Ermənistan təbliğat maşınının hazırda dünya rəyinə qəbul etdirmək istədiyi əsas tezislərdən biri budur ki, guya "Azərbaycan "Arsaxı" 10 noyabr sənədinin müddəalarını və digər razılaşmaları yerinə yetirməyən TƏRƏF kimi tanıtmaq və bununla da "Arsaxa" qarşı hazırladığı antiterror əməliyyatına əsas yaratmaq istəyir"...
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Burada "TƏRƏF" sözünü məqsədli olaraq seçmə işarələrlə ona görə yazdım ki, erməni tərəfinin bu kateqoriya altında hansı oyunu oynadığına diqqət yönəldim. Ermənistanda yaxşı bilirlər ki, Azərbaycan heç vaxt, heç bir kontekstdə qondarma "Arsaxı" "tərəf" kimi görməyib və adlandırmayıb. Əksinə, Ermənistanın öz təmsilçiləri yeri gəldi, gəlmədi, tərəf sözünü ortaya dürtməklə qondarma "Arsax" barədə "tərəf" təsəvvürü yaratmaq istəyirlər ki, bu da nəticə vermir. Digər tərəfdən, Ermənistanın təmsilçiləri qondarma "Arsaxı" tərəf kimi ortaya dürtməklə Ermənistanı postmüharibə məsuliyyətlərindən, o cümlədən üçtərəfli razılaşmaların icra edilməməsinin məsuliyyətindən kənara çəkmək istəyir. Lakin dünyanın hətta ən qərəzli və qeyri-obyektiv dairələrinə də məlumdur ki, heç bir üçtərəfli razılaşmada "Arsax" və ya Dağlıq Qarabağ ayrıca məsuliyyət və ya icra fəaliyyəti subyekti kimi qeyd edilmir... Azərbaycan razılaşmaların icra edilməməsinə görə əsas məsuliyyət daşıyan tərəf kimi Ermənistanın hərbi-siyasi rəhbərliyini görür, bütün ittihamları da onun üstünə yönəldir. Qarabağ bölgəsinin hələlik sülhməramlıların məsuliyyət zonasına verilmiş hissəsi isə "separatçı, cinayətkar qruplaşmaların qanunsuz toplanış yerindən başqa bir şey deyil"...
O ki qaldı antiterror əməliyyatına, fitnə yuvasına çevrilmiş Xankəndi və onun ətrafında məhz Azərbaycan qanunlarına uyğun hüquqi, siyasi və sosial-iqtisadi mühitin yaradılması üçün gərəkən bütün addımlar kimin ona hansı adları verməyindən asılı olmayaraq atılacaq. Bu Azərbaycan Prezidentinin iradəsidir və Azərbaycanın suveren haqqıdır...
Tahir TAĞIYEV