Sülhməramlıların qazanc hərisliyi Qarabağ ermənilərini ciddi seçim qarşısında qoyub...

31 Mart 2023 20:24 (UTC+04:00)

Azərbaycana inteqrasiya prosesinin gecikməsi Qarabağda qalan ermənilər üçün ciddi problemlər yaradır. Artıq bunu həmin ermənilər özləri də etiraf edir. Xüsusən də Rusiya sülhməramlılarının Qarabağda yaşayan ermənilər hesabına pul qazanmaq niyyəti bu müstəvidə olduqca maraqlı mənzərə yaradıb.

Bu barədə danışmazdan öncə qeyd edək ki, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb. Əslində, Azərbaycan tərəfi hələ  ötən il avqustun 11-də  Qarabağ bölgəsindən Ermənistana gedən yeni avtomobil yolunun tikintisinin yekunlaşdığını bəyan edib. Bu fonda Rusiya sülhməramlı kontingentinin Qarabağla Ermənistan arasında əlaqəni təmin edən yeni yolun mühafizəsinə keçməsi, bununla Laçının tam azad olması də təmin olunub. Bunlar fonunda Azərbaycan Müdafiə Nazirliyi Ermənistanla sərhəddə yerləşən Laçının Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəkliyi, əsas və yardımçı yolları, eləcə də sərhədboyu geniş sahələri nəzarətə götürdüyünü açıqlayıb. Müdafiə Nazirliyinin məlumatına görə, bu addım yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar atılıb. Yeni yol dedikdə atəşkəs razılaşması əsasında ötən ilin yayında Azərbaycana təhvil verilmiş Laçın şəhərindən kənar keçməklə Ermənistanı Xankəndi ilə birləşdirən yol nəzərdə tutulur. Burada qeyd edək ki, Laçının Cağazur və Zabux kəndləri Ermənistanla sərhəddə yerləşir və kəndlərin arasındakı avtomobil yolu Ermənistanın Gorus bölgəsi ilə Azərbaycanın Laçın şəhərini birləşdirən yolun üzərindən keçir. Bu ərazidən keçən Laçın dəhlizinin 6 kilometrlik hissəsi ötən ilin avqustunda Azərbaycana təhvil verilib. Ermənistanın baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin son iclasında deyib ki, Azərbaycan hakimiyyəti ilə əldə edilmiş razılaşma nəticəsində yeni yolun istifadəyə verilməsi ilə Laçın dəhlizinin marşrutu dəyişdirilib: “Lakin Laçın dəhlizini Ermənistanla birləşdirən yol tam hazır olmadığına görə, müvəqqəti marşrut açılmışdı, hansı ki, Kornidzor körpüsü (Zəngəzur vilayəti) üzərindən Ermənistan ərazisinə daxil olurdu, oradan yenidən Azərbaycan ərazisinə, sonra isə yenə də Ermənistan ərazisinə”. Paşinyanın sözlərinə görə, razılaşmaya əsasən, bu marşrut 2023-cü il aprelin 1-nə kimi işləməliydi: “Biz Azərbaycan tərəfinə bildirmişik ki, razılaşmaya əsasən, Kornidzor körpüsündən sonrakı yol yalnız Ermənistan ərazisindən davam edəcək və bu sahədə dövlət sərhədini Ermənistanın sərhəd qoşunları qoruyacaq”. Onun sözlərinə görə, sərhəd qoşunları Ermənistanın dövlət sərhədində, indiyədək Müdafiə Nazirliyi bölmələrinin yerləşdirildiyi mövqelərdə yerləşdiriləcək: “Bir də deyirəm, bütün bunların nəticəsində Ermənistanın mövqelərində hər hansı dəyişiklik baş verməyib, bir ondan başqa ki, biz mübahisəli hissəni sərhəd qoşunları vasitəsilə qorumaq niyyətindəyik, yəni Müdafiə Nazirliyinin bölmələri oradan çıxarılacaq, onların yerinə dövlət sərhədi boyunca sərhəd qoşunlarının bölmələri yerləşdiriləcək”.

