Avrasiya müstəvisində ərazi bütövlüyünün təsdiqi Bakı-İrəvan sülh perspektivinə necə təsir etdi...

26 May 2023 21:05 (UTC+04:00)

Xəbər verildiyi kimi, mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilib. Prezident İlham Əliyev tədbirdə qonaq qismində iştirak edib.

Sözügedən tədbirdə Azərbaycanın ərazi bütövlüyü məsələsi birinci dəfə səsləndi. Prezident İlham Əliyev tədbirdə çıxışında qeyd etdi ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınmasına ciddi imkanlar var. Rusiya prezidenti Vladimir Putin iclasda Ermənistanın baş naziri Nikol Paşinyanın “Laçın dəhlizi” ilə bağlı kəkələməsinə cavab olaraq qeyd etdi ki, ərazi bütövlüyü məsələsində razılaşma daha vacibdir: “Ərazi bütövlüyü məsələsində prinsipial razılaşmanın olması daha vacibdir. Bu razılaşma prinsipial xarakterlidir. Bu, digər, hər halda ikinci dərəcəli məsələlər üzrə razılığa gəlmək üçün həqiqətən bazadır”.

Ümumilikdə, sözügedən tədbirdə ərazi bütövlüyü məsələsinin razılaşdırılması, orada səslənməsi Azərbaycanla Ermənistan arasında sülh sazişinin ən yaxınlarda imzalanma perspektivinə necə təsir göstərir? Çox qısa bir müddətdə tərəflər arasında sülh sazişi imzalana bilərmi? Bir sözlə, ərazi bütövlüyü məsələsi nə dərəcədə sülh sazişini asanlaşdırır?

Məsələ ilə bağlı “Bakı-Xəbər”ə  açıqlama verən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin fikrincə, sözügedən tədbirdə ərazi bütövlüyünün bəyan olunması yaxın perspektivdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması perspektivini artırır: “Ərazi bütövlüyünün tanınması məsələsi bütövlükdə sülh sazişinin imzalanmasına kifayət qədər müsbət təsir göstəritr. Çünki indiyə qədər Ermənistanın bununla bağlı aydın mövqeyi yox idi. İllər əvvəl deyirdilər ki, Azərbaycanın ərazi bütövlüyünü Qarabağsız tanıyırıq və s. Ancaq 44 günlük Vətən savaşında Azərbaycan ordusunun şanlı qələbəsi bu reallığı kökündən dəyişdi. Ermənistanın baş naziri Nikol Paşinyan rəsmən bəyan etdi ki, Azərbaycanın 86,6 min kvaadrat kilometrlik ərazisini tanıyırıq. Ona görə də bu, olduqca prinsipial bir dönüş idi. O üzdən, bu, imzalanacaq sülh müqaviləsində olduqca əhəmiyyətli rola malikdir. Üstəlik, Ermənistana kifayət qədər böyük təsir imkanına malik olan Rusiyanın da bunu etiraf etməsi önəmli yenilikdir. Çünki bu vaxta qədər Rusiyanın sözügedən məsələdə aydın mövqeyi yox idi. Məlum tədbir Rusiyanın mövqeyinin aydınlaşması baxımından mühüm rol oynadı. Ermənistan gördü ki, bütün dünya Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edir. Paşinyan çıxışlarının birində qeyd etdi ki, heç bir dünya dövləti Qarabağı Azərbaycandan ayrı təsəvvür etmir. Bu etiraf ona işarə idi ki, Ermənistan bu reallığı qəbul etsin. Addım-addım sülh sazişinə yaxınlaşırıq və bu, qaçılmaz bir reallıqdır. O üzdən, ümidvaram ki, bir neçə ay ərzində proses yekunlaşa bilər. Bu baxımdan ərazi bütövlüyünün tanınması strateji əhəmiyyət kəsb edir”.

Vidadi ORDAHALLI