Azərbaycanla gərginlik İrana iqtisadi ziyanlarını göstərməyə başladı...

30 Mart 2023 17:57 (UTC+04:00)

İran rejiminin yanlış siyasəti üzündən bu ölkə ilə Azərbaycan arasında münasibətlər gərginləşməkdə davam edir. Baş verənlər regionda transmilli layihələrin icrasında maraqlı olan ölkələri də ciddi narahat edir. Məsələn, İranın mövqeyi üzündən Zəngəzur dəhlizinin icrasının ləngiməsi Rusiya, Türkiyə, hətta Çini belə narahat edir.

Onu da qeyd edək ki, Bakı və Tehran arasındakı münasibətlərdəki gərginlik beynəlxalq miqyasda da yaxşı sezilir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşdən sonra keçirilən mətbuat konfransında buna toxunarkən qeyd edib: “Ümid edirik ki, Bakı ilə Tehran arasında münasibətlərdə mövcud gərginlik müvəqqəti xarakter daşıyır və ən qısa zamanda aradan qaldırılacaq”. O, həmçinin qeyd edib ki, Tehran və Bakı arasında münasibətlərin tənzimlənməsi üçtərəfli əməkdaşlığın təşviqinə töhfə verəcək: “Bu, Rusiya, İran və Azərbaycanın iştirakı ilə üçtərəfli əməkdaşlığın təşviqinə, o cümlədən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı çərçivəsində vacib layihələrin həyata keçirilməsində bütün tərəflərin təsdiq etdiyi maraqları kontekstində töhfə verəcək”. Lakin İran rejiminin siyasəti münasibətlərin normallaşmasına imkan vermir. Xüsusən də Tehranın Ermənistanla bağlı mövqeyi vəziyyəti daha da kəskinləşdirir. İkinci Qarabağ müharibəsindən sonra İranın Azərbaycanla sərhəddə çox sayda qoşun və hərbi-texnika yığması, təlimlər keçirməsi, Tehrandakı Azərbaycan səfirliyinə silahlı hücum, İrana məxsus döyüş təyyarəsinin Azərbaycan sərhədinə yaxın ərazidə uçması və digər bənzər olaylar münasibətləri daha da gərginləşdirib. Azərbaycanda son dövrlər İranın agentura şəbəkəsinə qarşı əməliyyatlar keçirilib və çox sayda insan həbs olunub. Bütün bu baş verənlər Azərbaycanla İran arasındakı iqtisadi əlaqələrə də  təsir göstərib. Özü də bundan ən çox itirən tərəf İrandır. Belə ki, “Azadlıq” radiosunun məlumatına əsasən, ticarət əlaqələrinin olmadığı Ermənistan nəzərə alınmasa, quru sərhədi olduğu ölkələr arasında Azərbaycanın ən az ticarət dövriyyəsi İranladır. Məsələn, ötən il Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi 5.8 milyard dollar, Rusiya ilə ticarət dövriyyəsinin həcmi 3.7 milyard dollar, Gürcüstanla 772 milyon dollar olub. 2022-ci ildə İran və Azərbaycan arasında qeydə alınan ticarət dövriyyəsinin həcmi isə cəmi 506 milyon dollardır. Düzdür, son illərdə Azərbaycanla İran arasında qeydə alınan ticarət dövriyyəsində artım müşahidə edilir. 2021-ci ildə iki ölkənin ticarət dövriyyəsi 441 milyon dollar olmuşdu. Deməli, ötən il Azərbaycan və İran arasındakı ticarət dövriyyəsi 65 milyon dollar və ya 15 faiz artıb. Ticarət dövriyyəsi 2020-ci ildə 339 milyon dollar, pandemiyadan öncə - 2019-cu ildə isə 494 milyon dollar olub. Bu baxımdan aydın olur ki, 2022-ci ildə qeydə alınan ticarət dövriyyəsi pandemiyadan öncəki göstəricini də qabaqlayıb.

