Baydenin Paşinyanı 2-ci demokratiya sammitinə dəvət etməsini ermənilər özləri necə topa tutdu...

30 Mart 2023 17:25 (UTC+04:00)

Erməni hüquq müdafiəçisi Avetik İşxanyan Ermənistanın korrupsiyaya bulaşmış hökumətini sərt tənqid edib.

Hüquq müdafiəçisi deyib: “Beləliklə, Ermənistan sözdə baş nazir, diktator və xəyanətkar Nikol Paşinyanın şəxsində ABŞ prezidenti Cozef Baydenin təşəbbüsü ilə onlayn rejimdə keçirilən ikinci demokratiya sammitinə dəvət olunub. Buradan belə bir nəticə hasil olur ki, seçkiləri saxtalaşdıran, məhkəmələri məhv edən siyasi təqiblər həyata keçirən, qətllər də daxil olmaqla öz tərəfdarlarının cinayətlərini ört-basdır edən diktator baş nazirin hökuməti “demokratik” hesab olunur.

Mən hələ bu baş nazirin xəyanətləri haqqında danışmıram. Faktiki olaraq, demokratiyanın carçısı sayılan ABŞ yuxarıda sadalanan özbaşınalıqları müdafiə edir və onları demokratik dəyərlər sayır. Lakin əsl həqiqətdə, bu dəvətlə demokratiya anlayışına kölgə salınır.  Bu səbəbdən sizin sammitinizə və demokratiyanıza tüpürmək istəyirəm”.

Paşinyanın sammitə dəvətinə Ermənistanın daxilində belə etirazların olması  nə ilə izah oluna bilər?

Müstəqil siyasətçi Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Amerika Birləşmiş Ştatlarının öndərliyilə keçirilən ikinci demokratiya sammiti tarixdə uğurlu nəticələri ilə qalmayacaq: “Dəvət olunan dövlətlərin sayının artırılmasına, repressiyaların artdığı Hindistanın bu dəfə demokrat hesab olunmasına, zorakılıqla hakimiyyətdən uzaqlaşan İmran xanın ölkəsi sayılan  Pakistanın da  dəvət olunmasına, ABŞ-ın Çinin vahidliyini qəbul etsə də, Tayvanı ora dəvət etməsinə, Ermənistanın bu sammitdə ikinci dəfə iştirakına baxmayaraq demək istəyirəm ki, bu sammitdən uğur gözləmək çox gülünc olardı. Hətta onu da bildirmək istəyirəm ki, Ermənistanın bu sammitdə ikinci dəfə iştirakı Ermənistanın özündə də çox ciddi narazılıqlarla qarşılandı. Hüquq müdafiəçiləri, siyasi partiya liderləri və xalq Ermənistanda pensiyaların artdığını, müxalifətə qarşı müxtəlif üsullarla, qanundankənar vasitələrlə mübarizə aparıldığını, məhkəmələrin tamamilə hakimiyyətin nəzarətində olduğunu etiraf etsələr də, yenə də Ermənistan demokratik dövlət kimi bu sammitə ikinci dəfə dəvət olundu. Təbiidir ki, Paşinyan bu məqamdan istifadə edib, Azərbaycan əleyhinə müddəanı yekun sənədə salmağa çalışdı və növbəti dəfə uğursuzluğa məruz qaldı. Bir daha anladı ki, Azərbaycan hətta iştirak etməsə də, onun əleyhinə hansısa müddəanın yekun sənədə salınması çox çətindir. Çünki Azərbaycanın dünyada nüfuzu durmadan artır, Azərbaycanı dəstəkləyən kifayət qədər dövlətlər var. Yekun sənədi 120 dövlətdən yalnız 73-ü imzalayıb. Ermənistan da müəyyən şərtlərlə sənədi imzalayıb. Həm Ukraynanın Rusiya tərəfindən işğala məruz qalmasına, Rusiyanın Ukraynada törətdiyi vəhşiliklərlə bağlı müddəalara müəyyən qədər etiraz edib. Azərbaycanın guya Ermənistana qarşı törətdiyi müəyyən beynəlxalq hüquqa zidd dirnaqarası hərəkətlərlə bağlı bəndin salınmamasına etiraz etsə də, bütövlükdə yekun sənədi imzalayıb. Bu sammit bir daha göstərdi ki, demokratiya sammiti deyil, Rusiya və Çin əleyhinə koalisiyanı formalaşdırmaq cəhdidir və növbəti uğursuz cəhddir. Türkiyə və Macarıstan yenə dəvət olunmadı. Məlum oldu ki, ABŞ-ın NATO-da olan müttəfiqləri Ermənistana, bəzi Afrika ölkələrinə nisbətən daha az demokratik dövlətlərdir. Təbiidir ki, bu bütün dünyada çox ciddi suallar doğurdu və bu tədbirin nüfuzuna çox ciddi zərbə vurdu. Belə sammitlər bundan sonra da davam etdiriləcəkmi? Çox ciddi sual altındadır. Baxmayaraq ki, ABŞ keçən sammitdən sonra dünyada demokratiyanın inkişafına 400 milyon dollar vəsait ayırmışdı, bu dəfə isə 690 milyon ayırmaq qərarına gəldi. Ancaq yanaşılma dəyişilməsə, ABŞ obyektiv münasibət nümayiş etdirməsə, bu cür tədbirlərin gələcəyi çox ciddi suallar doğurur və ola bilsin ki, bu sammitləri bundan sonra davam etdirmək mümkün olmasın”.

Məhəmmədəli QƏRİBLİ