Xətaidəki 204 saylı məktəbdə möhtəşəm tədbir - Nəsillərə örnək qəhrəmanlıq nümunəsi... - FOTO

26 May 2023 17:33 (UTC+04:00)

Yerin ən müqəddəs, yerin ən əziz,
Hünərdə qoymusan silinməz bir iz,
Salam olsun sənə şəhid Mübariz,
Növbəsin gözləyən mübarizlərdən...  

Xətai rayonu, Ələkbər Əliyev adına 204 nömrəli tam orta məktəbdə şəhid Mübariz İbrahimovun doğum günü münasibətilə tədbir keçirildi. Tədbir Dövlət himninin səslənməsi ilə başladı.

Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirin təşkilatçısı, məktəbin informatika müəllimi, 5”ç” sinfin rəhbəri Qiyafət Fərruxova iştirakçıları salamlayaraq Azərbaycan xalqının böyük oğlu Mübariz İbrahimovun şərəfinə hazırlanmış ədəbi bədii tədbiri açıq elan edərək bildirdi ki, "Gənclərə örnək" rubrikasının budəfəki qəhrəmanı böyükdən kiçiyə hamımızın tanıdığı, sevdiyi Mübariz İbrahimovdur. Qiyafət xanım qeyd etdi ki, 1988-ci il, fevral ayının 7-də doğulan Mübariz Qarabağ müharibəsi ilə həmyaşıd idi. Qəhrəmanlıq ənənələri ruhunda böyüyən Mübariz orta təhsilini şəhid Malik Piriyev adına Əliabad kənd orta məktəbində alıb. 2006-cı ilin yazında həqiqi hərbi xidmətə çağırılan gənc Mübariz Daxili Qoşunların “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı bölüyündə atıcı əsgər olub, həqiqi hərbi xidmətini çavuş rütbəsində başa vurub. 2009-cu ildə yenidən, bu dəfə gizir kimi orduda xidmətə başlayıb. Çox keçmədən öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birinə xidmətə göndərilib. “Mən yolumu seçmişəm. Düşməndən ürəyimcə qisas almasam, elə bilərəm ki, Allahım da, valideynlərim də məni bağışlamaz. Vətənin azadlığı üçün qurban lazımdırsa, biri mən...” - deyib. Bu sətirlər isə Mübarizin evə yazdığı son məktubundandır: 

“Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim... Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”. Elə ən böyük amalı uğrunda da canından çox sevdiyi vətəninə fəda etdi özünü - Şəhidlik zirvəsinə ucaltdı. O Mübariz İbrahimov ki, tək canıyla onlarla erməni əsgər və zabitini məhv etdi.

