Molla rejimi 85 yaşlı cənublu şairi intihara necə təhrik etdi...

28 Mart 2023 17:34 (UTC+04:00)

Azərbaycanın Güneyundə yazıb-yaradan ədiblərin, qələm adamlarının, söz-sənət sahiblərinin yaradıcılığı hər zaman diqqətimizi cəlb edib. Güney Azərbaycanda yazıb-yaradan şairlərin hamısı ana dilinin mudafiə cəbhəsində dayanıblar, dilimizin təbliğində mühüm rol oynayıblar. Belə simalardan biri də 1903-cü ildə Təbrizdə doğulan görkəmli şair Həbib Sahirdir ki, onun yaradıcılığı poeziyamızı zinətləndirib.

İlin əvvəlində redaksiyanın tərtib etdiyi plana uyğun olaraq, "Türkün dilitək sevgili dil olmaz" rubrikasında görkəmli güneyli şair Həbib Sahirdən danışacağıq.

Güney Azərbaycanda molla hökumətinin yeritdiyi ədalətsiz siyasətə qarşı çıxan, hakim rejimə  baş əyməyən, el-obasına, milli kimliyinə sadiq qalan görkəmli güneyli şair Həbib Sahir yaşadığı müddətdə ana dilimiz uğurunda mübarizə aparıb.

 85 yaşında intihar edən ədibin çox zəngin söz irsi miras qalıb.

Şairin həyat və yaradıcılığına nəzər salaq. Həbib Sahir 1903-cü ildə Təbriz şəhərində anadan olub. Atasını erkən yaşda itirən Həbib Sahir ilk təhsilini mollaxanada alır. Daha sonra orta təhsilini Təbrizdə Məhəmmədiyyə mədrəsəsində başa vurur. O, mədrəsədə təhsil aldığı illərdə Türkiyədə təhsil almış, fransız dili və ədəbiyyatı müəllimi olan Tağı Rüfət onun müəllimi olur. Tağı Rüfət şairdə Qərb ədəbiyyatına maraq oyadır.

Tədqiqatçıların yazdığına görə, Həbib Sahir 1927-ci ildə Türkiyəyə gedir. O, Türkiyədə yaşayan iranlılar üçün açılmış "Dəbistane-İraniyan" məktəbində iki il fars dili və ədəbiyyatı müəllimi kimi işləyir. 1929-cu ildə İstanbul Universitetinin tarix və coğrafiya fakültəsinə qəbul olunur. Burada çağdaş türk və fransız poeziyası ilə yaxından tanış olur. Təhsil aldığı müddətdə fransız dilini öyrənir, bu dildə əsərləri mütaliə edir. Həbib Sahir müəllimi Sədi bəyin tövsiyyəsi ilə "İran Azərbaycanının təbii coğrafiyası" adlı buraxılış işinin xülasəsini 1934-cü ildə "Azərbaycan yurd bilgisi" jurnalında silsilə şəklində nəşr etdirir Türk və fransız şerinə yaxından bələd olan Sahir Lamartinin məşhur "Göl" poemasını Azərbaycan türkcəsinə tərcümə edir.

Tədqiqatçılar qeyd edir ki, o, Təbrizdə yaşadığı illərdə bir-birinin ardınca farsca yazdığı "Şəqaiq" ("Kölgələr"), "Gecə əfsanəsi", "Seçilmiş şeirlər" adlı kitabları çap olunur. Fransız, ərəb və rus dillərini yaxşı bilən şair Bodlerdən, Lamartindən, Qorkidən, Lermontov, Sədi, Hafiz, Xəyyamdan dilimizə bir sıra əsərləri tərcümə etmişdir. Eyni zamanda onun fransızca şeirlə və ərəbcə kiçik hekayələr yazdığı məlumdur. Cənubi Azərbaycanın tanınmış ziyalıları Tağı Rüfətdən sonra Azərbaycan dilində sərbəst şeir nümunələrinin yaradılmasını Həbib Sahirin adı ilə bağlayırlar.[2] Şair şeir yazmağa əruz vəzni ilə başlasa da, sonralar heca vəzninə üstünlük verdi. Tədqiqatçılar bildirir ki, 85 yaşında Tehran yaxınlığındankı Aria şəhərində yaşadığı mənzilin pəncərəsindən özünü asdı. Tehranın “Beheşt-e Zəhra” qəbiristanlığında dəfn olunub.

