Moskva İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) digər üzvləri ilə qarşılıqlı münasibətlərinə dair ziyanlı diskussiyanın dayandırılmasını və bununla bağlı bütün problemlərin konstruktiv həllini istəyir. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
Ermənistanın baş naziri Nikol Paşinyanın “Ermənistan KTMT-dən yox, bəlkə də KTMT Ermənistandan çıxır” bəyanatını şərh edərkən Qaluzin bildirib: “Ümid edirik ki, kimin hardan çıxmasına dair ziyanlı diskussiyalara son qoyulacaq və təşkilatın Ermənistan ərazisində missiyasının yerləşdirilməsi də daxil, İrəvanın KTMT çərçivəsində qarşılıqlı münasibətlərinə dair məsələlər konstruktiv və qarşılıqlı faydalı axarda həll olunacaq”. Rusiya xarici işlər nazirinin müavini Moskvanın Ermənistanın təhlükəsizliyinin təminatı məqsədilə Azərbaycan-Ermənistan sərhədində KTMT missiyasının yerləşdirilməsi planlarının, KTMT-nin respublikaya köməyinə dair təşkilat şurasının qərarında nəzərdə tutulmuş başqa tədbirlərin həyata keçirilməsinə hazır olduğunu bir daha təsdiq edib. Qaluzin RTVI telekanalına müsahibəsində deyib: “Biz bu işə Ermənistanın hazır olduğu qədər hazırlıq”. Xatırladaq ki, İrəvan KTMT şurasının Ermənistana köməyə dair bəyannaməsini imzalamayıb. Ermənistan KTMT-nin İrəvan sammitində hazırlanmış bu bəyannaməsində “Azərbaycan təcavüzünün” pislənməsini tələb edirdi. Lakin KTMT-yə daxil ölkələrin başçıları Bakının rəsmən pislənməsinin bu sənəddə yer almasına qarşı idilər. Bunun ardınca Ermənistan KTMT ilə bağlı bir sıra radikal addımlar atıb. İrəvan təşkilatın Ermənistanda keçirilməsi nəzərdə tutulan manevrlərində iştirakdan və KTMT-də sədrin müavini postundan imtina edib. Ermənistan Rusiyanın istəklərinə rəğmən ölkəyə Avropa İttifaqı müşahidəçilərinin missiyasını dəvət edib. Bunun ardınca İrəvanın Rusiyaya qarşı növbəti radikal addımı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) yurisdiksiyasını tanıması olub. Həmin məhkəmə isə prezident Vladimir Putinin həbsinə order verib. Qeyd edək ki, Rusiya artıq İrəvanın bu addımına dair susqunluğunu pozub. Ermənistan Konstitusiya Məhkəməsinin təsdiqindən sonra Rusiya XİN İrəvanın BCM-nin Roma Statutuna qoşulmaq planlarını tamamilə qəbuledilməz adlandırıb. Rusiya tərəfinin narahatlığı birbaşa deyil, TASS dövlət xəbər agentliyi vasitəsilə Xarici İşlər Nazirliyindəki mənbə vasitəsilə ifadə olunub. Erməni mütəxəssislər hesab edirlər ki, Rusiyanın seçilmiş leksikon və informasiyanın ötürülməsi üslubu daha çox “xəbərdarlıq atəşinə” bənzəyir. Çünki TASS-ın həmsöhbəti Ermənistana İrəvanın qərarının ikitərəfli münasibətlərə son dərəcə mənfi təsir edəcəyi barədə xəbərdarlıq edildiyinə də diqqət çəkib. Erməni politoloq Sergey Melkonyan KTMT məsələsi, Avropa İttifaqı müşahidəçilərinin missiyası ilə bağlı ziddiyyətlərin ardınca BCM-lə bağlı olayın İrəvan üçün ciddi poblemlər yaradacağı qənaətindədir: “İrəvan bu məsələni guya Azərbaycana qarşı BCM-də iddia qaldırmaq niyyəti ilə ifadə edir. Amma mahiyyət başqadır. Ermənistanın bu yaxınlarda Putinin həbsinə order vermiş Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanıması Rusiyada ciddi hiddət doğurub. BCM-nin yurisdiksiyasının tam tanınması üçün onunla bağlı sazişin parlamentdə ratifikasiyası zəruridir. Bu da onsuz da həssas olan Ermənistan-Rusiya