Mübariz İbrahimovun adını daşıyan 5ç sinfinin şagirdləri əllərində qərənfillərlə hazırladıqları kompazisiyanı tədbir iştirakçılarına təqdim etdilər. Nuray Məmmədli çıxış edərək bildirdi ki, Mübariz yaşasaydı, 35 yaşı olacaqdı. Bütün gənclər kimi onun da arzuları vardı. Amma digərlərindən fərqli olaraq yuva qurmaq, övlad sahibi olmaq deyil, işğal altında olan torpaqlarımıza bayraq sancmaq idi onun ən böyük arzusu... Rza  davam edərək bildirdi ki, uşaqlıqdan zəhmətkeş, fədakar olması ilə yaşıdlarından seçilib. Üç övladın sonbeşiyi olan Mübariz Biləsuvar rayonu Əliabad kəndində zəhmət və halallığı özünə həyat yolu seçmiş  bir ailədə dünyaya göz açıb. Uşaq vaxtı valideynləri onu və digər qardaşlarını nənəsinin yanında qoyub tarlaya, sahəyə işləməyə gedərdilər. Anası uşaqlara möhkəm-möhkəm tapşırarmış ki, sakit dursunlar, nənələrini incitməsinlər. Heç vaxt özünə söz dedizdirməyi xoşlamayan Mübariz özünü elə apararmış ki, kimsə onun üstünə nə qışqırsın, nə də "güldən ağır" söz desin. Bir də balacalıqdan kiminsə onunla hökmlə danışmasını qəbul etməzmiş. Amma xoşluqla deyilən bir sözü də iki etməzmiş. Sadiq bildirdi ki, məhz bu xasiyyətinə görə valideynləri onunla həmişə xoş davranardı. Bir az böyüyəndən sonra isə Mübariz də digər qardaşlarına qoşulub qoyun-quzu otarmağa gedər, həyət-baca işlərində valideynlərinə əl tutar, ot biçərdi. Nuray Kərimli isə qeyd etdi ki, birinci sinfə elə öz kəndlərindəki şəhid M.Piriyev adına orta məktəbdə gedib. Altıncı sinfə qədər dərslərini yaxşı oxusa da, sonradan oxumağa marağı azalıb. Olduqca utancaq olan Mübariz məktəbdə həm də öz tərbiyəsi, əxlaqı ilə seçilirmiş. Raul əlavə etdi ki, özünə qapalı, qaraqabaq olan qəhrəmanımız heç kimlə deyib-gülməzmiş. Əsas marağı dini kitablar oxumaq olub. Bundan başqa, döyüş filmlərini, Van Dammın, Silvester Stallonenin filmlərini xoşlayıb. Həm də sevdiyi filmlərin qəhrəmanlarına bənzəməyə çalışıb. İnci qeyd etdi ki, Mübariz böyüyüb, həyatı dərk edəndən sonra telekanallarda Xocalı faciəsi, qız-gəlinlərimizin erməni əsirliyində olması ilə bağlı verilişlərə baxarkən özünə yer tapmaz, yumruğu düyünlənərmiş. Uşaqlıqdan idmanla məşğul olan qəhrəmanımızın dərslərində zəifləyəndən sonra idmana marağı daha da artıb. Onur söhbəti davam etdirərək bildirdi ki, 2005-ci ildə orta məktəbi bitirib hərbi xidmətə yollanır. Bakıdakı "N" saylı hərbi hissədə vətənə qulluq edir. Ermənilərlə sərhəd ərazilərə deyil, Bakıya düşməsi onu açmır. Buna görə atasına zəng edib, onu Bakıya hansısa yolla saldırdıqlarını öyrənsə, onları bağışlamayacağını bildirib. Xidmət etdiyi bir il altı ay ərzində çavuş rütbəsinə qədər yüksəlir. Qumru əlavə etdi ki, hərbi xidmətdəykən Mübariz iki dəfə məzuniyyətə gəlir. Biri qanuni məzuniyyəti olur, digər məzuniyyət isə xidmətdə fərqləndiyinə görə verilir. Hərbi xidmətini başa vurduqdan sonra evlərinə qayıdan qəhrəmanımız keçmiş komandirinin vasitəçiliyi ilə yenidən Bakıya dönür. Bu dəfə banklardan birində mühafizəçi işləmək istəyir. Məhsim isə onun həyatının digər məqamlarına nəzər saldı. Bir ilə yaxın mühafizəçi kimi çalışan Mübariz sonra öz ərizəsi ilə işdən çıxaraq evə qayıdır. Ata-anasına gizir olmaq istədiyini bildirir. Valideynlərinin rzasını ala bilmədiyindən fikrindən dönür. Ərizə yazıb çıxdığı işinə yenidən qayıtmağı özünə ar bilən qəhrəmanımız bir müddət tikintidə fəhlə, idman zallarının birində məşqçi kimi çalışır. Sonra digər şagirdlərdən Mədinə, Səbinə, Məsuməxanım, Asif, Adnan, Rəsul, Zeynəb, Kamran, Zeynəbxanım, Yusif, Ayan, Məhsim, Şahnaz, Fərid, Əsnad, Ə.Fidan, Ş.Fidan, Asif, Kamran, Əli M.İbrahimov haqda xatirələrdən soz açdılar. Şagirdlər əllərindəki qərənfilləri M.İbrahimovun həyat və yaradıcılığından bəhs edən guşənin qarşısına qoydular.

