İran İsraildə səfirliyimizə dözmədi - Təbrizdə konsulluq bağlansın…

1 Aprel 2023 18:06 (UTC+04:00)

Azərbaycan dövlətinin İsraildə səfirliyinin açılması molla rejiminin olan-qalan ağlını da başından alıb. Belə olmasaydı, son günlər cəfəngiyatların və “hərbə-zorba”ların “dozası”nı bu qədər artırmazdılar. Tehran rejiminin bütün istiqamətlərdə təxribatları davam edir və Azərbaycana pislik etmək üçün özünü oda-közə vurur.

Molla rejimi hər dəfə bir, ya iki mollasını ortaya atır ki, Azərbaycana qarşı hədyanlar yağdırsın və əsassız iddialar irəli sürsün. Mollakratiya indi də Azərbaycanın Təbrizdəki konsulluğuna qarşı addımlar atmaqdadır.

Azad İran teleqram kanalı yazır ki, İran hökuməti Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun qarşısında aksiya təşkil edib.

Məlumata görə, aksiya iştirakçıları Azərbaycanın İsraildəki səfirliyinin fəaliyyətə başlamasına etiraz ediblər. Onlar Təbrizdəki konsulluğun dərhal bağlanmasını tələb edirlər.

Göründüyü kimi, molla rejimi İsraildə açılan səfirliyimizə dözmür və əli hər yerdən üzülüb, bizə daha kəskin nifrəti Təbrizdə konsulluğunu bağlamaq tələbi ilə ifadə etmək istəyirlər.

Bu hansı anlamı verir? Tehran rejimi niyə buna dözümsüz yanaşır? Təbrizdəki konsulluğumuzu bağlamaqla nəyə nail olmaq istəyirlər, məqsədləri nədir?

“Konsulluğun qarşısında sözdə aksiya keçirənlər Tehran rejiminin öz adamlarıdır, bəsicidirlər, bunlardan maaş alan şəxslərdir”

Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü, əslən Güney Azərbaycandan olan və hazırda Türkiyədə yaşayan Məcid Cavadi Araz baki-xeber.com-a şərhində “bildiyiniz kimi, son günlər İran dövləti, İran rəsmiləri Azərbaycana qarşı təxribatları və basqıları daha da artırmış durumdadır. Tehranın həm rəsmi hərbiçiləri, həm də qeyri-rəsmi hərbi təmsilçiləri açıq şəkildə Azərbaycanı təhdid edirlər. Təbii ki, bunu Azərbaycanın İsraildəki elçiliyinin açılmasına bəhanə göstərirlər. Düşünürəm ki, bunun əsas təməl səbəbi İranla Azərbaycan arsında olan köklü Güney Azərbaycan və İranın türk nüfusu üzərində qurulan köklü problemlərdir. Amma indi hər halda üzdə İran belə göstərir ki, burada bu yox, İsraildəki səfirlik məsələsi var. Hesab edirəm ki, bu tamamilə yanıltmacadan ibarətdir. İran savaş ritorikasını Azərbaycana qarşı yüksəldib. Suriyadakı əski səfirini də Ermənistana göndərməsi də yenə elə bu anlamda dəyərləndirilə bilər. Məncə, Azərbaycanda millət vəkilinin terror edilməsi Azərbaycana ciddi bir mesaj idi. Eləcə də bu zəncirin bir halqası olaraq Azərbaycanın Təbrizdəki konsulluğunun qarşısında sözdə aksiya keçirilməsidir. Konsulluğun qarşısında sözdə aksiya keçirənlər Tehran rejiminin öz adamlarıdır, bəsicidirlər, bunlardan maaş alan şəxslərdir. Görürük ki, Azərbaycana qarşı İran bu basqıçı və savaşçı ritorikasını yüksəldib”-deyə bildirdi.

M.C.Araz qeyd etdi ki, İran bu basqını artırmağa çalışır və elçilik, konsulluq məsələsi də bunun bir parçası, bu zəncirin bir halqasıdır. “Təbii ki, burada İranın son amacını bunlar açıq deyiblər. Bunlara bağlı “Hüseyniyun” terror qruplaşması açıq şəkildə deyir ki, biz Azərbaycanda rejim dəyişikliyi etmək istəyirik, oradakı “sionist rejimi” dindar rejim, Kərimə dövləti etmək istəyirik. Belə-belə sözləri, hədəfləri var. Son hədəfləri budur. Düşünürəm ki, Azərbaycanın istər quzeyi, istər güneyi bu məsələnin qarşısında kəskin mövqe qoymalıdır, İranın bu savaşçı, terrorçu siyasətinə Azərbaycan türk milləti dirəniş göstərməli və net bir mövqe sərgiləməlidir”-deyə M.C.Araz qeyd etdi.

Əli TURABOV