münasibətlərini şübhə altına ala bilər. Düzünü desəm, İrəvanın niyə Roma Statutunu ratifikasiya etməli olduğunu anlaya bilmirəm. BCM hansısa qərar çıxarsa və Azərbaycanı günahkar elan etsə belə, Bakı bunu sadəcə olaraq görməzdən gələ bilər. Çünki onlar bu müqaviləni tanımır və onun yurisdiksiyasına daxil deyillər. Azərbaycanın yüksək rütbəli hərbçilərinin BCM vasitəsilə məsuliyyətə cəlb edilməsi nəticəsiz olacaq, lakin bu qərar Ermənistan-Rusiya münasibətlərinə yenidən zərbə vuracaq. Əlbəttə ki, Ermənistan BCM-in Rusiya ilə bağlı qərar qəbul etməsindən əvvəl BCM müqaviləsinin ratifikasiyası prosesinə başlayıb. Amma həmin an məhkəmədə Rusiya ilə bağlı artıq müzakirə gedirdi. Bu baxımdan İrəvanın addımı Rusiya tərəfində anlaşılmazlığa səbəb olacaq. Ona görə də belə hallarda hər zaman diplomatik iş lazımdır. İnanmıram ki, Ermənistan hakimiyyəti müvafiq diplomatik iş aparıb və Moskvaya öz hərəkətlərinin məqsədəuyğunluğunu izah edib. Bakıya təzyiq məsələsində BCM mexanizmlərinin səmərəsizliyi və Rusiya ilə münasibətlərə zərbə səbəbindən Roma Statutunun ratifikasiyası yersizdir”.
Bundan öncə isə erməni deputat Qagik Melkonyan açıq mətnlə bildirib ki, Rusiya prezidenti Vladimir Putin ölkəyə gələrsə, Ermənistan onu həbs etməli olacaq. Onun sözlərinə görə, Roma Statusu ratifikasiya olunarsa, İrəvan bunu etməli olacaq: “İrəvana səfər edəcəyi təqdirdə Rusiya dövlətinin başçısı həbs oluna bilər”. Məsələ ilə bağlı Rusiyanın “Vestnik Kavkaza” portalı yazır: “Deputat Qagik Melkonyanın Putinin Ermənistanda həbs olunacağı vədi İrəvanın hazırda Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımaq qərarının təsadüf olmadığını göstərir. Melkonyan suala birmənalı cavab verməkdən yayına bilərdi, məsələn, deyə bilərdi ki, İrəvana Bakıya xarici siyasi təzyiq üçün BCM lazımdır. Lakin Paşinyanın nümayəndəsi hakimiyyətin Rusiya liderini həbs etməyə hazır olduğunu açıq şəkildə bəyan edib. Bu sözlər müsahibədə dərc edilib, çıxarılmayıb, buna görə də bu, İrəvandan qeyri-rəsmi, lakin aydın bir işarədir ki, onun həqiqətən Roma Statutuna ehtiyacı var. Strateji baxımdan Paşinyan rejimi Ermənistanı Rusiyadan mümkün qədər uzaqlaşdırmağa çalışır. Onun taktikası standartdır: maksimum dərəcədə günahsız qurban kimi görünmək: guya heç bir səhv etmir, amma ölkələrarası münasibətlər hələ də pisləşir. Bu cür taktikalar Rusiyanı mənfi reaksiyaya təhrik etmək cəhdlərinə əsaslanır ki, Ermənistan heç bir günahı olmadan münasibətlərin soyuduğunu bəyan etsin. Tipik nümunə Nikolun “KTMT Ermənistanı tərk edir” kimi absurd bəyanatıdır. Əslində, məhz İrəvan KTMT-dən çıxmaq üçün fürsət axtarır, amma elə göstərmək istəyir ki, guya bu onun iradəsi ilə baş vermir. Eyni məqam Roma Statutu ilə də müşahidə olunur. Ermənistan Konstitusiya Məhkəməsi sanki təkbaşına BCM-nin sənədlərinə münasibətə yenidən baxmaq qərarına gəlib və illər sonra bu Statutun onların ölkə konstitusiyasına uyğun gəldiyini müəyyən edib. İndi isə Paşinyanın nümayəndələri mücərrəd nəticələr çıxarmağa başlayıblar ki, İrəvan BCM-nin yurisdiksiyasını tanıdığından, onun hökmlərinə, o cümlədən Putinin həbs orderinə uyğun hərəkət edəcək. Burada məqsəd bəllidir - yenidən qurban rolunu oynamaq üçün Rusiyanın qəzəbinə səbəb olmaq. Və Rusiyanın qəzəbi həqiqətən də artır”.
Nahid SALAYEV