Toy məclisləri təşkil olunarkən ən çox narazılıq doğuran məsələ, təbii ki, yol verilən israfçılıqdır. Şadlıq saraylarında açılan süfrələrdə hər dəfə müxtəlif çeşiddə olan yeməklər, salatlar israf edilir. Bu, israfçılqla yanaşı həm də toy sahibinin büdcəsinə ciddi şəkildə ziyan vurur.
Çünki şadıq sarayları təklif etdikləri menyunun dəyişdirilməsinə, istənilməyən çeşidlərin çıxarılmasına icazə vermir. Sahibkarlar hazırladıqları menyunu özləri müəyyən etdikləri məbləğlə toy sahiblərinə məcburi şəkildə təqdim edirlər. Ancaq artıq bu sahədə yaşanan problemlərə son qoyulacaq. Belə ki, Azərbaycanda toylarda sifariş olunan ərzaqlarla bağlı normalar tətbiq olunmalıdır.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və aqrar siyasət komitələrinin ötən iclasında deputat Aydın Hüseynov çıxış edib. O qeyd edib ki, toylarımızda, məclislərimizdə ərzaqla bağlı normalar olmalıdır: “Yəni mən bu qədər vəsait, pul verirəm və istədiyim qədər ət məhsulları, çörək və s. sifariş edə bilərəm. Çünki istehlak səbətimiz var. İstehlak səbətinə daxil olan məhsulların kalori normaları var. Ona görə də, lap elə restoranlarda sifariş verilərkən kim nə qədər vəsait verəcək, o qədər yox, hər bir nəfər üçün müəyyən normalar müəyyələşməlidir. Biz bu sahədə qənaət yaratmaqla elə bolluq yaratmış olarıq”.
Millət vəkilinin məlum təklifi ictimaiyyət tərəfindən müsbət qarşılanıb. Qeyd etdiyimiz kimi, bu gün şadlıq evlərində israfçılıq yaşanır.
Bu səbəbdən də toylarda sifariş olunan ərzaqlarla bağlı norma tətbiq olunmalıdır. Maraqlıdır, toyda bir nəfərin istehlak səbətinə hansı məhsullar daxil olmalıdır?
- “Stolları 20 cür köhnə salatla, 10 növ ət kababı ilə doldurmağa ehtiyac yoxdur, bir nəfər 250-300 qram ət yeyə bilər”
Sosioloq Aytəkin Kamranqızı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, toylarda təamlar az verilməlidir. Çünki gecə yeyilən qidalar orqanizmdə bir sıra fəsadlara səbəb olur: “Stolları 20 cür köhnə salatla, 10 növ ət kababı ilə doldurmağa ehtiyac yoxdur. Bir nəfər 250-300 qram ət yeyə bilər. Amma süfrəyə baxanda görürsən ki, ətlə yanaşı, toyuq, qril, balıq, soyutma ət və ardı-arası kəsilməyən kabablar gəlir.Menyuda çox az şey olmalıdır. Kim nə ürəyi istəyirsə, onu da sifariş verib pulunu ödəyib özü yeyəcək. Biz mədəmizi “heyvan qəbiristanlığı”na döndərməyə məcbur deyilik. Turac, qırqovul, toyuq, balıq, mal əti və s. bunların hər birini necə yemək olar? Axşam saat 6-dan sonra normal adamlar ancaq qatıq və meyvə ilə qidalanırlar. Bizdə də toylar saat 7-də başlayır. Bu saatdan sonra yeməklər infarkta, mədə xorasına, bağırsaq uzanmasına və deşilməsinə səbəb olur. Bu da tibbin, alimlərin gəldiyi qənaətdir. Toylar bizi həm mənəvi, həm iqtisadi, həm də fiziki cəhətdən məhv edir”.
Günel CƏLİLOVA