Azərbaycan dövləti təkmillətli Ermənistana və şovinist İrana nümunə göstərdi...

31 Mart 2023 17:09 (UTC+04:00)

Çoxmillətli və çoxkonfessiyalı ölkə olan Azərbaycanda bütün xalqların dili, mədəniyyəti, folkloru, milli keyfiyyəti qorunur. Azsaylı xalqların dillərində tədrisin də həyata keçirildiyi məlumdur. Ölkəmizdə yaşayan milli azlıqların ibtidai sinifdə öz dillərini öyrənməsi istiqamətində atılan addımlar dediklərimizə sübutdur.   

I-IV siniflər üçün “Azsaylı xalqların dili” fənni üzrə hazırlanan dərslik komplektləri növbəti tədris ilində məktəblərə çatdırılacaq.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildiriblər.

Qeyd edilir ki, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”ında ümumi təhsil müəssisələrinin I-IV sinifləri üçün "Azsaylı xalqların dili" fənni üzrə dərslik komplektləri hazırlandığı qeyd edilib.

Hazırda I-IV siniflər üçün "Talış dili", "Saxur dili", "Xınalıq dili" və I sinif üçün "Haput dili" dərslik komplektlərinin çapı üzrə işlər aparılır.

Gördüyünüz kimi, Azərbaycan dövləti monoetnik Ermənistana və şovinist molla rejiminə növbəti bir numunə göstərir ki, ölkəmizdə yaşayan digər xalqların ana dilində təhsil hüququ tanınır, onlar üçün dövlət vəsaiti hesabına dərsliklər hazırlanır. Heç şübhəsiz ki, Azərbaycanda yaşayan azsaylı xalqlara hər zaman dəyər verilib və onların dilinin, mədəniyyətinin qayğısına qalınıb.

Siyasi şərhçi Azər Həsrət bizimlə söhbətində “bu onun göstəricisidir ki, Azərbaycan dövləti sözdə deyil, əməldə multikulturalizmə, tolerantlığa könül verib. Yəni biz dövlət olaraq bütün fəaliyyətimizdə bunu göstəririk, mümkün üsullarla bunu gerçəkləşdiririk. Amma adını çəkdiyiniz qonşularımız İran və Ermənistan bu cür məsələlərdən çox-çox uzaqlardadırlar. İran hələ də orta əsr cəhalət təfəkküründə ilişib qalıb. Ona görə də ölkədə fars milliyyətçiliyi yeridilir. Özü də bu milliyyətçiliyi islamın şiə məhzəbi arxasında gizlənərək həyata keçirirlər. Ona görə də, hətta ölkə əhalisinin yarısını təşkil edən türklərin dilində nəinki dərslik çap etmək, ümumiyyətlə o dildə məktəbdə dərs almağı belə yasaqlayıblar. Bu da azmış kimi, türk uşaqlarının məktəbə getməsi üçün fars dilindən imtahan verməsi kimi bir tələb də irəli sürüblər. Yəni məktəb yaşına çatan türk uşağı, yaxud başqa millətdən olan uşaqlarn mütləq fars dilindən imtahan verməlidir, bu imtahanı keçdikdən sonra onu məktəbə alırlar. Göründüyü kimi, fars-molla rejimi özünü geri təfəkkürlü, geri zəkalı olması səbəbindən ölkə əhalisinin yarısını hətta məktəbdə oxumaqdan məhrum etmək üçün əlindən gələni edir. Yəni bu bunların təfəkkürüdür. Ermənistana gəlincə, bunlar cılız, özünəqapanma milliyyətçiliyi gerçəkləşdirir. Yəni haylar o qədər xırdadırlar, xırdalığın fərqindədirlər ki, hər fürsətdə qeyri-millətlərə qarşı bacardıqları qədər pislik edirlər. O cümlədən də dərslik, kitab, məktəb məsələsində. Faktiki olaraq dünyada Yaponyadan sonra ikinci monoetnik dövlət Ermənistandır. Bəllidir ki, Yaponya adalardır, uzaqdır, qaynayıb-qarışmayıb və sair. Amma Ermənistan tarixi türk-Azərbaycan torpaqlarında qurulub və qurulduğu zaman türk əhalinin sayının 75-80 faiz təşkil etdiyi bir coğrafiyadır. Bu gün isə Ermənistanda əhalinin ən azı 98 faizi ermənilərdən ibarətdir. Amma onların davranışları da bəzən bizdə təəccüb doğurur”- deyə bildirdi.

A.Həsrət xatırlayır ki, bir dəfə Avropa Parlamentinin tədbirlərindən birində Ermənistan təmsilçisi “bizim ictimai radiomuz milli azlıqların dilində verilişlər yayımlayır, o cümlədən də azərbaycanlıların dilində”- deyə bildirib.

Bundan təəccüblənən A.Həsrət Ermənistan təmsilçisinə sual verib: “Mən də gülərək ona sual verdim ki, azərbaycanlıların olmadığı bir yerdə o dildə veriliş yaymağın mənası nədir? Açığı, o cavab da verə bilmədi. Yəni bunlar o qədər geri zəkalı, o qədər cılız təfəkkürlüdürlər ki, başqa millətlərdən olanlara ən adi məsələlərdə belə dözmək istəmirlər. Amma dünyaya görüntü yaratmaqla ümumi qlobal ictimai rəyi aldatmağa çalışırlar. Guya bunlar tolerantdırlar, multikulrturalizmə könül veriblər və sair. İstər İran, istərsə də Ermənistan mahiyyət etibarı ilə eyni dövlətlərdir, eyni düşüncə tərzi ilə idarə edilir. Hər ikisi orta əsrlər, bəlkə ondan da ötə qədimlərdə ilişib qalıb, XXI əsrə ayaq uydura bilmirlər” - deyə A.Həsrət qeyd etdi.

İradə SARIYEVA