“Qərbi Azərbaycan İcması” İctimai Birliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində araşdırma aparılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan sənədlərə əsasən, XX əsrin əvvəlindən başlayaraq erməni əsilli şəxslərin rəhbərliyi ilə yaradılmış silahlı birləşmələr tərəfindən Qərbi Azərbaycan torpaqlarında yaşayan azərbaycan əsilli şəxslərə qarşı sülh və insanlıq əleyhinə, şəxsiyyət əleyhinə cinayətlərin törədilməsinə yönəlmiş aktiv hərəkətlərin icrasına başlanılıb.
Belə ki, erməni silahlı dəstələri tərəfindən 1918-ci ilin mart ayınadək İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçmiədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 – ümumilikdə 198 kənd dağıdılıb, həmin qəzalarda təqribən 135 min nəfər azərbaycanlı soyqırıma və məcburi deportasiyaya məruz qoyulub.
Eyni cinayətkar məqsədlə 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün edilib, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi iztirablara dözməyərək həlak olub.
Bundan başqa, 1988-1992-ci illər ərzində qeyd olunan cinayətlər planlı şəkildə davam etdirilib, Ermənistan hökuməti, "Qarabağ" və "Krunk" komitələri tərəfindən Qərbi Azərbaycanın 185 yaşayış məntəqəsindən 250 mindən artıq azərbaycanlı öz doğma torpaqlarından, ev-eşiyindən zorla qovulmaqla deportasiyaya və təqibə, 216 azərbaycanlı erməni silahlı qüvvələri tərəfindən xüsusi amansızlıqla qəsdən öldürülməklə soyqırıma məruz qoyulub.
Qeyd olunan faktlarda beynəlxalq və ölkədaxili qanunvericilikdə nəzərdə tutulan cinayətlərin əlamətləri olduğuna görə həmin xüsusatlar üzrə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırım), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə)maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Cinayət işi üzrə ibtidai istintaqın gedişində xarici ölkələrin prokurorluq orqanlarına hüquqi yardım haqqında vəsatətlərin göndərilməsi və beynəlxalq təşkilatlarla əməkdaşlıq edilməsi nəzərdə tutulur.
- “Burada cinayətin iştirakçıları, icraçıları, Ermənistanın o vaxtkı siyasi rəhbərləri, hərbçiləri, sarkisyanlar, köçəryanlar, eləcə də başqaları subyekt kimi cinayət məsuliyyətinə cəlb oluna bilər”
Tanınmış hüquqşünas Şəmsəddin Əliyev bizimlə söhbətində bildirdi ki, erməni daşnaklarının və daşnak dövləti terrorçu Hayastanın xalqımıza qarşı törətdiyi soyqırım və deportasiya cinayətlərinə indiyə qədər beynəlxalq hüquq müstəvisində qiymət verilməyib. O hesab edir ki, Baş Prokurorluğun azərbaycanlıların kütləvi şəkildə deportasiya, təqib və soyqırıma məruz qoyulması faktları əsasında açdığı cinayət işi gözlədiyimiz nəticəni verə biləcək. “Bu çox ciddi məsələdir. Əslində, bu elə bir cinayətdir ki, bütövlükdə azərbaycanlıların hüquqlarının və əsas azadlıqlarının müdafiəsi ilə bağlı olan bir cinayətdir. Soyqırım və deportasiya ilə bağlı olan cinayətlərdə bütövlükdə azərbaycanlıların kökünü kəsmək kimi əməl nəzərdə tutulur. Yəni burada təkcə deportasiyadan yox, həm də soyqırım cinayətindən söhbət gedir. Bu cinayətləri törədən Ermənistana qarşı beynəlxalq müstəvidə heç bir tədbir görülməyib. Çünki zaman-zaman ayrı-ayrı dövlətlərin timsalında onlara kömək edənlər, arxa-dayaq duranlar olub”.
Ş.Əliyev qeyd etdi ki, Ermənistan öz cinayət əməlləri, eləcə də onu dəstəkləyən dövlətlər öz hərəkətləri ilə 1950-ci ildə qəbul edilən "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın və 1953-cü ilin 3 sentybar tarixində qəbul edilən insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı konvensiyanın tələblərinə kifayət qədər çılpaqlığı ilə zidd addımlar atıblar. “Nəzərə alsaq ki, Ermənistana havadar çıxan həmin dövlətlər də bu konvensiyalara tərəfdar çıxıb və o konvensiyanın bütün müddəalarını radifkasiya ediblər, burada onların da məsuliyyəti var. Öhdəliyin götürülüb yerinə yetirilməməsi də hardasa beynəlxalq məsuliyyət yaratmış olub. Yəni etməli olmadıqları əməli bunlar edirlər. Əslinə baxanda, bu həm də beynəlxalq öhdəliklərin vicdanla yerinə yetirilməsi prinsipinin pozulamsıdır. Bu beynəlxalq hüququn ən mühüm prinsiplərindən biridir. Yəni bütün öhtəliyi sən yerinə yetirməli idin. Yetirməmisənsə bu beynəlxalq öhtəliklərin vicdanla yetirilməsi prinsiplərini pozulmasıdır.
Təbii ki, biz öz yuridiksiyamız daxilində, Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə uyğun şəkildə cinayət işi başlamışıq. Çünki bizim ona haqqımız var. Respublika Cinayət Məcəlləsində bu əməllər qadağan edilir. Ona görə də bu cinayət işinin başlanmasına start verilib.
