Fransa Laçın yolunda təxribat hazırlayır - "humanitar kolon"...

1 Aprel 2023 17:55 (UTC+04:00)

Bu günlərdə Ermənistanda səfərdə olan Fransanın Overn-Rona-Alplar bölgəsinin regional şurasının sədri Loran Vokye Azərbaycanla, suveren ərazimiz olan Qarabağla bağlı təxribatçı bəyanatlar verib. O, özünü separatçıların “xarici işlər naziri” kimi qələmə verən Sergey Kazaryan ilə İrəvanda görüşü zamanı təmsil etdiyi regionun dəstəyi və bayrağı altında Fransanın erməni icmasının təşkilatları ilə birgə humanitar yardım kolonunun Laçın yolundan keçirəcəyini bildirib.

O həyasızcasına vurğulayıb ki, Fransa Laçın dəhlizinə humanitar karvan göndərəcək və onun “Arsax”a buraxılmasını tələb edəcək. “Ya kolon keçəcək, biz kiçik bir ümid qapısı açacağıq, ya da keçməyəcək. Bu bizə beynəlxalq hüququn növbəti dəfə pozulduğu məsələsini beynəlxalq və Avropa təşkilatlarına təqdim etmək və müvafiq tədbirlər görmək imkanı verəcək”-deyə Fransa rəsmisi sərsəmləyib.

Fransanın Qarabağa “humanitar yardım” göndərməsi necə başa düşülə bilər? Sülhməramlılar buna necə baxacaqlar? Fransanın nə ixtiyarı var ki, ora “humanitar yardım” göndərsin? Bu Fransanın işi deyil ki, Azərbaycan ərazisinə Azərbaycandan xəbərsiz “humanitar yardım” göndərsin.

“Rusiya sülhməramlıları heç cür imkan verməməlidir ki, Fransanın “humanitar karvan” adı  verdiyi proses gerçəkləşsin, onlar buna şərait yaratmamalı və cəhdin qarşısını almalıdır”

AMEA-nın Fəlsəfə və Sosilogiya İnstitunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini, siyasi şərhçi Faiq Ələkbərli baki-xeber.com-a şərhində bildirdi ki, Loran Vokyenin açıqlamasından Fransanın Qarabağda təxribata hazırlaşdığını görmək olar. F.Ələkbərli qeyd etdi ki, Fransanın Qarabağa Laçın yolu vasitəsilə “humanitar kolon” göndərmək istəyi tamamilə qanunsuzdur  və beynəlxalq qaydalara ziddir. “Fransa dövlətinin Azərbaycana qarşı bu cür aqressiv və ikiüzlü siyasət yürütməsi ilk hadisə deyil. Artıq biz dəfələrlə rəsmi Parisin, onun daxilindəki qüvvələrin Azərbaycanın daxili işlərinə qarışmaq meyllərinin və suverenliyimizə qarşı təxribatçı addımlar atmaq cəhdlərinin şahidi olmuşuq. Fransa Ermənistanda öz varlığını sübut etmək üçün hər cür təxrubata əl atıb və əl atmaqda da davam edir. Bu da növbəti addımlardan biridir. Fransanın hər hansısa bir anlamda Azərbaycan ərazisinə “humanitar karvan” göndərmək niyyəti qətiyyən qəbul edilə bilməz. Rusiya sülhməramlıları heç cür imkan verməməlidir ki, Fransanın “humanitar karvan” adı  verdiyi proses gerçəkləşsin, onlar buna şərait yaratmamalı və cəhdin qarşısını almalıdır. Bu ölkədən Azərbaycanın suveren ərazisi Xankəndiyə uzanan istənilən təxrubatın qarşısı alınmalıdır və Azərbaycan dövləti bu kimi təxribatlara görə Fransaya qarşı daha sərt mövqe göstərməlidir. Fransa rəsmisinin Qarabağla bağlı bəyanat verməsi, ora Azərbaycanın icazəsi olmadan “humanitar karvan” göndərmək niyyətlərini səsləndirməsi bu ölkənin növbəti təxribtıdır və buna yol vermək olmaz”.

F.Ələkbərli hesab edir ki, Rusiya sülhməramlıları bu təxribata şərait yaradarsa, bu açıq-aydın şəkildə pərdə arxasında Rusiya və Fransanın Azərbaycana qarşı birgə təxribat hazırladığını düşünməyə əsas verir. O qeyd etdi ki, Azərbaycanın hərbi gücü, nüfuzu artdıqca Fransanı və bəzi dövlətləri narahat edir, o cümlədən də son günlər Azərbaycan ordusu bir sıra mühüm yollara nəzarəti ələ keçirib və mövqeyini möhkəmləndirib. Onun sözlərinə görə, şübhəsiz, buna görə də Rusiyanın buradakı sülhməramlıları çarəsiz qalıblar. “Belə çarəsiz olduqları üçün də Fransa faktorundan istifadə etməyə çalışırlar. Mən hər halda belə düşünürəm ki, burada Fransa ilə Rusiya arasında müəyyən razılaşdırması ola bilər. Azərbaycan ordusu haqlı olaraq öz torpaqlarımızda irəlilədikcə və nəzarəti gücləndirdikcə Rusiya sülhməramlılarını və rəsmi Moskvanı narahat edir. Belə olduğu halda indi də “humanitar kolon” məsələsini ortaya atırlar. Əlbəttə, rəsmi Bakının icazəsi olmadan Fransanın Azərbaycan ərazisində hər hansı bir addıma hazırlaşması qətiyyən qəbul edilə bilməz. Bu o ölkənin səlahiyyətlərində olan məsələ deyil, ora Azərbaycan ərazisidir və qərarı bizim dövlətimiz verir.  Rusiya və Fransa “humanitar kolon” məsələsi ilə öz ərazimizdə bizim mövqeyimizi zəiflətmək istəyir”.

F.Ələkbərli qeyd etdi ki, biz bu məsələni Türkiyə ilə birgə dəyərləndirməliyik. Rusiya və Frasanın Türkiyənin başının seçkilərə qarışmasından istifadə etmək istədiyini deyən F.Ələkbərlinin sözlərinə görə, bütün hallarda bizə yönələn təxribatların qarşısını almalıyıq. F.Ələkbərli eyni zamanda əlavə etdi ki, bütün təxribatların qarşısı şanlı ordumuz tərəfindən alınacaq.

İradə SARIYEVA