9”d “sinfinin şagirdi Fərid Fərruxlu isə tarda “Bayatı- şiraz” muğamını ifa etdi. Sonda Dəniz M.İbrahimova həsr olunmuş şeiri səsləndirdi. Məktəbin şagirdləri Tofiq, Qurban, Aysu, Q.Aysu, Polad, Rza, Süleyman, Ələkbər, Amin, Aygül, Zahid, Həbib, Nicat, Fərid isə döyüş yolu  səhnəciyini iştirakçılara təqdim etdilər. Rəsul “Zəfər marşını”, Aysu “Azərbaycan”, mahnısını ifa etdilər. 5 “ç” sinfinin  hazırladıqları təqdimat da ekranda  göstərildi. İşğal altında qalan torpaqlarımızın sonradan Ali Baş Komandanın rəhbərliyi altında müzəffər  ordumuzun qəhrəmanlığı sayəsində  işğaldan azad olunmasından bəhs edən  videoçarx da iştirakçılar tərəfindən alqışlarla qarşılandı. Tədbirin sonunda məktəbin direktoru Rəfael Mehdiyev çıxış edərək ürək sözlərini dedi: ”Əziz şagirdlər, tədbir iştirakçıları, ilk milli qəhrəmanımız Mübariz İbrahimovu möhtəşəm şəkildə canlandırdınız. Siz M.İbrahimovun həyat və düyüş yolu  haqqında çox geniş, əhatəli çixişlar etdiniz. Beşinci siniflər Mübarizin Vətən sevgisindən bəhs etdilər. Siz yeniyetmələr, bu qəhrəman haqda çox eşitmisiniz. Onun kim olduğunu, düşmənə necə qan uddurduğunu, çoxsaylı düşmən ordusunu məhv etdiyini bilirsiniz. O, təkbaşına apardığı döyüşlərdə düşmənin gözünün odunu alıb. O dövrdən başlayaraq bizdə artıq minlərlə Mübariz İbrahimovlar yetişməyə başladı. Şagirdlərimiz bilsinlər ki, həmin örnəkdən nümunə götürən  minlərlə mərd, vətənpərvər  gənclərimiz düşmənə qələbə çaldılar, torpaqlarımızı erməni faşistlərindən azad etdilər. Bu gün igid oğlumuz, canlı şahidimiz Fuad Qəhrəmanov da bu tədbirdə iştirak edir. Fuad 44 günlük müharibədə iştirak edərək qəhrəmanlıqlar göstərib. Biz onların qarşısında baş əyirik. Tədbirin təşkilatçıları Qiyafət xanım Fərruxovaya və Nigar xanım Quliyevaya belə yüksək səviyyədə tədbir hazırladıqlarına  görə təşəkkür edirik. Fərqlənən şagirdlərin fəxri diplomlarla təltıf edilməsindən sonra söz Qarabağ veteranı Fuad Qəhrəmanova verildi. O, tədbirin təşkilatçıları Qiyafət xanım Fərruxovaya və Nigar xanım Quliyevaya belə yüksək səviyyədə tədbir hazırladıqlarına görə təşəkkürünü bidirdi:”Əziz uşaqlar, çıxışlarınızı heyranlıqla dinlədik, qeyd elədiniz ki, böyüyəndə şəhidlərimizin qisasını alacaqsınız. Əziz gənc dostlarım, qardaşlarım, nə qədər ki, siz- biz, xalqımız varıq öz qisasımızı almişıq və alacayıq. Biz öz möhtəşəm gücümüzü, dəmir yumruğumuzu düşmənə göstərdik. Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər. Təsəllimiz həm də odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı”. Tədbirin təşkilatçısı Qiyafət Fərruxova bütün qonaqlara və iştirakçılara gəldiklərinə və səmimi çıxışlarına görə öz minnətdarlığını bildirdi. "Əziz iştirakçılar, belə tədbirləri qeyd etmək hər birimizin borcudur. Biz Mübarizi və onun kimi şəhidlərimizi unutmamalıyıq. Onlar hər an qəlbimizdədi. Əziz uşaqlar, bu tədbirdə hər biriniz ifalarınızla, çıxışlarınızla  bir daha sübüt elədiz ki, şəxsinizdə Mübariz kimi vətənpərvərlər yaşadırsınız. Ürəkdən etdiyiniz çıxışlarınız hər birimizi sevindirdi, bizı kövrəltdi. Elə insanlar var ki, qısa bir ömür yaşayır, lakin unudulmaz əməlləri ilə əbədiyyətə qovuşur. Özündən sonrakı nəsillərə örnək olur, vətəni, torpağı, milləti bütün insanlara sevdirməyi öyrədir. Bir anın içərisində ən böyük qəhrəmana çevrilir, insanlığa örnək olur. Yaşadığı torpağa, ailəyə, el-obaya şərəf gətirir, adı gələndə hamı baş əyir. Mübariz İbrahimov, Polad Həşimov, İlqar Mirzəyev, Anar Novruzov, Namiq Əhmədov, Rəşad Mahmudov, Yaşar Babayev, İlqar Zeynalllı, Vüqar Sadıqov, Elşad Məmmədov, Elçin Mustafazadə, Xəyyam Daşdəmirov, Nazim İsmayılov və digər Şəhidlərimiz  məhz bir anda vətənin azadlığı uğrunda mübarizədə xalqının, millətinin dillər əzbəri oldular. Bir anda millətinin Qəhrəmanına çevrildilər. Şəhidlik zirvəsinə ucalmaqla ölümsüzləşdilər. Vətən uğrunda mübarizə aparmış belə öyünüləsi, fəxr ediləsi qəhrəmanlarımız minlərlədir. Hər birinin döyüş yolu bir əfsanə, bir dastan, bir tarixdir. Onlar bilirdilər ki, arxada Vətən-Azərbaycan yaşayır. Onlar sizin üçün, siz əla qiymətlərlə oxuyub Vətənə layiqli övladlar kimi yetişəsiniz deyə canlarını fəda etdilər. Yaşasın Azərbaycan, Qarababağ Azərbaycandır!

Fərid Fərruxlu
Bakı şəhər 204 nömrəli tam orta məktəbin əlaçı şagirdi