Müstəqillik tariximizdə əhəmiyyətli hadisələrdən biri 2016-cı ildə baş verən “Aprel döyüşləridir” ki, əksər ekspertlər bu döyüşü Vətən müharibəsinə məşq kimi qiymətləndirir. Azərbaycan Ordusunun şücaəti sayəsində Lələtəpə yüksəkliyinin azad olunması və düşmənə layiq olduğu dərsin verilməsi şərəf tariximizin ən önəmli səhifələrinə yazılıb.
Məlumdur ki, 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində ardıcıl təxribatlarına cavab olaraq keçirilmiş əks-əməliyyat zamanı qazanılmış tarixi qələbə Azərbaycan Ordusunun qələbə əzmini bir daha daha nümayiş etdirib.
Qələbə qələbə gətirər, deyib ulularımız. 2018-ci ilin mayında isə Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağının Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad edilməsi hadisəsinə şahidlik etdik. Tarixə Günnüt əməliyyatı kimi daxil olan bu hadisə xalqımızın qəlbində böyük qurur mənbəyinə çevrilldi.
Bizə qürur verən başlıca hadisə isə həm “Aprel müharibəsi”ndə, həm də Günnüt əməliyyatı zamanı qazandığımız qələbənin təntənəli təqdimatı, nümayişi oldu. Belə ki, 2018-ci il iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paradda 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad olunmuş torpaqlarda qaldırılmış Azərbaycan bayraqları nümayiş etdirilib.
Zəfər müjdəli “Aprel döyüşləri”nin növbəti ildönümü ərəfəsini yaşayırıq.
- “Biz “Aprel döyüşləri” ilə düşmənə öz gücümüzü, yenilməzliyimizi göstərdik”
2016-ilin Aprel döyüşlərində iştirak edən, Lələtəpə yüksəkliyinin azad olunması uğrunda gedən döyüşlərdə şücaət göstərən, eyni zamanda Vətən savaşında Füzulidən Şuşaya qədər döyüş yolu keçən qazi polkovnik-leytenant Taleh Əliyev bizimlə söhbətində bildirdi ki, Aprel döyüşləri 44 günlük Vətən müharibəsinə gedən yolun açarı olub. Düşmənin çoxsaylı təxribatlarına cavab olaraq baş verən dörd günlük müharibənin Azərbaycan tarixində xüsusi yeri olduğunu deyən T.Əliyev həmin döyüşdə mayor rütbəsində divizyon komandiri olaraq iştirak edib. “Ümumiyyətlə, 2016-cı ilin Aprel döyüşlərini 2015-ci ildən başlayaraq düşmənin mütəmadi xarakter alan təxribatlarına adekvat cavab olaraq qiymətləndirmək olar. Aprel döyüşlərində Lələtəpə istiqamətində əldə edilən nailiyyətimizin 44 günlük müharibədə uğurlu nəticəsini, faydasını gördük. Yəni Lələtəpə istiqamətindən artıq düşmənin yerüstü müşahidəsi bizim çox dərinliklərə qədər bütün fəaliyyətimizi nəzarət altında saxlaya bilirdi. Biz bilirik ki, 44 günlük müharibədə bizim ilkin uğurumuz Füzulu, Alxanlı istiqamətindən olsa da, ən son irəliləmə istiqamətimiz Araz qırağı oldu. Və Lələtəpə istiqamətində 2016-cı ildə əldə olunmuş nailiyyət bunun ən böyük qapısı idi ki, o vaxtdan açılmışdı. Yəni ora yaxınlaşmaq və hərəkətdə qüvvələrin Araz qırağı istiqamətdən irəliləməsi bizim üçün böyük bir uğur yaratdı. Əlbəttə, 2016-cı ildə baş verən dörd günlük müharibə yeni qələbələrin başlandığına bir işarə oldu. Əlbəttə, bundan sonra da 2018-ci ildəki Günnüt hadisəsi baş verdi. Bu istiqamətdə əldə edilən nailiyyətə də, şübhəsiz, “Aprel döyüşləri” bir stiumul oldu. Baş verən uğurların hamısı bir-biri ilə əlaqədardır”.
T.Əliyev vurğuladı ki, “Aprel döyüşləri”ndə düşmən Azərbaycan Ordusunun gücünü gördü, amma nəticə çıxarmadı: “Biz o tarixləri incələsək, görərik ki, çox qısa bir müddətlərdə düşmən təxribatları ard-arda gələn təxribatlar idi. O təxribatların nöqtəsini də qoyduq, eyni zamanda biz “Aprel döyüşləri” ilə düşmənə öz gücümüzü, yenilməzliyimizi göstərdik. Bu gün də məğlubiyyətindən nəticə çıxarmayan və özünü “qüdrətli” kimi qələmə verən düşmənə biz 2016-cı ildə də böyük dərs verdik, ona öz gücümüzü göstərdik. Biz sonra atəşkəs dövründə danışıqlar masasında onların öz yerlərni tutmasını gözlədik. Amma görünür, onlar 4 il ərzində məğlubiyyətlərindən nəticə çıxarmadılar, yenə də baş qaldırdılar və 44 günlük müharibədə onların başlarını əzdik”.
T.Əliyev qeyd etdi ki, Azərbaycan xalqı 2016-cı il “Aprel döyüşlər”indən çox ruhlanmışdı və qələbə sorağına köklənmişdi. O, vurğuladı ki, hər bir azərbaycanlı bu tarixdən sonra böyük qələbəyə ümid bəsləyirdi. Həm Lələtəpəyə sancılan, həm də Günnüt uğuru zamanı qaldırılan bayraqların 2018-ci ildə paradda nümayiş etdirilməsinin mənasının dərin olduğunu deyən T.Əliyev “2018-ci ildə paradda nümayiş olunan hər iki bayraq böyük zəfərin müjdəçisi idi. Xalqımız hiss edirdi ki, bizi qarşıda da böyük qələbə və torpaqlarımızın azadlığı gözləyir. Bu bayraqların qoşa nümayişi insanların içində qələbə ümidini daha da alovlandırdı...Bütün mənalarda 2016-cı il “Aprel döyüşləri”nin xalqımızın qəhrəmanlıq tarixində yeri çox böyükdür”- deyə bildirdi.
İradə SARIYEVA