Şairin intihar etməsinin səbəbləri geniş şəkildə açıqlanmır, bəzilərinin dediklərinə görə, burada molla rejiminin əli olub. Əlbəttə, ana dilli poeziyamızın inkişafında böyük əməyi olan Həbib Sahirin intihara əl atması təsadüfi olmayıb, mütləq bunun bir siyasi tərəfi olub.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Fuad  "Əsir ellərin taleyini yazan şair" məqaləsində qeyd edir ki, Həbib Sahir çağdaş Güney Azərbaycan poeziyasının ən qüdrətli nümayəndələrindəndir.  "O, lirik-romantik duyğular şairi, müasir və klassik şeir ənənələrini yaradıcılıqla davam etdirən, həm xalq ruhunda, həm də yeni üslubda, sərbəst vəzndə uğurlu əsərlər yazıb-yaradan görkəmli qələm ustası kimi tanınmışdır... Həbib Sahir 1903-cü ilin mayında Təbriz şəhərinin Sürxab məhəlləsində dünyaya gəlmişdir. Atası Mirqəvam Məşrutə inqilabı zamanı həlak olmuş və 5 yaşlı körpənin tale qapısını yetimlik, öksüzlük adlı sitəm döymüşdür.

O, ilk təhsilini mollaxanada alıb. Hələ 6 yaşı tamam olmayan Həbibi Boyat qəbiləsindən olan anası Fatimə xanım (Bunu şair sonralar ustad Şəhriyarın “Heydərbabaya salam” mənzuməsinə yazdığı nəzirəsində - “Məktəb xatirələri” poemasında da: Anam mənim ortaboylu bir xanım, Siyah saçlı, «Bayat» soylu bir xanım, - deyərək vurğulayıb...) məsciddəki molla məktəbinə gətirib və deyib: «Axund, Həbibin əti sənin, sümükləri mənim». Mollaxanada ərəbcə təhsil almağa başlayan balaca Həbib buranın sərt qayda-qanunları və mollanın əzazilliyi ucbatından bir çox çətinliklərlə üzləşir, lakin məhəllədəki «Sərdabə üstü» molla məktəbində mollabacıdan ərəbcə dərs aldığından ərəb dilində yazıb-oxumağı çox tez öyrənir. «Mədaris-i Mötəmidə» və «Rüşdiyyə» məktəblərində ibtidai təhsil aldıqdan sonra, «Mədrəse-yi Mübarək-e Məhəmmədiyyə» liseyində ustad Şəhriyarla birgə oxuyur. 1925-ci ildə orta təhsilini bitirən Həbib fransız dilini mükəmməl öyrənməyə başlayır. Çünki «Mədrəse-yi Mübarək-e Məhəmmədiyyə»də təhsil alarkən mətin inqilabçı, görkəmli ictimai-siyasi xadim Şeyx Məhəmməd Xiyabaninin baş müavini, məşhur şair və inqilabçı Mirzə Təqi xan Rəfət onun fransız dili və ədəbiyyatı müəllimi olmuş, qəlbində bu qədim mədəniyyət dilinə, şeirə, poeziyaya, ümumiyyətlə, böyük ədəbiyyata dərin sevgi oyatmışdı".

E.Fuad qeyd edir ki, hələ tələbə ikən gənc Həbibdə poeziyaya böyük həvəsi, şairlik istedadını görüb hiss edən T.Rəfət o vaxtlar Türkiyədə nəşr olunan «Sərvət-i fünun», «Ədəbiyyat-i cədid», «Rəsmli ay» kimi ədəbi-ictimai jurnalları ona çatdırırdı. "O isə öz növbəsində sonsuz maraq və sevgi ilə türk ədib və şairlərinin, eləcə də Tofiq Fikrətin, Cəlal Sahirin yeni forma və məzmunlu əsərlərini oxuyur, Türkiyə ədəbi mühiti ilə tanış olurdu. Həmin əsərlər gənc Həbibə güclü mənəvi təsir bağışlayırdı. Bu dərin təsirin nəticəsində Həbib Cəlal Sahirin soyadını özünə sevgi ilə soyad seçir.

