Son illər ölkədə taksi fəaliyyəti ilə bağlı yaranmış problemlərin həm sürücüləri, həm də sərnişinləri narahat etməsi barədə sosial mediada bir çox narazılıqlara rast gəlinir. Taksi sürücüləri aqreqatorlardan və ağır iş şəraitindən, sərnişinlər kobud sürücülərdən, vətəndaşlar isə nəzarətsiz və ehtiyacdan çox taksilərin paytaxt küçələrində yaratdığı uzun tıxaclar, eyni zamanda xaosdan şikayətlənir.
Sadalanan problemlərdən çıxış yolu kimi müxtəlif versiyalar səslənsə də, vəziyyət dəyişməz olaraq qalır. Problemin həlli ilə bağlı qanunvericiliyə dəyişikliklər və yeniliklər edilməsi də səslənən versiyalar arasındadır.
- “Ona görə də taksi fəaliyyəti ciddi şəkildə qanunvericiliklə tənzimlənməlidir”
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynli mətbuata açıqlamasında mövcud problemin əsas səbəblərini açıqlayıb.
Onun sözlərinə görə, bu problemlərin əsas səbəbi taksi fəaliyyətinin hüquqi tənzimində və taksi fəaliyyətinə dövlət nəzarətində çox ciddi problemlərin olmasıdır. Ekspert ölkədə taksi ilə sərnişindaşımada böyük bir xaosun, eyni zamanda qanundankənar vəziyyətin mövcud olduğunu söyləyib: "Nə qədər qəribə olsa da, bu, ilk növbədə taksi sürücülərini narahat edir. Çünki onlar gün ərzində 12-14 saat işləyir, yuxusuz və yorğun olduqları üçün qəzalar törədirlər. Həmçinin demək olar ki, həmin nəqliyyat vasitələrini idarə edənlərin çoxunda sürücü hazırlığı yoxdur. Tıxacların yaranma səbəblərindən biri də məhz bu haldır".
Vəziyyətdən çıxış yolu olaraq Ə.Hüseynov əlavə edib ki, birinci növbədə qanunvericiliyi təkmilləşdirmək lazımdır: “Qanunvericilikdə taksi aqreqatorlarının statusu, onların taksi sürücüləri ilə qarşılıqlı münasibətləri, öhdəlikləri dəqiq müəyyən olunmalıdır. Sürücülərin hansı tələblərə cavab verməli olduğu, eyni zamanda avtomobilin necə olması ilə bağlı məsələlər də öz həllini tapmalıdır. Sürücülərin iş və istirahət müddəti də dəqiq təyin edilməlidir. Qaydalar müəyyən edildikdən sonra onu pozan aqreqatorlar ciddi sürətdə nəzarətə götürülməli və onlar barəsində sanksiyalar tətbiq olunmalıdır”.
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən ekspert Rəsul Cahangirli hesab edir ki, taksi fəaliyyətinin qanunvericilik səviyyəsində tənzimlənməsinə ciddi ehtiyac var: “Həqiqətən də bu sahədə ciddi problemlər var. Yerindən duran taksi sürücüsü olaraq fəaliyyət göstərir. Burada çoxşaxəli problemlər mövcuddur. Sərnişinlərlə kobud rəftar edirlər, qadın sərnişinlərə əxlaqsız təkliflər edirlər, sürət həddinə riayət olunmur və s. Dəfələrlə buna bənzər hallarla bağlı xəbərləri mətbuatdan oxuyuruq. Taksi fəaliyyəti ilə məşğul olan şirkətlər pul yığmaqdan ötrü ağına-bozuna baxmadan kimi gəldi işə götürürlər. Baxmırlar ki, bunun sürücülük təcrübəsi, bacarığı var, yoxsa yoxdu. Sərnişinlərlə davranış mədəniyyəti nə yerdədir. Gündəlik elə bir plan qoyurlar ki, sürücü bilmir planı ödəsin, yoxsa özünə pul qazansın. Nəticədə bu, sürücülərin fasiləsiz işləməsinə gətirib çıxarır ki, bu da qəzaların sayının artmasına səbəb olur. Ona görə də taksi fəaliyyəti ciddi şəkildə qanunvericiliklə tənzimlənməlidir. Ölkədə, xüsusəndə Bakıda müşahidə olunan bu xaosa son qoyulmalıdır. Bu məsələdə birinci növbədə qanunvericiliyi təkmilləşdirmək lazımdır. Tələblərə, qaydalara tam cavab verən şirkətlər bu işlə məşğul olmalıdır. Orada işləyənlərin hüquqları əmək qanunvericiliyinə uyğun olaraq qorunmalıdır. Necə ki, “Bakubus” MMC-də çalışan sürücülərin fəaliyyəti nizamlı olaraq tənzimlənir, eyni ilə taksi şirkətlərində də iş belə təşkil olunmalıdır. Bu da ciddi nəzarət sayəyəsində mümkündür. Ona görə də hansı taksi şirkəti müvafiq tələblərə cavab verirsə, onlara bu fəaliyyətlə məşğul olmağa icazə verilməlidir. Tələblərə uyğun olmayanlar kənarlaşdırılmalıdır. Yalnız o halda bu sahədə mövcud olan özbaşınalıqlara son qoymaq olar”.
Vidadi ORDAHALLI