İsraildə Azərbaycan səfirliyi - Qafqaz və Şərq geosiyasətində dəyişdirici faktor...

30 Mart 2023 19:23 (UTC+04:00)

Martın 29-da İsraildə Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan və İsrailin xarici işlər nazirləri Ceyhun Bayramov və Eli Kohen, həmçinin hər iki ölkənin parlament, ictimaiyyət və incəsənət nümayəndələri iştirak edib.

Mərasim hər iki ölkənin Dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Tədbirdə çıxış edən nazir Ceyhun Bayramov səfirliyin açılışının iki ölkə münasibətlərinin inkişafına yeni təkan verəcəyini bildirib. Diplomat Azərbaycan-İsrail əməkdaşlığının müxtəlif istiqamətlərindən danışıb, perspektiv imkanları qeyd edib. O deyib ki, Azərbaycanın yəhudi icması cəmiyyətimizin inkişafına öz töhfəsini verir. Nazir səfirliyin açılışından sonra İsraildəki Azərbaycan diasporunun fəaliyyətinin də aktivləşəcəyinə əmin olduğunu söyləyib.

Sonra nazirlər səfirliyin adı olan lövhəni təqdim ediblər.

İsrail Azərbaycanda səfirliyi 30 il bundan əvvəl açıb. Biz isə 30 il gözlədik. İsraildə səfirliyimizin açılmasının ölkəmizə nə kimi faydası olacaq?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,  bizim müstəqilliyimizi qazandığımz dövrdə İsraillə normal münasibətlərimiz olub:  “Ancaq texniki səbəblərdən səfirlik açmaq mümkün olmamışdı. İsraildə səfirliyin açılması iki dövlət arasındakı münasibəti daha yüksək səviyyə qaldıracaq. Səfirliyin mövcudluğu tərəfləri daha sıx əməkdaşlıq etməyə, geniş siyasi müzakirələr aparmağa, birgə layihələr həyata keçirməyə imkan verəcək. Böyük qrup məsələləri üzrə hər iki ölkənin mövqeyi üst-üstə düşür. İsrailin Azərbaycan ordusunu silahla təchizatında böyük rolu var. 44 günlük Vətən müharibəsində bu silahlar bizə böyük dəstək oldu. Fələstində də rəsmi nümayəndəliyimiz açıldı. Bu da onu göstərir ki, Azərbaycan Fələstin xalqının müstəqil dövlət siyasətini dəstəkləyir.

Azərbaycan səfirliyi xarici diplomatiya və diaspor səviyyəsində fəaliyyət göstərəcək. Biz İsraildə səfirlik açmaqla yanaşı, Fələstində də Təmsilçilik Ofisimizi təsis edirik. Burada hər hansı dindən, məzhəbdən yox, dövlət və dövlətçilikdən söhbət gedir. Bu addımla sübut etdik ki, xarici siyasətimizdə müstəqilik və hansısa xarici  təzyiqlər bizi yolumuzdan döndərə bilməz. İsrail dövlət olaraq hərbi, siyasi, iqtisadi, eyni zamanda, mədəni-mənəvi cəhətdən strateji əhəmiyyət kəsb edən tərəfdaşımızdır. İsraildə səfirliyin açılması Azərbaycan Prezidentinin yürütdüyü xarici siyasətin növbəti uğurlu nəticəsidir. Bu istiqamətdə daha ciddi addımlar atılacaq".

Ekspertin sözlərinə görə, səfirliyin açılması həmişə iki ölkə arasında münasibətlərdə müzakirə olunan mövzu olub: “Zamanın düzgün seçimi də vacib məsələdir. İndi  belə qərarın verilməsi tam yerinə düşdü. Necə deyərlər, indi vaxtı idi. Bu, həmçinin diplomatik münasibətlərdə mühüm addım və qələbədir. Bundan əvvəl Azərbaycan və İsrail arasında əlaqələr hər kəsə məlum idi. Bundan sonra əlaqələr daha da inkişaf edəcək”.

Məhəmmədəli QƏRİBLİ