Ermənistandan Xankəndiyə Laçın ərazisi ilə gedən yollarla bağlı son dövrlərdə maraqlı proseslər baş verir. Belə görünür ki, Azərbaycan bu istiqamət üzrə nəzarət tədbirlərini daha da artırmaqda, ermənilərin sözügedən istiqamətdə olan marşrutlardan sui-istifadəsinə birdəfəlik son vermək niyyətindədir.
Məhz belə bir vaxtda bəlli olub ki, Azərbaycan ordusu Laçın yolundakı hakim yüksəklikləri və sərhədboyu geniş sahələri nəzarətə götürüb. Bu barədə məlumat yayan Azərbaycan Müdafiə Nazirliyi bildirir: “Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb”. Sərhədboyu ərazilərlə bağlı daha bir maraqlı olay Gorus-Xankəndi yolunun Ermənistanla sərhəd hissəsində, Qafanın Dığ kəndi yaxınlığında qeydə alınıb. Ermənistanın “Togarma” adlı teleqram kanalı yazır ki, Azərbaycan hərbçiləri Gorus-Xankəndi yolunu Dığ kəndi yaxınlığında bağlayıb. Bildirilir ki, Azərbaycan ordusuna məxsus bir neçə "Ural" avtomobili Ermənistanla sərhəddə, Dığ kəndi yaxınlığında Gorus-Xankəndi yolunu bağlayıb. Bu fonda qeyd edilir ki, ərazidə Azərbaycan ordusuna məxsus 10-dan çox "Ural" maşını var və Azərbaycan əsgərləri yolda səngər qazmağa, mühəndislik işləri aparmağa və nəzarət məntəqəsi qurmağa hazırlaşır. “Togarma” kanalı yazır ki, bu addım Laçın dəhlizinin tamamilə alternativ yola köçürülməsinin nəticəsi ola bilər: “Əldə etdiyimiz məlumata görə, Azərbaycan Laçın dəhlizinin əvvəlki yolunun bir hissəsindən müvəqqəti istifadəyə icazə verib. İrəvan aprelin 1-nə qədər Qarabağla Ermənistanı birləşdirən yolu inşa etməli, əvvəlki yol da tamamilə Azərbaycanın nəzarətinə keçməli idi. Lakin Ermənistan tərəfi yeni yolu inşa etməyib, Azərbaycan isə qoyulan vaxta uyğun həmin yolu bağlayaraq, nəzarət məntəqəsi yaradır. Ümid edirik ki, səbəb budur. Əks təqdirdə bu, Laçın dəhlizini Azərbaycanın nəzarətinə keçirəcək son addım olacaq”. Erməni mənbələr bu addımı Laçın dəhlizinin Ermənistanla sərhəddə başlanan hissəsində nəzarət-keçid məntəqəsinin qurulması olaraq dəyərləndirir. Hərbçi ekspert Ədalət Verdiyev “feysbuk” hesabında bu yolun istifadəyə verilməsi ilə ordumuzun Gorus-Laçın rayonu istiqamətindəki sərhədimizi tam nəzarətə götürdüyünü açıqlayıb: “Ermənistandan Qarabağa qanunsuz silah, sursat, heyət və minaların daşınmasını məhdudlaşdırmaq məqsədilə qəhrəman ordumuz Gorus-Laçın rayonu istiqamətindəki sərhədimizi tam nəzarətə götürdü. Yaxında nəzarət buraxılış məntəqəsinin yerləşdirilməsini gözləyirəm”.
Xatırladaq ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımalar və Rusiya sülhməramlı kontingentinin onları müşayiət etməsi Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasını zərurətə çevirib. Rəsmi Bakı bu xüsusda mövqeyini açıq şəkildə ortaya qoyub. Bildirilir ki, mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasının zəruri olduğunu göstərir. Xatırladaq ki, martın 24-də növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkəti müəyyən edilib. Rusiya sülhməramlı kontingentinə məxsus 1 ədəd "ZTR-82A" döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli "KamAZ" və üzərində yanacaq çəni olan 1 ədəd "KamAZ" avtomobilinin hərəkəti texniki müşahidə vasitələrimiz tərəfindən qeydə alınıb. Bundan sonra Azərbaycan ordusu ərazidə zəruri nəzarət tədbirləri həyata keçirib. İndi bunun ardınca Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələrin nəzarətə götürülməsi, Dığ kəndi yaxınlığında Gorus-Xankəndi yolunun bağlanması erməniləri Laçın dəhlizinin alternativi olan yoldan istifadəyə məcbur edəcək. Çünki başqa yol da qalmır. Bu şəraitdə Ermənistandan Qarabağa qanunsuz yüklərin daşınmasının qarşısı əhəmiyyətli dərəcədə alınacaq. Laçın yolunun şimalındakı torpaq yollardan qeyri-qanuni fəaliyyətlər üçün istifadənin qarşısının alınması məqsədilə Azərbaycan ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirlərinin həyata keçirilməsi Qarabağ ermənilərinin inteqrasiya məsələsinə də təsir edəcək. Sirr deyil ki, sıravi ermənilər bu prosesdə maraqlıdır və bunu təsdiq edən çoxsaylı nümunələr var. Lakin xuntanın təhdidi, eləcə də nifrət ideologiyasının təsiri altında inteqrasiya prosesin qarşısında dayananlar daha fəaldır.Amma onlar anlamalıdırlar ki, bu verilən müstəsna bir şansdır, Azərbaycanın isə yeganə variantı deyil. Əgər bu şans da dəyərləndirilməzsə, ölkəmiz kommunikasiya qarşısında əngəlləri güc yolu ilə aradan qaldıraraq birbaşa Xankəndidə və Rusiya sülhməramlıların müvəqqəti yerləşdirildikləri digər ərazilərimizdə yaşayan erməni vətəndaşları ilə yerindəcə ünsiyyət qurmalı olacaq. Hər halda, Azərbaycan qarşı tərəfə seçim üçün şans verib və bunun düzgün dəyərləndirilməsi vacibdir.
Samirə SƏFƏROVA