Uğurlu inteqrasiya siyasəti Azərbaycanın inkişafını daha dinamik hala gətirir

26 May 2023 19:16 (UTC+04:00)

Müasir dünyada  dövlətlərin dünya birliyinə inteqrasiyası onların sonrakı inkişafını şərtləndirən əsas faktorlardan biri hesab edilir.

Çünki ayrı-ayrılıqda inkişaf qeyri-mümkündür və tərəqqi üçün uğurlu qarşılıqlı əlaqə ön planda yer alır. Bunu şərtləndirən başlıca səbəb həm də texnolgiyaların dinamik inkişafı ilə qloballaşma prosesinin daha geniş vüsət almasıdır.

Bəllidir ki, keçən əsrin 70-ci illərinin əvvəllərində, qloballaşma anlayışının hələ o qədər də populyar olmadığı bir vaxtda sosial mütəfəkkirlərin diqqətini bəşəriyyətin qlobal problemləri adlandırılan, o cümlədən nüvə fəlakətinin qarşısının alınması, ekologiya, demoqrafiya, resursların tükənməsi və sair bu kimi məsələlər cəlb edirdi.

Bu fonda 20-ci əsrin sonu bəşəriyyətin yaddaşında qismən reallaşan, qismən reallaşmamış böyük ümidlər dövrü kimi qalacaq. Bu gözləntilərin nə dərəcədə özünü doğrultduğunu və nə dərəcədə illüziya olduğunu qarşıdakı illərdə görmək lazımdır. Amma müasir dünyanın qloballaşması, onun regionları arasında azad iqtisadi mübadilə, vahid informasiya məkanı və qlobal miqyasda humanist sosial quruluş prinsiplərinin hökmranlığı arzusunun gerçəkləşib-keçilməməsi məsələsi xüsusilə diqqəti cəlb edir. Bu barədə danışmazdan öncə qeyd edək ki, qloballaşma ideyası bir neçə səbəbə görə populyarlaşdı. Birincisi, Qərb dünyası 1970-1980-ci illərin sınaqlarından çıxdı və dünyada iqtisadi dominant rolunu bərpa etdi. İkincisi, informasiya inqilabı planetin ayrı-ayrı bölgələrini birləşdirməyə imkan verdi. Üçüncüsü, kommunizmin süqutu, daha sonra Asiyada böhran qlobal miqyasda liberal dəyərlərin qələbəsi illüziyasını yaratdı. Dördüncüsü, periferiya ölkələri ilə “birinci dünya” ölkələri arasında artan mədəni mübadilə böyük əhəmiyyət kəsb etməyə başladı. Bütün bu hallar, əlbəttə ki, mühüm rol oynayır, lakin qloballaşmanın real əsası yalnız ayrı-ayrı iqtisadiyyatların bir-biri ilə fəal qarşılıqlı əlaqədə olmasının sarsılmaz ehtiyacı ola bilər. Qloballaşmanı, onun əsasında inteqrasiyanı beynəlxalq həyatda prinsipial olaraq mühüm hadisə hesab etmək olmaz. Tamamilə aydındır ki, inteqrasiya bu və ya digər aspektdə bütün dünyanı əhatə edən proseslərə aid edilir. Bunlardan kənarda qalmaq istəməyən Azərbaycan üçün inkişafın strateji istiqamətlərindən biri də dünya birliyinə inteqrasiyadır. Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri klubunda bərabərhüquqlu dövlətlər arasında onlarla eynı sırada olmalıdır və eyni zamanda, dövlət maraqlarına xələl gəlməsinə yol verməməlidir. Çünki inteqrasiya  vahid dünyanın formalaşması üçün alət rolunu oynamır. Əgər əvvəlki dövrlərdə müxtəlif, bəzən hətta bir-birinə zidd olan dünyaların sərhədlərinin genişlənməsi müşahidə olunurdusa, müasir qloballaşma istəsək də, istəməsək də sırf Avropa sivilizasiyasının genişlənməsini təcəssüm etdirir. Elə bu da inteqrasiya faktoruna təsir edir. Belə ki, bir çox ölkələr kimi Azərbaycan da avroatlantik məkana inteqrasiyaya xüsusi diqqər edir və bu, uğurla həyata keçir. Avropa İttifaqının üzv ölkələri ilə münasibətlərini inkişaf etdirmək, qarşılıqlı maraqlar əsasında onlarla əməkdaşlığını genişləndirmək məqsədilə müxtəlif proqram və layihələrin həyata keçirilməsi də bunun təsdiqidir. Analoji maraq Avropa İttifaqı tərəfindən də nümayiş etdirilir və təşkilat Azərbaycanla enerji sferası ilə yanaşı, digər sahələrdə də qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir. 

