Ermənistan ABŞ prezidenti Co Baydenin təşəbbüsü ilə keçirilən “Demokratiya sammiti”nin yekun bəyannaməsinə “istisna ilə” qoşulub.
Bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Məlum olur ki, Ermənistanın imzalamaqdan imtina etdiyi paraqraf Ukrayna ilə bağlı olsa da, ümumən orada söhbət dövlətlərin ərazi bütövlüyündən gedir. İrəvanın imzalamadığı paraqrafda deyilir: “Biz Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin dövlətlərin öz beynəlxalq münasibətlərində istənilən başqa ölkənin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı güc tətbiqi ilə hədədən və ya gücdən istifadə olunmamasını və mübahisələrin dinc yolla həllini ehtiva edən təməl prinsiplərini qəbul edirik. Biz BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq dövlətlərin fərdi və ya kollektiv qaydada özünümüdafiə kimi alınmaz haqqını tanıyırıq. Biz Rusiyadan öz qoşunlarını Ukraynanın beynəlxalq aləmdə tanınan sərhədlərinədək bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarmasını tələb edir və döyüş əməliyyatlarını dayandırmağa çağırırıq”.
Burada diqqəti çəkən məqam odur ki, ərazi bütövlüyü sözü ermənilərin yaralı yeri olduğundan, bəh-bəhlə dəvət etdikləri tədbirdə Paşinyan Ukraynanın ərazi bütövlüyünə dəstək verməkdən imtina etdi.
- “Ermənistan üçün ərazi bütövlüyü anlayışı hər zaman qorxulu yuxudur”
Məsələyə münasibət bildirən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafayevin fikrincə, Ermənistan kimi bir dövlət tərəfindən belə bir addımın atılması əsla təəccüblü deyil: “Ona görə ki, Ermənistan özü 30 il Azərbaycan ərazilərini işğal altında saxlayıb. Ölkəmizin ərazi bütövlüyünə hörmət etməyib və bu prinsipi birbaşa pozub. Ona görə də belə bir dövlət üçün ərazi bütövlüyü anlayışı hər zaman qorxulu yuxudur. Baxın, Azərbaycan 2 il əvvəl işğal altındakı ərazilərin böyük hissəsini azad etsə də, Ermənistan hələ də fürsət gözləyir. Yəni fürsət düşən kimi ərazilərimizi işğal etsin. O üzdən, belə bir dövlət Ukraynanın ərazi bütövlüyünə dəstək verməz. İşğalçı ambisiyaya sahib olan bir dövləti o cür tədbirə dəvət etməyin özü utancverici haldır. Paşinyan məlum paraqrafı imzalamamaqla erməni dövlətinin gizli strategiyasını açır. Yəni bunlar hələ də Azərbaycan ərazilərini işğal etməklə bağlı fürsət gözləyirlər. Hələ də belə planlar qüvvədədir. Bu baxımdan onlar sənəddəki həmin bəndi dəstəkləməyiblər. Hesab edirəm ki, bunun başqa izahı yoxdu. O da ola bilər ki, Ermənistan Rusiyadan çəkindiyi üçün Ukraynanın ərazi bütövlüyünü tanımaqdan imtina edib. Çünki Ukraynanı dəstəkləmək həm də Rusiyanın qarşısını almaq anlamına gəlir. O üzdən bu, növbəti və ənənəvi erməni fitnəkarlığıdır. Onu da nəzərə almaq lazımdır ki, Paşinyan kifayət qədər ziddiyyətli bir siyasi fiqurdur. O, daim tərəddüd, ikibaşlı gedişlər edir. Necə deyərlər, ziddiyətli xarakterinə uyğun olaraq gedişlər edir. O da ola bilər ki, Qarabağla bağlı Ermənistanın Rusiya ilə birgə gizli planları var. Deməyim odur ki, Ermənistandan istənilən məkrli planı gözləmək olar”.
Vidadi ORDAHALLI