İran və Azərbaycan arasındakı ticarət dövriyyəsində diqqətçəkən daha bir məqam bu ticarət əlaqələrində İranın payının daha yüksək olmasıdır. Belə ki, 506 milyon dollarlıq ticarət dövriyyəsinin 476 milyon dolları, yəni 94 faizi İranın Azərbaycana satdığı məhsullardır. Azərbaycanın toplam idxalında İranın payı 3.28 faizdir. Bu göstərici ilə İran ötən il Azərbaycanın ən çox idxal gerçəkləşdirdiyi səkkizinci ölkə olub. Azərbaycanın İrana ixracı isə cəmi 30 milyon dollarlıq məhsuldur. Beləliklə, İranın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri Azərbaycanın İrana ixrac etdiyi məhsulların dəyərini təxminən 16 dəfə qabaqlayır. Bu baxımdan, iki ölkə arasındakı ticarət əlaqələrindən qazanclı çıxan tərəf, əsasən, İrandır. Ötən il İranın Azərbaycanın ixracındakı payı cəmi 0.08 faiz olub. Ötən il Azərbaycan İrandan 1 min 112 fərqli məhsul koduna sahib məhsul idxal edib. Dəyərcə Azərbaycanın İrandan ən çox idxal etdiyi məhsul ilkin formalı polietilendir. 2022-ci ildə Azərbaycan İrandan 26 min ton ilkin formalı polietilen idxal edib ki, bunun da toplam dəyəri 33 milyon dollar olub. Bu məhsulun idxalı 2021-ci illə müqayisədə 50 faizə yaxın artıb. Azərbaycanın İrandan idxalında ikinci yeri tutan məhsul emal olunmamış, aşqarlanmamış alüminiumdur. Bu məhsulun İrandan idxalı Azərbaycana illik 27.4 milyon dollara başa gəlib. Əgər Azərbaycan 2021-ci ildən İrandan cəmi 504 ton alüminium idxal etmişdisə, 2022-ci ildə bu rəqəm 9 min 827 tona yüksəlib. İrandan idxalda üçüncü yeri tutan məhsul kərə yağıdır. Azərbaycan 2022-ci ildə İrandan 26.7 milyon dollarlıq kərəyağı alıb. 2021-ci ildə Azərbaycanın İrandan kər əyağı idxalı cəmi 431 ton olmuşdu. 2022-ci ildə bu rəqəm 15 dəfə artaraq 6 min tona çatıb. Bu baxımdan, ötən il Azərbaycanla İran arasındakı ticarət dövriyyəsinin artmasının əsas səbəblərindən biri 2021-ci illə müqayisədə İrandan alüminium və kərəyağı idxalının kəskin artmasıdır. Üzlük plitələr (24.4 milyon dollar) və polad yarımfabrikatlar (12.1 milyon dollar) da Azərbaycanın İrandan gerçəkləşdirdiyi idxalda vacib yer tutan məhsullar arasındadır. 2022-ci ildə İrandan idxalı kəskin azalan məhsul isə kartofdur. Belə ki, əgər 2021-ci ildə Azərbaycan İrandan 165 min ton kartof idxal etmişdisə, 2022-ci ildə bu göstərici 42 min tona enib. Yəni, dörd dəfə azalıb. Ötən il Azərbaycan İrana 102 fərqli məhsul koduna sahib məhsul ixrac edib. Bu, İrandan idxal edilən çeşidlərlə müqayisədə 11 dəfə aşağı göstəricidir. Azərbaycanın İrana 30 milyon dollarlıq toplam ixracının təxminən 30 faizi (8 milyon 617 min dollar) pambıq lifi ixracından ibarətdir. İxracda ikinci yerdə qərarlaşan məhsul təbii qazdır. Azərbaycan ötən il İrana təbii qaz ixracından 6.6 milyon dollar gəlir əldə edib. Azərbaycanın İrana ixracında üçüncü yeri elektrik enerjisi tutub. Enerji ixracı hesabına Azərbaycan İrandan 5.5 milyon dollar gəlir qazanıb. Hər üç məhsulun ixracı 2021-ci illə müqayisədə 50 faizə yaxın azalıb. Bunun nəticəsində Azərbaycanın İrana ixracı da 2021-2022-ci illər ərzində təxminən eyni qədər azalaraq 45 milyon 600 min dollardan 29 milyon 831 min dollara enib. Bütövlükdə Azərbaycanın İrana olan ixracının üçdə ikisi məhz bu üç məhsulun payına düşür. Azərbaycan ötən il İrana 1.3 milyon dollarlıq pambıq yağının ekstraksiyası nəticəsində alınan cecələr və digər bərk tullantılar da ixrac edə bilib. Digər bütün ixrac məhsullarının ixrac dəyəri 1 milyon dollardan azdır. Beləliklə, rəqəmlərin müqaysisə göstərir ki, Azərbaycanla ticarət İrana daah çox vəsait qazandırır. Amma İran rejiminin yanlış siyasəti fonunda ticarət əlaqələrinə xələl gələcəyi şübhəsizdir. Bundan isə ən çox itirən elə İran özü olacaq.

Ramil QULİYEV