiyalarının qarşısını ala bilirmi? - sualına A.Yaquboğlunun cavabı belə oldu: "Təəssüf ki, o qədər də ala bilmir. Bizim haqq sözümüzə, yazımıza inan az, onların isə yalan məlumatına inanan çoxdur.
Elə xarici vikilər var ki, Qarabağın işğal olunmuş kənd adlarını ermənilərin adlandırdıqları qondarma adlarla yayımlayırlar. Onlar vikidən daha səmərəli istifadə edirlər. Təkcə ermənicə yox, həm də rusca, ingiliscə, fransızca vikilərində işlərini görürlər. Bizdə isə hamı deyir ki, filan məqalə vikidə yoxdur. Amma demir ki, yoxdur özüm yaradım.
Bizdə pis bir tendensiya da var, nəsə iş görürsənsə, onun müqabilində qazancın olmalıdır. Bəzilərimiz düşünürük ki, niyə iş görürəmsə, pul qazanmıram. Ona görə də bu vəziyyətdəyik. Bizi gördüyümüz işə görə ağılsız adlandıranlar da var".
Kadr bazasını necə formalaşdırmaq olar? Təklifləriniz varmı? - sualıma cavabı belə oldu: "Azərbaycanda çətin məsələdir. Buna dəfələrlə cəhd olunub. Son illər istifadəçi artımı var. ümidlər böyükdür. İnşallah, yaxşı olar. Tələbələri cəlb etmək yaxşı haldır. Hələ ki, alınmır, söz verirlər, amma işləmirlər" - deyə cavab verdi.
İradə SARIYEVA