Qeyd edək ki, dövrünün tanınmış novator şairlərindən olan Təqi xan Rəfət Təbrizdə «Təcəddüd» (yeniləşmə) adlı qəzet buraxırdı. Tələbələri isə onun şeirin forma və məzmununda yaratdığı yenilikdən ilham alaraq «Əncümən-i Rəfət» qəzetini yayımlayırlar. «Əncümən-i Rəfət»də şairin sevimli tələbələri Məhəmməd Xürrəm, Həbib Sahir, Təqi Bərgüzar, Yəhya Arianpur daha çox fəallıq göstərir, hətta «Ədəb» adlı yeni qəzet də buraxırdılar. Lakin Xiyabani hərəkatı şah qoşunları tərəfindən xüsusi amansızlıqla yatırıldıqdan sonra qabaqcıl qəzet və dərgilər bağlandı. Bütün bu haqsızlıqlara, Xiyabaninin öldürülməsinə dözə bilməyən Təqi xan Rəfət Qızıl Dizə kəndində özünü asaraq intihar edir. Lakin sədaqətli tələbələri, o cümlədən, Həbib Sahir novator şairin yaradıcılıq yolunu davam etdirirdilər. Sahir hələ «Məhəmmədiyyə» mədrəsəsində təhsil alarkən fransız dilindən az-az tərcümələr edir, mətbuatda nəşrinə nail olur, fransız ədəbiyyatı ilə maraqlananlara bu ədəbiyyatla, qismən də olsa, tanışlıq imkanı yaradırdı. Ancaq Xiyabaninin və müəllimi Təqi Rəfətin şəhid olması, onların faciəli taleyi Sahirin ürəyinə dərin yara vurur, ruhunu sarsıdır. Bu böyük kədər həssas gəncin əbədi qəlb ağrısına çevrilir və ilk qələm təcrübəsini, ilk şeirini də məhz alovlu vətənpərvər, mətin inqilabçı Şeyx Məhəmməd Xiyabaninin ölümünə həsr edir. Türkiyəyə, türk ədəbiyyatına marağı isə səngimək bilmirdi. Bu böyük maraq onu qardaş ölkəyə doğru çəkirdi".

"Dil günəşdir işıq saçır, Azadlığa qapı açır..." Tədqiqatçı yazır ki, Sahir şeir yaradıcılığından fərqli olaraq mütaliəyə ciddi yanaşır və bədii ədəbiyyata daha çox vaxt ayırır. Ara-sıra şeirlər, İstanbul türkcəsində bir-iki qəzəl yazsa da, əsasən böyük fransız şairi Şarl Bodlerin yeni səpkili şeirlərini fars dilinə tərcümə edir. "Eyni zamanda, böyük Sədinin “Gülüstan” əsərini, Hafiz Şirazinin qəzəllərini fars dilindən Azərbaycan türkcəsinə çevirir. Klassik şeir ənənələrindən fərqli, Gənc şairin Azərbaycana, onun bənzərsiz təbiətinə sonsuz sevgisi, yurd təəssübkeşliyi diplom işində də özünü yansıdır.

O, «İran Azərbaycanının təbii coğrafiyası» adında diplom işi yazır və uğurla müdafiə edir. Beləliklə, Həbib Sahir Türkiyədə təhsilini başa vurur və 1933-cü ildə Təbrizə qayıdır. Maarif İdarəsinin təyinatı ilə Təbriz şəhər məktəbində müəllim işləməyə başlayır. Şagirdlərə coğrafiya fənnini tədris edir və onlar üçün dərsliklər yazır. Sahir fitrətən şair doğulmuşdu, ədəbiyyat, poeziya vurğunu idi. Ana yurduna, xalqına və doğulduğu torpağa qırılmaz tellərlə bağlı Vətənini odlu məhəbbətlə sevirdi. Dərs dediyi şagirdlərə Ana dili ilə bərabər Azərbaycan ədəbiyyatını da dərindən öyrədirdi. Düşünürdü ki, «Ana dili parlaq qızıl açardır, elmlərin xəzinəsin açandır»... Həssas şair elmlərin xəzinəsinin açarı sandığı ana dili uğrunda bütün ömrü boyunca mübarizə aparıb. İnanıb ki, dilini qoruyan xalq, millət milli varlığını, kimliyini də qoruyub saxlayır və nə zamansa itirdiyi azadlığına qovuşur. «Dil günəşdir işıq saçır, Azadlığa qapı açır...»- deyən Həbib Sahir üçün yad dil, özgə dil xoş səslənsə də, xalqın başı üstündə sanki bir cəhənnəm kölgəsi, ölüm kabusu, cəllad qılıncıdır:

Bizə yad kabusu bax, kölgə salıb,
Bu ölümdür, bu ölüm kölgəsidir!
Yad dili olsa da xoş səsli, yenə
Bizcə ərbab səsi, cəllad səsidir..." E.Fuad vurğulayır ki,

1936-cı ildə Təbriz Maarif Nazirliyinin qərarı ilə Sahirin «Coğrafiye-yi Xəmsə» adlı dərsliyi Zəncanda nəşr edilir və mükafata layiq görülür.