İnteqrasiyada Azərbaycan onu da nəzərə alır ki, bu, müxtəlif mədəniyyətlərin və ənənələrin qarşılıqlı əlaqəsi və inkişafı aləti kimi qəbul edilməməlidir. Sadəcə, inteqrasiya avrosentrik dünya qurmaq üçün vasitə olub və belə də qalacaq. Amma ilkin mərhələlərində siyasi üsullarla dəstəklənən inteqrasiya və qloballaşma indi iqtisadi-maliyyə sferasına keçib. Elə bu da Azərbaycana bis sıra üstünlüklər qazandırır. Çünki Qərb özü Azərbaycanla enerji müstəvisində inteqrasiyada xüsusi maraqlı tərəf kimi çıxış edir.

Xatırladaq ki, ötən ilin iyul ayında Avropa Komissiyası Azərbaycan təbii qazının Avropaya idxalını 2027-ci ilə qədər hər il ən azı 20 milyard kubmetrə çatdırmaq üçün Azərbaycanla enerji sahəsində “Strateji Tərəfdaşlığa dair yeni Anlaşma Memorandumu” imzalayıb. Qaz ixracı ilə yanaşı, hər iki tərəfdaş bərpa olunan enerji və əlaqə sahələrində əməkdaşlığın təşviqində maraqlı olduqlarını bildiriblər. 2020-ci ildə Ermənistanın işğalından azad edilən Azərbaycan əraziləri Azərbaycanın bərpa olunan enerji potensialını xeyli artırıb. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu genişləndikcə, qarşılıqlı inteqrasiya daha da dərinləşir. İndiki inteqrasiya mərhələsi elmi və texnoloji tərəqqi məhsullarının Azərbaycana gəlişini sürətləndirir. Qeyd edək ki, Avropa tarixində iqtisadi tərəqqini təmin edən əsas amillər dəfələrlə dəyişib: antik dövrün hərbi gücü öz yerini torpaqda orta əsr inhisarına verdi, sonra kapital sahibləri aparıcı rol oynamağa başladılar. Bu və ya digər şəkildə cəmiyyətdə ən nadir resurs, ən nadir istehsal amili üzərində nəzarət sosial qütbləşmənin əsası olaraq qalırdı. Ancaq 20-ci əsrin əvvəllərindən etibarən Qərb iqtisadi sistemləri getdikcə daha çox “biliyə əsaslanan iqtisadiyyatlar”ın xüsusiyyətlərini əldə etdi, burada əsas istehsal olan bilik - alınan məlumatları emal etmək və yenilərini istehsal etmək bacarığıdır. Mədəniyyətin əsas nailiyyətlərini özündə cəmləşdirən informasiya və unikal məhsulların istehsalı digər maddi nemətlərin istehsalından köklü surətdə fərqlənir. Bu zaman istehsal prosesində işçi qüvvəsinin tükənməsi yox, təkmilləşməsi baş verir. Eləcə də elmin və informasiya tutumlu məhsulların istehlakı kapitalın toplanmasına mane olmaqdansa, təşviq edən amilə çevrilir və nəhayət, informasiya məhsulu dəfələrlə satıla bilər, sahibinə mənfəət gətirir, lakin onun mülkiyyətində qalır. Məhz Qərb iqtisadiyyatlarının bu tərəfini inteqrasiya prosesində Azərbaycan öz inkişafında tətbiq edir. İnanılmaz dərəcədə sürətli sosial dəyişikliklər və inkişafın özülündə dayanan əsas faktorlardan biri məhz budur.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.