Ermənistanın KTMT ilə yollarını ayırması qətiləşir

26 May 2023 20:28 (UTC+04:00)

Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) arasında münasibətlərin getdikcə daha gərgin məcraya yönəlməsi müşahidə edilməkdədir. Belə görünür ki, indiki gedişlə İrəvanın bu qurumun sıralarını tərk etməsi qaçılmaz olacaq.

Xatırladaq ki, Ermənistan bu il ölkədə KTMT-nin təlimlərinin keçirilməsini məqsədəuyğun hesab etməyərək bundan imtina edib. Nəticədə təşkilatın Ermənistanda bu il nəzərdə tutulan təlimi baş tutmayıb. Ondan əvvəl isə Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin bəyannamə layihəsini və Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında layihəni imzalamaqdan imtina edib. O bəyan edib ki, Ermənistana yardım göstərilməsi ilə bağlı təqdim edilmiş bəyanat kifayət qədər dəqiq işlənib hazırlanmayıb və bu səbəbdən onu bu formada imzalamağa hazır deyil. Cari il mayın 25-də isə Ermənistanın müdafiə naziri Suren Papikyan Minskdə keçirilən KTMT Nazirlər Şurasının iclasında iştirakdan imtina edib. Ermənistan Müdafiə Nazirliyi belə bir addımın atılmasının səbəbini açıqlamayıb. Amma hakim “Vətəndaş müqaviləsi” Partiyasının katibi Artur Hovhannisyan iddia edib ki, bu, texniki səbəblərlə bağlıdır: “Ermənistanın müdafiə naziri Suren Papikyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında iştirak etməməsi texniki səbəblərlə bağlıdır". Onun sözlərinə görə, məsələni siyasiləşdirməyə ehtiyac yoxdur: “Son günlər KTMT-Ermənistan münasibətləri barədə kifayət qədər təfərrüatlı danışırıq. Amma nazirin iclasda iştirak etməməsi siyasi yox, texniki xarakter daşıyır”. Bununla belə, KTMT Müdafiə Nazirləri Şurasının iclasında Rusiya müdafiə naziri Sergey Şoyqu TASS xəbər agentliyinə Ermənistanın təşkilatın tədbirlərində iştirakının mühümlüyünü bildirib: “Ermənistan təşkilatımızın üzvü və müttəfiqimizdir. Biz sülhdə maraqlıyıq və Cənubi Qafqazdakı vəziyyətin stabilləşdirilməsi üçün mümkün olanı edirik. Eyni zamanda xüsusilə qeyd etmək istərdim ki, Ermənistan tərəfinin KTMT çərçivəsində birgə əməliyyat və döyüş hazırlığı tədbirlərində iştirakı mühümdür”.

