ABŞ prezidenti Co Baydenin sədrlik etdiyi “Demokratiya naminə” adlı ikinci virtual sammit bu dəfə də bynəlxalq miqyasda ciddi tənqid hədəfinə çevrildi.
Çünki tədbirə dəvət edilmiş 120 ölkənin bəzilərinin demokratiya ilə ümumiyyətlə əlaqəsi yoxdur. Elə bu fonda “Reuters” agentliyi yazır ki, virtual sammitdə iştirak edən bəzi ölkələrdə insan haqlarının vəziyyəti ciddi narahatlıq yaradır.
İnsan haqları müdafiəçiləri ABŞ administrasiyasına belə bir sammitin keçirilməsi üçün təşəkkür bildiriblər, amma deyiblər ki, sammitə qoşulan ölkələrdə demokratiyanın yaxşılaşdığını göstərən çox az əlamətlər var. Onlar qeyd edirlər ki, sammitin ölkələrin öhdəliklərinə neçə əməl etməsinə nəzarət mexanizmi də yoxdur. Ekspertlər bildirir ki, insan haqlarını öz xarici siyasətinin bayrağı elan edən ABŞ administrasiyası çox çətin seçimlərlə üzləşir. 2022-ci ilin avqustunadək Bayden administrasiyasında insan haqları məsələləri ilə məşğul olan, hazırda Yaxın Şərqdə Demokratiya adlı layihədə çalışan Tess Makeneri məsələ ilə bağlı qeyd edir: “Düşünürəm ki, administrasiya istənilən başqa administrasiyalar kimi bu məsələnin nə qədər çətin olması ilə üzləşib”. Ekspertin fikrincə, ABŞ Hindistan kimi strateji maraqları olan ölkələrə münasibətdə siyasətini kəskin dəyişə bilmir. Strateji və Beynəlxalq Tədqiqatlar mərkəzindən Kristofer Hernandez-Roy deyir ki, ABŞ bəzən bir diktatorla mübarizədə başqa bir diktatorla danışıqlar aparır. Bu da “Demokratiya naminə” sammiti uğursuzluğa məhkum edir. Elə amerikalı ekspert Piter Teysin sözlərinə görə, ikili standartlar Bayden xarici siyasətinin əsas dayağıdır, sammit isə sadəcə göstəriş üçün boş ritorikadır və insan haqlarını möhkəmləndirməyəcək, əksinə, bütün dünyada institusional demokratiyanı daha da zəiflədəcək: “Bayden deyir ki, demokratiya təsadüfən meydana gəlmir, onun uğrunda mübarizə aparmaq, möhkəmləndirmək və qorumaq lazımdır. Real dünyada isə ABŞ tam əksini müdafiə edir. Sammit uğursuzluğa düçardır, dəvət olunan ölkələrdə demokratik standartları möhkəmləndirməyəcək”. Ekspertin sözlərinə görə, Macarıstan, Türkiyə, Azərbaycan və digər demokratik hökumətləri dəvət etməmək və müzakirələr aparmamaq istəyi özünütəcriddən başqa bir şey deyil və bu, ABŞ-ın milli maraqlarına ziyan vurur: “Mən prezident Bayden tərəfindən avtokratiyanı şəffaf hökumətdən üstün tutan bu tədbirdə iştirak üçün dəvət etdiyi dövlət xadimlərinin siyahısından məyusluğumu və narahatlığımı bildirirəm”. Yeri gəlmişkən qeyd edək ki, ABŞ-ın Cənubi afqaz ölkələrinə dəvəti də ikili standartları burada qabarıq büruzə verir. Belə ki, Azərbaycan sammitə dəvət edilmiş 120 ölkənin sırasında yoxdur. Ancaq Ermənistanın adı var. Ermənistanın baş naziri Nikol Paşinyan bu tədbirə dəvət alıb. Sözügedən ölkənin prezidentinə dəvət göndərilməyib. Maraqlıdır ki, Ermənistan kimi parlament idarəçiliyinə malik Gürcüstana münasibətdə əks mövqe müşahidə edilib. Yəni Gürcüstana dəvət yarımçıqdır. Ölkənin yalnız prezidenti sammitə dəvətli olub, halbuki, Gürcüstan parlamentli quruluşa malik olduğundan burada ölkəni baş nazir İrakli Qaribaşvili təmsil etməli idi. ABŞ-ın yanaşmasına görə, prezident Salome Zurabişvili demokrat, baş nazir İrakli Qaribaşvili isə anti-demokratdır. Qəribə yanaşmadır.