Azərbaycanın Laçin istiqamətində Ermənistanla sərhəd zonanı nəzarətə götürməsi fonunda ermənilərin Qarabağa ölkəmzin nəzarətindən kənar yüklər daşıması tamamilə müşkül xarakter alıb. Bunu ermənilər özləri də etiraf edir. Məsələn, Ermənistanın “Hetq” nəşri yazır ki, Ermənistan və Azərbaycan arasında bağlanmış ikitərəfli razılaşmaya əsasən, bu il Dağ və Zabux kəndlərinin ortasında paralel olaraq yeni mövqelərin yerləşdirilməsi işlərinə start verilməli idi: “Azərbaycan artıq sərfəli mövqelərə yiyələnib və mühəndislik işlərinə başlayıb. Biz yolun bir tərəfindəyik, azərbaycanlılar isə o biri tərəfində. Artıq Ermənistan qüvvələri də yeni mövqelərdə məskunlaşaraq Azərbaycan mövqeləri ilə paralel mühəndislik işlərinə başlayıb. Yeni mövqelər Dağ kəndindən Xankəndiyə gedən yolda yerləşən keçmiş erməni nəzarət-buraxılış məntəqəsinin yaxınlığında yerləşir. Mövqelərin təchiz olunması istiqamətində işlər gedir, mövqelər bir-birindən 10-15 metr aralıdadır”. Belə vəziyyətdə ermənilərin əsas ümidi Rusiya sülhməramlı qüvvələri vasitəsilə daşımaları həyata keçirməsidir. Amma Ermənistanın “Qraparak” nəşri yazır ki, sülhməramlılar indiki vəziyyətdən sui-istifadə edirlər. Qeyd edilir ki, Azərbaycanın sərhəddə həyata keçirdiyi nəzarət tədbirləri, Laçın-Xankəndi yolundakı aksiya fonunda sülhməramlılar pul qazanmaq üçün hərəkətə keçiblər: “Aksiya nə qədər uzansa, Rusiya sülhməramlılarının Qarabağda yaşayan ermənilər hesabına pul qazanmaq iştahı bir o qədər artır”. Nəşrin Qarabağdakı mənblərinin məlumatına görə, sülhməramlılar bölgəyə ərzaq və ya başqa mallar aparan hər bir iri yük maşını üçün əvvəlki 1000-2000 dollar əvəzinə təxminən 10.000 dollar və ya 4 milyon dram alırlar: “Sülhməramlılar son vaxtlar Ermənistan hökuməti ilə razılaşmanı pozurlar. Çünki onların gündə 10 avtomobilin daşınması ilə bağlı razılaşmaları var. Bu maşınlardan 8-i hökumət, qalan ikisi isə sülhməramlıların şəxsi qazancı üçündür”. Qeyd edək ki, sülhməramlıların ermənilər üçün yükləri pulla daşıması rusiyalı jurnalist İrina Tumakovanın Xankəndiyə səfəri ilə bağlı “Novaya qazeta”da dərc edilən reportajında da yer almışdı. Erməni sakinlər bildirmişdilər ki, Xankəndiyə gətirilən humanitar yüklərin heç də hamısı xalqa pulsuz paylanmır, bəzisi satışa göndərilir. Ancaq həqiqət ondan ibarətdir ki, humanitar yüklərlə bərabər, iş adamları rus sülhməramlılara ticarət üçün aldıqları məhsulları da daşıtdırırlar. Rus sülhməramlılar isə öz maşınlarında daşıdıqları iş adamlarına məxsus mallar üçün ödəniş tələb edirlər. Bu yüklərin hamısı Xankəndiyə “humanitar yardım” adı ilə çatdırılır, orada isə humanitar yardımlar paylanır, digər yüklər isə iş adamlarına təhvil verilir və mağazalara göndərilir. Xatırladaq ki, ermənilər rus sülhməramlıların maşınlarında İrəvana gedib-gəlmək üçün də 30-50, bəzən isə 100 dollar pul verdiklərini bildiriblər. indiki vəziyyətdə sülhməramlıların qiymətləri daha da artıracaqları erməniləri narahat edir. Bu fonda Qarabağdakı ermənilər arasında belə bir fikir hakim olur ki, Azərbaycan vətəndaşlığını qəbul etməklə sülhməramlıların pul məngənəsindən də xilas ola bilərlər.

Samirə SƏFƏROVA