İdxal inflyasiyası bahalaşmanın əsas səbəbidir...

26 May 2023 19:29 (UTC+04:00)

Aparılan hesablamalar göstərir ki, cari ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 17 milyard 883 milyon dollar dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,7 faiz çoxdur.

4 aylıq xarici ticarət dövriyyəsinin 12 milyard 585 milyon dolları ixracın, 5 milyard 298 milyon dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 6,45 faiz, idxal isə 31,1 faiz artıb. Son nəticədə xarici ticarətdə 7 milyard 287 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 6,4 faiz  azdır. Beləliklə, rəqəmlərdən görünür ki, Azərbaycanın xarici ticarətində yenə böyük həcmdə müsbət saldo var. Lakin bu həcmdə ötən ilin analoji dövrü ilə müqayisədə müəyyən azalma da qeydə alınır. Əsas səbəb idxalın artmasıdır. Bu arada diqqət çəkən daha bir məqam odur ki, Hesablama Palatası ötən ilin dövlət büdcəsinin icrasına dair rəyini açıqlayıb. Rəydə diqqət çəkən bilgilər arasında büdcə gəlirlərinin necə formalaşmasına da yer verilib. 2022-ci ildə dövlət büdcəsinin toplam gəliri 30 milyard 680 milyon manat olub. Büdcənin yarısı neft-qaz, digər yarısı isə neftdənkənar sektor hesabına təmin edilib. Neftdənkənar sahələrdən büdcə gəlirlərinin 5 milyard 655 milyon manatlıq bölümünü Dövlət Gömrük Komitəsi toplayıb. Gömrük qurumları xətti ilə əldə edilən gəlir proqnozdan 1 milyard manat və ya 22.8 faiz yüksək olub. Hökumətin proqnozdan çox gömrük rüsumu yığmasının səbəblərindən biri ötən il məhz idxalın artmasıdır. Belə rüsumlar, əsasən, ölkəyə gətirilən məhsullara tətbiq edilir. Bu üzdən, idxalın artması toplanan rüsumların da həcmini artırır. Dövlət Gömrük Komitəsinin açıqlamasına görə, ötən il Azərbaycanın toplam idxalı 14 milyard 540 milyon dollar dəyərində olub. 2021-ci ildə bu rəqəm 11 milyard 706 milyon dollar idi. Deməli, ötən il Azərbaycanın idxalı təxminən 3 milyard dollar yüksəlib. Hesablama Palatasının rəyində qeyd edilir ki, idxal rüsumuna cəlb olunan idxalın artması və ƏDV-dən azadolmaların idxalda xüsusi çəkisinin azalması kimi amillər də gömrük yığımlarının proqnozları aşmasına yol açıb. Yığımları artıran başqa önəmli amil də inflyasiyadır. Ötən il, “Azadlıq” radiosunun məlumatına əsasən, ölkəyə gətirilən məhsullar 20 faizdən çox bahalaşıb. Rəsmi rəqəmlərdən aydın olur ki, Dövlət Gömrük Komitəsinin il ərzində topladığı vəsaitin 17 faizi - təxminən 961 milyon manatı məhz inflyasiyanın artmasından formalaşıb. Beləliklə, idxal edilən məhsullardakı qiymət artımları büdcəyə təxminən 1 milyard manat gəlir qazandırıb. Hesablama Palatası 2021-ci il dövlət büdcəsinin icrası barədə rəyində bildirmişdi ki, həmin il gömrük qurumları yığımlarının 15 faizi inflyasiya hesabına formalaşıb. Beləliklə, ötən il inflyasiya üzündən formalaşan gəlirlərin gömrük qurumlarının toplam gəlirlərindəki payı bir qədər də yüksəlib. Həmin vaxt inflyasiya hesabına formalaşan gömrük yığımlarının həcmi təxminən 650 milyon manat idi.

İnflyasiya hesabına proqnozdan bu qədər çox gömrük ödənişlərinin yığılması daha bir məqama diqqət çəkir. Məsələ burasındadır ki,  hökumətlərin qiymət artımları ilə mübarizədə faydalandığı ən vacib alətlərdən biri gömrük rüsumlarıdır. Qiymət artımlarının yüksək olduğu bir ortamda gömrük ödənişlərini azaldılaraq və ya sıfırlayaraq həmin məhsulların qiymətinə təsir göstərmək olar. Lakin indiki halda buna gedilməsi idxalı daha da artırmaq iqtidarındadır. Bu səbəbdən hesab edilir ki, idxalın kəskin artımını önləmək üçün hpkumət hələlik rüsumları azaltmır. Belə vəziyyətdə 1 milyard manat məbləğində əlavə gömrük ödənişinin toplanması göstərir ki, hökumət proqnozdan əlavə vəsait hesabına sosial ödənişləri artırmaqla da inflyasiyanın əhaliyə təsirini azaltmağa daha çox diqqət edir. Hesablamalar göstərir ki, Azərbaycanda idxal inflyasiyası yenə yüksək həddə qalmaqda davam edir. Ötən il təkcə yeyinti məhsullarının idxalına 2 milyard 363 milyon dollar xərclənib və ölkənin toplam idxalının 16 faizindən çoxu yalnız yeyinti məhsulları ilə bağlı olub. Həmin məhsulların idxalı 22.4 faiz çoxalıb ki, bunun da başlıca səbəbi elə qiymət artımlarıdır. Ötən il ölkədə sırf qida məhsulları 20 faiz bahalaşıb. Hesablama Palatasının açıqladığı göstəricilər arasında daha bir məqam diqqət çəkir. Söhbət gömrük yığımlarının toplam idxala nisbətindən gedir. Ötən il toplam idxal 24 milyard 718 manat olub. Bu idxal üçün toplam 5 milyard 565 milyon manat gömrük ödənişləri toplanıb. Deməli, gömrük ödənişlərinin toplam idxala nisbəti 22.9 faiz olub. Bu, 2021-ci illə müqayisədə 1.1 faiz bəndi daha yüksək göstərici deməkdir. Sırf idxal rüsumuna cəlb edilən məhsullara gəlincə, ötən il idxal rüsumuna cəlb edilən hər min manatlıq mallara görə büdcəyə, orta hesabla, 131 manat 63 qəpik daxil olub. Onu da qeyd edək ki, Bu ilin yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 2 milyard 46,681 milyon manat təşkil edib.Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,7 faiz çoxdur. Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 21 faiz artaraq 496,589 milyon manat, əlavə dəyər vergisi üzrə daxilolmalar 25,2 faiz artaraq 1 milyard 470,764 milyon manat, aksizlər üzrə daxilolmalar 56,3 faiz artaraq 62,297 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 1,5 faiz artaraq 17,03 milyon manat olub.

Ramil QULİYEV