"Rusiya 1917-ci il inqilablarına bənzər inqilabla üzləşə bilər" - “Vaqner” liderindən Putinə xəbərdarlıq...

25 May 2023 10:17 (UTC+04:00)

Ukraynanı işğal cəhdində böyük təsiri olan rus muzdlu “Vaqner” qrupunun lideri Yevgeni Priqojinlə Kreml  arasında gərginlik davam edir. "Vaqner"in dəstəklənmədiyini tez-tez və hətta bəzi söyüşlərlə dilə gətirən Priqojin bu dəfə daha qalmaqallı açıqlamalar verib.

Rusiya vətəndaşlarının övladlarının tabutlarla ölkəyə gəlməsinə, elit təbəqənin övladlarının isə xaricdə günəşlənməyə davam etdiyinə diqqət çəkən Priqojin bu halda Rusiyanın 1917-ci il inqilablarına bənzər bir qarışıqlıqla üzləşə biləcəyini deyib.

Vaqnerin lideri bildirib ki, rus elitaları öz övladlarını müharibədən uzaq tutmaq üçün var gücləri ilə səy göstərirlər: "Bu ssenari Rusiya üçün yaxşı olmayacaq. Ona görə də çətin bir müharibəyə hazırlaşmalıyıq. Təəssüf ki, əsas problem Rusiyanı itirmək həddində olmağımızdır. Səfərbərlik elan edilməlidir".

Priqojin əlavə edib ki, onun siyasi baxışı vətənpərvərlik və Putinə xidmətlə doludur. Həmçinin o, “Putinin aşpazı” ləqəbini yemək bişirmədiyi üçün özünə yaraşdırmadığını, “Putinin qəssabı” ləqəbinin isə doğru olacağını iddia edib.

Priqojinin bəhs etdiyi inqilablarda əvvəlcə 1917-ci ilin fevralında Çar hökuməti devrildi və Müvəqqəti Hökumət quruldu. Ardınca 1917-ci ilin oktyabrında bolşeviklər ikinci inqilab edərək hakimiyyəti Müvəqqəti Hökumətdən aldılar. Bolşeviklər hakimiyyəti ələ keçirdikdən sonra Rusiya təxminən 4 il davam edəcək vətəndaş müharibəsinə sürükləndi.

Tahir TAĞIYEV