Ermənistanın Azərbaycana mina təcavüzü daha bir beynəlxalq tədbirin gündəminə çıxdı…

26 May 2023 18:54 (UTC+04:00)

“Azərbaycan dünyada minalarla ən çox çirkləndirilmiş ölkələrdən biridir”. Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov Ağdamda “Mina Təhlükəsi ilə Mübarizə - Dayanıqlı İnkişafa Gedən Yol” mövzusunda keçirilən beynəlxalq humanitar konfransda bildirib.

O qeyd edib ki, bu gizli təhlükələr insan faciələrinə səbəb olmaqla yanaşı, həm də sosial və iqtisadi inkişafa mane olur. Bu həm də regionda sülh və sabitliyə ciddi maneədir: “2020-ci ilin noyabrından Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı minatəmizləmə əməliyyatları nəticəsində 81 min 386 hektar ərazi minalardan təmizlənib. Ümumilikdə 88 260 mina və partlama təhlükəsi olan digər qalıqlar, o cümlədən 28 259 piyada əleyhinə mina, 15 303 tank əleyhinə mina və 44 698 partlamamış hərbi sursat aşkar edilib və zərərsizləşdirilib. Əldə edilmiş irəliləyişlərə baxmayaraq, mina təhlükəsi hələ də qalır”.

Məlumdur ki, ermənilər Qarabağı işğal etdiyi müddətdə və Vətən müharibəsindən sonra da həmin torpaqlarda mina basdırmaqda davam edir. Dünya dövlətləri və beynəlxalq təşkilatlar ərazilərin minalardan təmizlənməsində Azərbaycana lazımi köməklik göstərmir. Beynəlxalq təşkilatlar məlum xəritələrin verilməsi ilə bağlı Ermənistana hər hansı bir təzyiq etmir.

Mövzu ilə bağlı fikir bildirən siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan nəinki minalardan əziyyət çəkir, ümumiyyətlə, ölkəmizə qarşı mina terroru tətbiq edilməkdədir. Ermənistan Azərbaycan torpaqlarını işğal etdikdən sonra əlində olan imkanlardan və dünyanın məsələyə olan münasibətindən sui-istifadə edərək torpaqların hər bir qarışını minalayıb: “Ermənistan həmin ərazilərdə mina basdırdığı üçün o torpaqları yaşanmaz hala gətirib. Hələ bu azmış kimi, 44 günlük Vətən müharibəsindən sonra azad edilmiş torpaqlarımızın bir qismində sonradan istehsal edilən minaları basdırıb. Həmin minalar basdırılarkən Rusiya sülhməramlıların ermənilərə bu işdə köməklik edib. Azərbaycan tərəfi dəfələrlə 2021-ci ildə Ermənistanda   istehsal edilən minaları aşkar edib. Ancaq beynəlxalq təşkilatlar bu faktl görməzdən gəlib”.

Siyasi şərhçi bildirdi ki, Azərbaycan tərəfi minalarla bağlı çox əziyyət çəkir. Təəssüflər olsun ki, bu işlə məşğul olan beynəlxalq qurumlar Azərbaycana lazımi dəstəyi göstərmir. Bu səbəbdən də Azərbaycan öz gücünə bu işləri görməklə məşğuldur: “Halbuki, müvafiq qurumlar var ki, onlar minatəmizləmə işində yaxından iştirak etməli idi. Eyni zamanda, Ermənistanın yeni mina basdırmasının qarşısını almalı idi. Təəssüf ki, onlar bu məsələdə Azərbaycana lazımi köməyi göstərmir. Ancaq ermənilərin haqqını qorumaqla məşğuldur. Halbuki, ermənilər bütün haqq və hüququ kobud şəkildə pozur. Onların üzündən bu gün 700 mindən çox azərbaycanlı öz doğma yurduna qayıda bilmir. Hüquqdan, haqdan danışanlar 700 min azərbaycanlının mina terroruna görə öz yurduna niyə qayıda bilməməsini araşdırsın”.

Günel CƏLİLOVA