Minskdə keçirilən iclasda Şoyqu Qərbi Qarabağ ətrafında yaranmış vəziyyətə müdaxilə etmək və Rusiyanın sülhməramlı missiyasını gözdən salmaq cəhdlərində ittiham edib: “Cənubi Qafqazdakı vəziyyətə gəlincə, bu, daha çox Azərbaycan-Ermənistan münaqişəsinin tənzimlənməsi dərəcəsi ilə müəyyən edilir. Hazırda Dağlıq Qarabağda təhlükəsizliyi Rusiyanın sülhməramlı kontingenti təmin edir. Lakin Qərb hər bir vəchlə vəziyyətə müdaxilə etməyə, öz mövcudiyyətini böyütməyə və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır”. Onun sözlərinə görə, Qərbin əsas məqsədi regionda uzunmüddətli təhlükəsizlik və əminamanlığı təmin etmək yox, Rusiyanı buradan sıxışdırıb çıxarmaqdır: “Buna misal olaraq Avropa İttifaqının Ermənistandakı mülki missiyasını göstərmək olar. Bu missiyaya hərbçilər və xüsusi xidmətlərin əməkdaşları daxil edilib. Düşünürəm ki, onların əslində nə ilə məşğul olduqlarını izah etməyə ehtiyac yoxdur. Bununla əlaqədar olaraq regiona KTMT missiyasının göndərilməsi istiqamətində işin davam etdirilməsini zəruri hesab edirik”. Bütün bunlar o fonda baş verir ki, İrəvan KTMT-dən çıxmaq niyyətini açıq mətnlə bildirir. Elə bu həftənin əvvəllərində Ermənistanın baş naziri Nikol Paşinyan demişdi ki, İrəvan bu təşkilatın “kəsərsiz” struktur olduğunu görür və ölkənin  KTMT-dən çıxması istisna olunmur. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə buna dərhal kəskin reaksiya vermişdi: “Bütün bunları texniki cəhətdən necə təsəvvür edirlər, başa düşmürəm və bu barədə dəfələrlə danışmışıq. Əgər bu, Ermənistanın KTMT-dən çıxması ilə bağlı mövqeyini çatdırmaq formasıdırsa, məncə, sözlərlə manipulyasiyanın bütün təhlükəsini başa düşmək lazımdır. KTMT Ermənistanı necə tərk edə bilər, bu haqda danışmışıq. Söhbətin nədən getdiyi o qədər də aydın deyil”. Məsələyə yenidən münasibət bildirən Paşinyan usə qeyd edir ki, Rusiya XİN-in nümayəndəsi onun bəyanatlarını şərh edə bilməz və o, yalnız bu bəyanatları nəzərə almalıdır. Paşinyan parlamentdə keçirilən “hökumət saatı”nda bu barədə suala cavab verərkən onun bəyanatını kimin şərh etdiyini guya bilmədiyini bildirmişdi: “Mənim Rusiyadakı həmsöhbətlərim prezident və Rusiya Federasiyası hökumətinin sədridir. Hətta Rusiya kimi hörmətli və dost ölkənin XİN-i də mənim dediklərimi şərh edə bilməz”. Elə bundan sonra "RİA Novosti"nin İrəvandakı diplomatik mənbəsi fərqli bir açıqlama verib: “Ermənistan Xarici İşlər Nazirliyi mütəmadi olaraq xarici liderlərin bəyanatlarını şərh edir. Ola bilsin ki, Paşinyanı sadəcə tələyə salıblar”. Rusiyalı politoloq İqor Korotçenko bütün bunları təsadüfi hesab etmir. O qeyd edir ki, Paşinyanın KTMT və Rusiya əleyhinə bəyanatları Moskvaya qarşı hərbi-siyasi şantajdır: “Ermənistan ən yaxın tarixi perspektivdə ən azı Rusiyaya dost olmayan, bəlkə də düşmən ölkə olacaq. Paşinyan və İrəvanın Moskvaya “Məni bağışlayın, əlvida” deməsi zaman məsələsidir”. Ermənistanın “Qraparak” nəşri də məsələyə məhz bu prizmadan yanaşır: “Qeyri-dost ölkələrin siyahısını tərtib edən Kreml son zamanlar əvvəlki təsir dairələrini bərpa etmək üçün kifayət qədər aktiv addımlar atıb. Bunun ən son nümunəsi 4 ildən sonra Rusiya ilə Gürcüstan arasında viza rejiminin götürülməsi və aviasiya əlaqəsinin bərpası oldu. İki ölkə arasında birbaşa uçuşların bərpasının əleyhdarları baş verənləri Rusiyanın növbəti ekspansiyası hesab edir və qeyd edirlər ki, Rusiya tankları və raketləri Ukraynadadırsa, təyyarələri Tiflisdədir. Praktiki olaraq Ermənistanda da analoji vəziyyətdir. Paşinyan hökumətinin Qarabağdakı rus sülhməramlılarını açıq şəkildə tənqid etməsi, KTMT-dən narazılığı, bu qurumu tərk etmək eyhamları antirusiya aktı kimi qəbul edilir. Bundan başqa, İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasından sonra Rusiyanın Gümrüdəki 102-ci bazası, eləcə də Qarabağdakı rus sülhməramlılarının çıxarılması ilə bağlı söhbətlər gəzir”. Bidirilir ki, İrəvanın Kremldən uzaqlaşmaq cəhdlərinə Moskva səssiz qalmayacaq.

Nahid SALAYEV