Həyasızlığın dərəcəsinə bax ki, Ermənistan əvvəl Laçın yoluna faktaraşdırıcı missiyanın göndərilməsi tələbi ilə çıxış edirdisə, indi Qarabağa da belə bir missiyanın göndərilməsini istəyir.
Ermənistan rəsmisi Riqaya işgüzar səfəri zamanı Latviya prezident administrasiyasının rəhbəri Andris Teykmanis, bu ölkə prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Yaanis Kazoçniş və digər rəsmi şəxslərlə görüşüb. A.Qriqoryan Latviya Prezident Aparatında görüşündə həmkarlarına Laçın dəhlizinin “bağlanması”ndan və yaranmış “humanitar böhran”dan danışıb. O, Azərbaycanda mümkün eskalasiya ilə bağlı narahatlığını bildirib. Bu səbəbdən Qriqoryan Qarabağa və Laçın dəhlizinə beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsinin zəruriliyini qeyd edib: “Qarabağ və Laçın dəhlizinə beynəlxalq faktaraşdırıcı missiya göndərilməlidir”.
- “Kimin nə deməsindən asılı olmayaraq, suveren ərazimizə hansısa faktaraşdırıcı missiyanın göndərilməsi qətiyyən yolverilməzdir”
Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyası sədri Elşad Musayevin fikrincə, bununla Ermənistan həyasızcasına Azərbaycanın daxili məsələsini beynəlxalq müstəviyə daşımaq istəyir: “İkinci tərəfdən də, bunlar Azərbaycanın daxili işlərinə qarışırlar. Kimin nə deməsindən asılı olmayaraq, Azərbaycanın suveren ərazisinə hansısa faktaraşdırıcı missiyanın göndərilməsi qətiyyən yolverilməzdir. Ona görə də bizim Xarici İşlər Nazirliyi dərhal buna etiraz etməlidir. Yaxşı olardı ki, faktaraşdırıcı missiya Qazaxın işğal altında olan 7 kəndinə göndərilsin. Nədənsə, Ermənistanın mövqeyindən çıxış edən qurumlar bu məsələyə toxunmurlar. Bu, məsələnin bir tərəfi. Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, Azərbaycanda qorxaq mövqedən çıxış edən şəxslər var. Bir şey olan kimi, deyirlər ki, beynəlxalq hüquq var. Halbuki, ermənilər bizim ərazimizi işğal edib, Türkiyənin Ağrı dağına açıq iddia edirlər, amma bu zaman beynəlxalq hüquq kiminsə yadına düşmür. Ona görə də biz Ermənistanla mübarizənin hansı qaydada aparılmasını yaxşı bilməliyik. Çünki erməni həyasızlığının arxasında dayanan qüvvələr var və onları müdafiə edirlər. Ona görə də ideoloji, diplomatik, informasiya, psixoloji sahədə mübarizə aparmalıyıq. Azərbaycan sahədə daha çox uğur qazanır. Ordumuz vacib strateji əhəmiyyətli yüksəklikləri nəzarətə götürür, separatçıların hərəkət fəaliyyətini məhdudlaşdırır. Ancaq informasiya sahəsində biz müəyyən qədər zəifik və o üzdən, fəaliyyətimizi gücləndirməliyik. Xüsusən də, alternativ vasitələr ortaya qomalıyıq. Məsələn, Qazaxın icra başçısı işğal altında olan kəndlərin sakinlərini bir yerə yığıb mitinq təşkil etməlidir. Beynəlxalq medianı ora cəlb etməliyik və əhali 7 kəndin azad edilməsini tələb etməlidir. Biz nədənsə bunları etmirik və sanki müdafiə mövqeyində dayanmışıq. Hesab edirəm ki, bu və digər yanlışlıqları biz aradan qaldırmalıyıq. Belə olarsa, o zaman nə A.Qriqoryan, nə də digər erməni tulası Qarabağa faktaraşdırıcı missiyanın göndərilməsi təşəbbüsü ilə çıxış etməyə cəsarət etməz”.
Vidadi ORDAHALLI