1945-46-cı illər inqilabı, 21 Azər hərəkatı şairin həyatında, dünyagörüşündə bir oyanma, intibah yaradır. "S.C.Pişəvərinin hakimiyyəti dövründə «Ana dili» dərs kitabını yazır, mətbuatda ciddi məqalələrlə «Aydın» imzası ilə çıxış edir. Ədəbi yaradıcılıqla da fəal surətdə məşğul olur, lakin şahlıq səltənətinin qoşunları Azərbaycanın qüdrətlənməsindən ehtiyatlanan xarici havadarlarının köməyi ilə xalq hərəkatını qan dənizində boğur və fədailər hakimiyyəti itirirlər. Milli Hökumət devrilir. Cənubi Azərbaycanda irtica dövrü başlanır. Bu hadisə Həbib Sahirin də dünyasını qaraldır, ürəyini məngənətək sıxır. Lakin vətəndaş şair müəllimlik fəaliyyətini davam etdirir, gələcək nəslə tarixin ibrət dərslərini anladır, ana dilini şagirdlərinin beyninə həkk etdirirdi. Bu isə mövcud şahlıq üsuli-idarəsinin, fars şovinistlərinin əsla xoşuna gəlmirdi. Məktəbyaşlı uşaqların-şagirdlərin doğma türkcəni öyrənərək milli ruhda böyüməsi gələcəkdə onların milli hüquq və haqlarını tələb etməsi ilə nəticələnəcəkdir. Ona görə də mövcud irticaçı rejim hökmranlığını saxlamaq üçün bütün mümkün vasitələrdən istifadə etməklə bu oyanışın qarşısını almağa çalışırdı. Həbib Sahir haqqında hökm çıxarılır, şair Ərdəbilə sürgün edilir, burada «Səfəviyyə» məktəbində müəllim işləyir. Uşaqlara Azərbaycan dilində dərs deməsi, doğma türkcədə danışması, verilən xəbərdarlıqlara əhəmiyyət verməməsi ona yeni sürgün həyatı yaşadır. Şair Ərdəbildən çıxarılaraq Qəzvinə göndərilir. Yenə də ustadı T.Rəfətin yoluna və öz əqidəsinə sadiqlik göstərir. Nəticədə haqqında üçüncü dəfə sürgün hökmü çıxarılır, Mazandarana-Sariyə göndərilir. Lakin burada malyariya xəstəliyinə tutulduğundan geriyə-Qəzvinə qaytarılır. Yaradıcılığının, ədəbi fəaliyyətinin ən məhsuldar dövrü bu illərə (1933-1946) təsadüf edirdi. Əfsus ki, hökumət xəfiyyələri «Aydın», «Ülkər», «Ağ» kimi gizli imzalarla yazıb-yaradan şairdən şübhələnirlər və onu doğma şəhərindən, qaynar Təbriz ədəbi mühitindən ayırırlar. Dərdli şair sonralar yazırdı: «1941-1946-cı ilin payızına qədər məndə şairlik dövranı başladı. Ana dilində bollu-bollu şeir, hekayələr yazdım... muzdumu aldım.. 1946-cı ilin qışında mədrəsədən qovuldum! «Günahım» bu imiş ki, ana dilində şeir və hekayələr yazırdım. Bir müddət sonra məni Ərdəbilə sürgün etdilər. Orada nəzarət altında olub «Səfəvi» məktəbində dərs deyirdim. Ərbəbildə 3 il yaşayandan sonra «günahımı» bağışlayıb Qəzvinə göndərdilər. Qəzvində tam 13 il yaşadım, sonra Tehrana köçdüm»... Həbib Sahir, nəhayət, 1946-cı ildə, 43 yaşında ikən evlənmək qərarına gəlir və ağır sürgün həyatını yalqız deyil, ömür-gün yoldaşı Nüsrət ül-mülk Nuri xanımla birgə yaşayır. Uzaq ellərdə sürgünlüyə məhkum edilməsinə baxmayaraq şair bircə anlıq da olsa, doğma Təbrizi, doğulduğu torpağı, bətnindən qopduğu xalqını unuda bilmir, uçan quşlardan, əsən yellərdən o yerlərə peyğam, salam göndərir, çəkdiyi qürbət acıları, ayrılıq həsrəti, hicran duyğuları qəlbindən yazdığı şeirlərə, misralara süzülür:

Şəfəqlərdə uçan axşam quşları,
Məndən salam deyin gözəl Təbrizə.
Qatar ilə gedən Vətənə sarı,
Arxadaşlar! Bir baş vurun da bizə.

... Duman çöküb üfüqləri qaraltdı,
Mənə qürbət bir cəhənnəm yaratdı...
Xəzan yeli baxçamızı saratdı,

Daha nələr deyim, dostlar mən sizə?.."deyə tədqiqatçı vurğulayıb.

İradə SARIYEVA