Beynəlxalq konvensiyaların tələblərinə görə, azərbaycanlılara qarşı kütləvi soyqırım və deportasiya aktları törədən Ermənistan və ona havadarlıq edən dövlətlər məsuliyyət daşıyırlar. Avropa İnsan Hüquqları Məhkəməsi öz səlahiyyətləri və fəaliyyəti daxilində bu prosedurları müəyyən edir. Burada diqqət çəkən hallar çoxdur. Qərbi azərbaycanlı soydaşlarımız tarixdə bir neçə dəfə soyqırım və deportasiyalara məruz qalıblar. Sonuncu dəfə isə 1988-ci ildə onlar didərgin salınıblar. Amma çox təəssüflər olsun ki, bugünə kimi Beynəlxalq Ədalət Məhkəməsi, Avropa İnsan Hüquqları Məhkəməsi bu məsələnin həlli ilə bağlı bir addım belə atmayıb. Beynəlxalq hüququn da insan hüquqlarını tənzimləyən hissəsi ilk növbədə qarşılıqlı hüquq və vəzifələrdən daha çox dövlətlərin davranışlarının obyektiv standartlarını müəyyən edən çoxtərəfli beynəlxalq müqavilələrə əsaslanır. Ermənistan tərəfi, ona havadarlıq edən və bu cinayət əməlini himayə edən dövlətlər də beynəlxalq hüququn subyektidirlər. Beynəlxalq hüququn 10 prinsipi həmin dövlətlər tərəfindən radifikasiya olunub, onlar onun müdafiəsinə qalxmalıdırlar. Bu prinsiplərin spesifikliyi ondan ibarətdir ki, onlar dövlətin üzərinə daha çox müqavilənin iştirakçısı olan başqa dövlətlərə münasibətlərdə həm öhdəliklər, həm də həmin dövlətlərein yuridiksiyası altında olan fiziki şəxslərlə bağlı öhtəliklər qoydur. Onlar insanların hüquq və azadlıqlarının qorunması və həmin qeyd olunan o konvensiyalara, beynəlxalq hüququn normalarına əməl olunması ilə bağlı götürdükləri öhtəlikləri yerinə yetirməli idilər, soyqırımlara, deportasiyalara göz yummaqdan çəkinməli idlər. Ermənistan tarixən türklərə, azərbaycanlılara qarşı vəhşi obrazda davranıb. Qərbi azərbaycanlıların öz tarixi yurdlareından deportasiya olunması bəşəriyyətin ən ağır cinayətlərindən birdir. Deyək ki, zamanında 1941-1945-ci illərdə Hitler Almaniyası SSRİ vətəndaşlarına qarşı hansı tərzdə davranıbsa Ermənistan bizə ondan da betər davranıb. İkinci Dünya müharibəsi bitdikdən 6-7 ay sonra Nürnberq Beynəlxalq Hərbi Tribunalına start verildi, bəşəriyyətin gözü qarşısında məhkəmə prosesi getdi, nasistlərin yüksək rütbəli zabitləri bu cinayətin subyekti kimi mühakimə olundu. Hitler intihar etdi, amma qalan 20 nəfər nasist ali rütbəlinin bəziləri edama, qalanları isə azadlıqdan məhrumetmə cəzasına məhkum olundular. Ermənistan da azərbaycanlılara qarşı bu cinayətləri törədir. Bu gün Ermənistan ərazisində bir azərbaycanlı, bir türk belə yoxdur. Bu bir daha Ermənistanın türklərə, azərbaycanlılara qarşı cinayət əməllərinin təzahürüdür ki, orada bir nəfət türk, azərbayacnlı qalmayıb. Amma Azərbaycanda bu gün minlərlə erməni vətəndsaşlar yaşayır. Kimin burnu qanayıb, kimin hüquqları pozulub? Onlar konstitusiyada ehtiva edilən bütün hüquq və azadlıqlardan bərabər şəkildə istifadə edirlər. Bu baxımdan düşünürəm ki, bu məsələ ölkə vətəndaşları və dövlətlər tərəfindən müsbət qarşılanacaq”.
Ş.Əliyev qeyd etdi ki, bu istiqamətdə həm ölkənin yuridiksiyası daxilində, həm də beynəlxalq səviyyədə görüləcək işlər nəticəsində Qərbi Azərbaycandan soydaşlarımızın deportasiyasını həyata keçirən Ertmənistan dövlətinin və bu 1988-1991-ci illərdə bu cimayətin birbaşa iştirakçısı olan Sarkisyan, Köçəryan və başqaları cinayət məsuliyyətinə cəlb oluna bilər: “Azərbaycan İnterpola müraciət edə və burada cinayətin iştirakçıları, icraçıları, Ermənistanın o vaxtkı siyasi rəhbərləri, hərbiçiləri, sarkisyanlar, köçəryanlar, eləcə də başqaları subekyt kimi cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Yəqin ki, onlarla bağlı axtarış veriləcək və Avropa ölkələrində kim ki, cinayətkarların verilməsi ilə bağlı Azərbaycanla razılığa gəlib, müqavilə imzalayıb, təbii ki, onlar dövlətimizin müraciəti əsasında həmin cinayətkarları saxlayıb Azərbaycana təhvil vermək öhdəliyini icra edə bilərlər”-deyə Ş.Əliyev qeyd etdi.
Leyla QARAXANLI