Baş verənlər fonunda erməni hüquq müdafiəçisi Avetik İşxanyanın Ermənistanın bu sammitdə təmsil olunmasına münasibəti də olduqcamaraqlıdır: “Beləliklə, Ermənistan sözdə baş nazir, diktator və xəyanətkar Nikol Paşinyanın şəxsində ABŞ prezidenti Co Baydenin təşəbbüsü ilə onlayn rejimdə keçirilən ikinci demokratiya sammitinə dəvət olunub. Buradan belə bir nəticə hasil olur ki, seçkiləri saxtalaşdıran, məhkəmələri məhv edən, siyasi təqiblər həyata keçirən, qətllər də daxil olmaqla, öz tərəfdarlarının cinayətlərini ört-basdır edən diktator baş nazirin hökuməti “demokratik” hesab olunur. Mən hələ bu baş nazirin xəyanətləri haqqında danışmıram. Faktiki olaraq, demokratiyanın carçısı sayılan ABŞ yuxarıda sadalanan özbaşınalıqları müdafiə edir və onları demokratik dəyərlər sayır. Lakin əsl həqiqətdə bu dəvətlə demokratiya anlayışına kölgə salınır.Bu səbəbdən sizin sammitinizə və demokratiyanıza tüpürmək istəyirəm”. Bu arada maraqlı bir məqamı da qeyd edək ki, Ermənistan “Demokratiya naminə” sammitinin yekun bəyannaməsini dəstəkləməkdən imtina edib. Ermənistanla yanaşı, Hindistan və Meksika da sənədə imza atmayıb. Yekun bəyannamədə Ukraynada müharibənin humanitar nəticələri pislənilir. Dövlət Departamenti tərəfindən yayılan bəyannamənin mətninə əsasən, sənəddə Rusiya Federasiyasından “qüvvələrini Ukrayna ərazisindən çıxarmağı” tələb edilir. Ermənistan, Hindistan və Meksika bu bəndə dəstək verməyib. Bununla Paşinyan ABŞ-ın istədiyi mövqeyi nümayiş etdirməkdən imtina edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə ABŞ-ın demokratiya yanaşmasının ikili standartların təzahüründən başqa bir şey olmadığını vurğulayıb: “Demokratiya sammitləri ABŞ-ın neokolonial təcrübələrinin təzahürüdür və onları təşkil etmək səylərinin arxasında ABŞ-ın nəzarət alətlərini qanuniləşdirmək istəyi dayanır. Onların təşkili və toplanması səylərinin arxasında ABŞ-ın xarici nəzarət və dövlətlərin daxili işlərinə müdaxilə alətlərini yeniləmək və qanuniləşdirmək, suveren dövlətləri Vaşinqtonun qlobal maraqlarına xidmət etməyə təşviq edən eynəklə baxmağa məcbur etmək istəyi dayanır”. Rusiyalı politoloq Sergey Markov öz növbəsində bildirib ki, “Demokratiya naminə” sammitə Rusiya, Türkiyə, Çin, Macarıstan və Azərbaycanın dəvət olunmaması bu ölkələrin suveren olduğunu, Vaşinqtonun əmrlərinə tabe olmağa deyil, öz maraqlarının müdafiəsinə hazır olduğunu göstərir: “Demokratiya naminə” sammit böyük ironiyadır, belə ki, onun məqsədi digər ölkələri sıxışdırıb çıxarmaq, dünyanı müxtəlif düşərgələrə bölməkdir. Bu, bir növ “parçala və hökm sür” siyasətidir. Dövlət səviyyəsində terrorçuluğu dəstəkləyən Ermənistanın sammitə dəvət olunması fonunda Macarıstan, Azərbaycan və Türkiyənin dəvət olunmaması iştirakçıların hansı meyarlarla seçilməsi barədə təəssürat yaradır".
Tahir TAĞIYEV