Quterreş istiqamət götürdü - Rusiyanı BMT TŞ-dən xaric etmək mümkün olacaqmı...

24 May 2023 20:38 (UTC+04:00)

BMT-nin baş katibi Antonio Quterreş Yaponiyanın Xirosima şəhərində G7 toplantısından sonrakı mətbuat konfransında çıxışı zamanı deyib ki,  dövrün reallıqlarına cavab vermək üçün BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır:

“BMT Təhlükəsizlik Şurasının və Bretton Vuds sisteminin İkinci Dünya müharibəsindən sonrakı dövrlərə uyğunluğunu, lakin indi  yenilənməyə ehtiyac var. Qlobal maliyyə arxitekturası köhnəlmiş, qeyri-işlək və ədalətsiz olub. COVID-19 pandemiyası və Rusiyanın Ukraynaya təcavüzü nəticəsində iqtisadi sarsıntılar qarşısında o, qlobal təhlükəsizlik şəbəkəsi kimi əsas funksiyasını yerinə yetirə bilmədi”.

Qeyd edək ki, Ukraynada gedən müharibədən sonra tez-tez Rusiyanın TŞ-dən çıxarılması tələbi səslənir. Çünki BMT TŞ-də Rusita əleyhinə heç bir sənəd qəbul edilmir. Rusiya öz veto hüququndan istifadə edərək, əleyhinə olan qanun layihələrini əngəlləmiş olur. Çox güman ki, Quterreşin bu təklifi də məhz Rusiyanın BMT TŞ-də  oyundankənar vəziyyətə salınmasına hesablanıb.  Quterreş bu planı həyata keçirməyə müvəffəq olacaqmı?

Hüquqşunas Zaur Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, BMT Nizamnaməsinə dəyişikliklər təşkilatın Baş Assambelyası tərəfindən qəbul olunur: “Amma bunun üçün üçdə iki səs çoxluğu tələb edilir. Məsələnin digər tərəfi ondan ibarətdir ki, Baş Assambleyada qəbul olunmuş dəyişiklikləri Təhlükəsizlik Şurası təsdiq etməlidir. Bu o deməkdir ki, Baş Assambleya Rusiyanı Təhlükəsizlik Şurasından çıxarmaq istəsə də, buna nail olmayacaq. Çünki Rusiya həmin sənədə qarşı veto hüququndan istifadə edəcək. Yəni bu ölkənin BMT Təhlükəsizlik Şurasından çıxarılması nəzəri baxımdan mümkün olsa da, praktiki cəhətdən mümkün deyil”.

Hüquqşunasın sözlərinə görə, BMT Nizamnaməsinə indiyədək bu yöndə hər hansı dəyişiklik edilməyib: “Bir məqam da ondan ibarətdir ki, BMT sənədlərində Təhlükəsizlik Şurasının 5 daimi üzvü kimi Rusiya yox, SSRİ-nin adı çəkilir. Səbəb isə  BMT Nizamnaməsində hər hansı dəyişikliyin edilməsinə illərlə vaxtın lazım olmasıdır. SSRİ dağıldıqdan sonra  onun hüquqi varisi olan 15 respublika  SSRİ-nin beynəlxalq münasibətlərdə hüquq və öhdəliklərini Rusiyaya verib. O zaman bu məsələ texniki prosedur kimi nəzərə alındı və Nizamnamədə heç bir dəyişiklik edilmədi. Hazırda ABŞ və bir sıra digər ölkələrdə də Rusiyanın BMT Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarılması barədə fikirlər səslənir, bunun hüquqi yolları araşdırılır. Lakin belə bir addımın atılacağı inandırıcı görünmür. Düşünürəm ki, bu, Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı təzyiq formalarından biridir”.

Qeyd edək ki, son günlər Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılması barədə çağırışlar çoxalıb. Ukrayna prezidenti Zelenski də belə bir tələblə çıxış edib. Zelenski deyib ki, Rusiya Ukraynada müharibə cinayətləri törətdiyi üçün onun  BMT Təhlükəsizlik Şurasında üzvlüyü ləğv edilməlidir.

Məhəmmədəli QƏRİBLİ