Laçının azadlığı Ermənistana həm siyasi, həm də hərbi zərbə oldu...

31 Mart 2023 17:37 (UTC+04:00)

Məlum olduğu kimi, bir neçə gün əvvəl Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edib. Görüş zamanı bir sıra məsələlər müzakirə edilib. O cümlədən, Laçının azad olunması ilə bağlı.

Prezident İlham Əliyev qeyd edib ki, biz Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq. İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və biz faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdik: “Güləbird və digər bir neçə kənd döyüş meydanında azad edilmişdir, biz Laçın-Xankəndi yoluna çıxmışdıq. Məhz bu əməliyyat nəticəsində, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxarıbdır. Vaxtilə “Qarabağ Ermənistandır” deyən Ermənistan rəhbərliyi öz məğlubiyyətini qəbul etməyə məcbur olubdur və 2020-ci ilin noyabrın 10-da kapitulyasiya aktı Ermənistan tərəfindən imzalandı. Laçın rayonunun digər hissəsi - ən böyük hissə artıq siyasi yollarla azad edilibdir. Bu, bizim böyük tarixi Zəfərimizdir”.

Maraqlıdır, Laçının hərbi və siyasi yolla azad edilməsinin sonrakı proseslərdə nə kimi rolu olacaq?

Siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Laçın Qarabağın ən önəmli mərkəzlərindən biridir: “Ölkə başçısı Laçına xüsusi nümayəndə təyin edərkən verdiyi mesajlar bu baxımdan müstəsna xarekterə malikdir. Bu il ərzində Laçından məcburi köçkün düşmüş saysız soydaşlarımızın geriyə qayıdış prosesi baş verəcək. Bu prosesin baş verməsi üçün Laçında təhlükəsizliyin yüksək səviyyədə qurulması önəmli məsələlərdən biridir. Danılmaz faktdır ki, Azərbaycan tərəfi Laçınla bağlı daim beynəlxalq təzyiqlə üz-üzə qalıb. Xüsusilə Ermənistanın dəhliz və həmin ölkənin Qarabağ sərhədləri məsələsi görə ölkəmizə təzyiqlər olub. Cənab Prezidentin qətiyyətli siyasi iradəsi və ordumuzun şücaəti nəticəsində biz işğaldakı torpaqlarımızı azad etdik. Laçın şəhəri bir güllə atılmadan diplomatik yolla işğaldan azad edildi”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, Laçının azad edilməsinin ölkəmiz üçün müstəsna əhəmiyyəti var: “Məlumdur ki, Laçının işğalı ilə Qarabağın 30 illik işğal prosesi gerşəkləşdi. Laçının ələ keçirilməsindən sonra Ermənistanla Qarabağ arasında baryer və maneə qalmadı. Bu baxımdan Laçın şəhəri bizim üçün önəmlidir. Hesab edirəm ki, Laçının işğaldan azad edilməsi tək təhlükəsizlik baxımından deyil, həm də öz imkanlarına görə vacib xüsusiyyətlərə malikdir. Ona görə də Zəngilanın Ağalı kəndindən sonra məcburi köçkünlərin  böyük qayıdış prosesində Laçın önəmli halqanı təşkil edir”.

Günel CƏLİLOVA