Azərbaycanın dərman bazarında vəziyyət dəyişəcək

31 Mart 2023 17:23 (UTC+04:00)

Bəlli olduğu kimi, Azərbaycanda dərman vasitələrinin qeydiyyata alınması ilə bağlı yeni qaydalar müəyyənləşdirilir. Bununla bağlı qanun layihəsi Milli Məclisin Səhiyyə komitəsinin bu günlərdə keçirilən iclasında müzakirəyə çıxarılıb. Beləliklə, “Dərman vasitələri haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə birinci oxunuşda deputatlara təqdim olunub.

Qanun layihəsində dəyişikliklər bir neçə istiqamətdə təklif edilir. Diqqətçəkən məqamlardan biri ondan ibarətdir ki, müxtəlif dərman vasitələrinin eyni əmtəə nişanı adı altında dövlət qeydiyyatına alınmasına yol verilmir. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov da bu xüsusda “Turan”a bildirib ki, layihə onları həmişə narahat edən bir məsələnin həlli - ölkəyə gətirilən dərman vasitələrinin qeydiyyatının sadələşdirilməsi və asanlaşdırılması istiqamətində irəliyə atılan mühüm addımdır. Onun sözlərinə görə, dəyişikliyə əsasən, ölkədə dərman preparatının hər hansı bir forması qeydiyyatdan keçibsə, həmin preparatın digər həb, suspenziya, məhlul kimi formaları da qeydiyyatdan keçmiş sayılır və onları da əlavə icazə almadan idxal etmək olar. O vurğulayıb ki, dərmanların qiymətlərinin yüksək olması narazılıqlara səbəb olur: “Bu məsələ ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) rəhbərliyi ilə danışıqlar aparılmalıdır. İlk növbədə qazi və şəhid ailəsinin üzvlərinə ambulator müalicədə dərmanlar ödənişsiz verilsin, sonrakı mərhələdə isə aztəminatlı vətəndaşlar, təqaüdçülər üçün bu imkan yaradılsın”. Əhliman Əmiraslanovun sözlərinə görə, Ələt Azad İqtisadi Zonasında bir neçə əczaçılıq fabrikinin tikilib istifadə verilməsi nəzərdə tutulub və artıq bu istiqamətdə işlər aparılır: “Bu, xarici ölkələrdən asılılığımızı həll etməyə yönəlib. Bunu edə bilsək, həm dərmanların keyfiyyətinə, həm də qiymətlərin aşağı olmasına nəzarət etmiş olacağıq”. Bundan öncə də millət vəkili qeyd edib ki, regionlarda seçici görüşlərində səsləndirilən narazılıqlardan biri də ambulator müalicə zamanı dərmanların tapılmamasıdır: “Dövlət tibb müəssisələrində stasionar müalicə zamanı dərman vasitələri dövlət tərəfindən qarşılanır. Lakin ambulator müalicədə dərman təminatı zəifdir. Dərmanların qiymətlərinin yüksək olması çoxsaylı narazılıqlara səbəb olur. Bunlar hamısı nəzərə alınmalıdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fondunun imkanları günü-gündən genişlənir”. “Azərbaycan Həkimləri” İctimai Birliyinin təsisçilərindən biri Aydın Əliyev də “bildirib ki, dərman preparatlarının qiymət və keyfiyyətinin yaxşılaşdırılmasına yönəlik bütün addımlar təqdirəlayiqdir: “Amma təəssüflər olsun ki, bizdə problem qanunların işlək olmamasıdır. Qanunlarımız gözəldir, amma işlək deyil. Kimlərsə aralıq bir şirkət yaradır, Hindistandan ucuz dərman alırlar, gətirib Dubayda çox baha qiymətə rəsmiləşdirirlər, oradan da Azərbaycana idxal edirlər. Qanunlarımız işləsə, dövlət buna nəzarət etsə, bunu edə bilməzlər. Hindistanda qiyməti 1 dollar olan dərman burda 10 dollaradır”.

Ekspert vurğulayıb ki, qanunların işlək mexanizminə nəzarət etmək lazımdır: “Əgər qanun işləyirsə, ölkəyə niyə keyfiyyətsiz dərmanlar gəlir? Həkim dərman yazır, pasiyent həmin dərmanı alır, amma sağala bilmir. Həkimin də reputasiyasına xələl gəlir, pasiyentin də pulu gedir, üstəlik də sağalmır. Yəni idxal edilən dərman preparatlarının həm keyfiyyətinə, həm qiymətinə, həm saxlanma şəraitinə çox ciddi nəzarət olunmalıdır. Kağız üzərində bu nəzarət var, amma həmin qanunlar işlək olmalıdır”. Mütəxəssisin fikrincə də, Azərbaycanda dərman preparatlarının yerli istehsalı vəziyyətə müsbət təsir edə bilər: “Biz bu məsələdə gecikmişik. 30 ildən çoxdur ki, müstəqilliyimiz var, amma dərman vasitələrinin, tibbi sərfiyyat materiallarının bizdə istehsalı, demək olar ki, sıfır səviyyəsindədir. Düzdür, dünyada heç bir dövlət öz əhalisinin dərmana olan ehtiyacını 100 faiz səviyyəsində qarşılaya bilmir. Amma biz hansısa dərman preparatlarını istehsal edəriksə, onları digər ölkələrlə barter edə bilərik, bunun da müsbət təsiri olacaq”. Qeyd edək ki, Azərbaycanın əczaçılıq bazarının illik həcmi 850 milyon dollar təşkil edir. Bunun böyük hissəsi idxal hesabına təmin edilir. Azərbaycan əhalisinin keyfiyyətli və əlçatan dərmanlara çıxışını təmin etmək üçün hökumət müəyyən səylər göstərir. Bu fonda hesab olunur ki, əhalinin dərmanlara əlçatanlılığını artırmaq üçün mövcud dövlət proqramları davam etməlidir. Məsələn, onkoloji, şəkərli diabet, narkoloji və bir sıra digər kateqoriyadan olan xəstələrin bahalı dərmanlara çıxışı yaxşılaşdırılması üçün dövlət büdcəsi hesabına maliyyələşdirilən proqramların icrası davam etməlidir. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycanda dərman satışı əsasən idxala bağlıdır. Bu da dərmanların istehlakçılara çatırılmasında əlavə xərclər yaradır. Nəqliyyat xərcləri kifayət qədər xərc yükü formalaşdırır. Bu xərclər Azərbaycanda tətbiq olunan vergi sistemi ilə əlaqəlidir. Hesab edilir ki, indi yerli istehsala daha çox diqqət edilməlidir. Bu halda dərman bazarında ucuzlaşma gözləmək mümkündür.

Tahir TAĞIYEV