Yardımlı polisi məktəblilərə cəmiyyətin ən böyük bəlasından danışdı - FOTO

31 Mart 2023 15:25 (UTC+04:00)

Hazırda narkomaniya bəşəriyyət üçün ən böyük bəlaya çevrilib. Təəssüf ki, hələ bizim respublikamızda da narkomaniyaya meylli insanlar çoxdur. Odur ki, ölkəmizdə  bu bəlaya qarşı sistemli mübarizə aparmaq dövlət tərəfindən irəli sürülən prioritet məsələdir.

Bütün bunlara görə, respublikamızın hər yerində olduğu kimi, dağlar diyar Yardımlı rayonunda da narkotik vasitələrinə qarşı ictimaiyyət arasında mübarizə xeyli güclənib, o cümlədən rayonun təhsil müəssisələrində görüşlər, müsabiqələr və digər tədbirlər ardıcıl olaraq görülür.

Bu gülərdə belə tədbirlərdən biri rayonun T.A.Məmmədov adına Astanlı kənd tam orta məktəbində baş tutdu. "Zərərli vərdişlərə qarşı birgə mübarizə aparaq" adlı maarifləndirmə tədbiri Gənclər və İdman İdarəsinin,  Rayon Polis Şöbəsinin və Təhsil sektorunun birgə təşkilatçılığı sayəsində keçirilirdi. 

Tədbirdə çıxış edən Yardımlı Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru Tural Quliyev Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı" nın rayon polis şöbəsinin əməkdaşları tərəfindən qətiyyətli icrası, həmçinin narkotik vasitələrin insan sağlamlığına və cəmiyyətə vurduğu zərərlər barədə geniş məlumat verərək yetkinlik yaşına çatmayanların təzyiqlərə, məişət zorakılığına məruz qalma, cinsi və əmək istismarına təhrik etmə, eyni zamanda onların  arasında kriminal həyat və düşüncə tərzinin, cinayətkar ideyaların formalaşması, gənclərin tütün məmulatları, spirtli içkilərdən istifadə hallarının qarşısının alınması məqsədilə  söhbət apardı. Natiq onu da vurğuladı ki, qorxunc  təhlükə olan narkomaniya sərhəd tanımır, qlobal xarakter daşıyır. Belə bir vəziyyətdə bu bəlanın qarşısını almaqdan ötrü yeni yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi olduqca vacibdir.

Daha sonra söz alan Gənclər və İdman İdarəsinin rəisi Şəhriyar Şabiyev isə idarə əməkdaşlarının rayon gənclərinin gələcəyi naminə gördüyü işlər barədə iştirakçılara ətraflı məlumat verdi, az yaşlıların erkən nikaha cəlb olunması hallarının qarşısının alınması və gənclərin zərərli vərdişlərdən uzaq durmasını təmin etmək, eləcə gənclər arasında sağlam həyat tərzinin inkişafı məqsədilə tövsiyələrini bildirdi, onları bir qayda olaraq idman məşqlərinə, kütləvi idman tədbirlərində iştirak etməyə çağırdı.

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü