Xankəndi ətrafında hərbsiz zona və sonra sülh sazişi – İrəvandan yeni şərt və Bakının edəcəyi gediş...

18 Mart 2023 20:15 (UTC+04:00)

Ermənistan rəsmiləri sanki hər keçən gün mövqelərini daha da sərtləşdirir və həyasız tələblərlə çıxış edirlər. Məsələn, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanla danışıqlar prosesinə məsul olan 3 əsas şəxsdən biridir. Ancaq onun son açıqlaması belə deməyə əsas verir ki, qarşı tərəf yeni-yeni tələblərlə çıxış edərək bizə nəyisə diqtə etmək istəyir.

A.Qriqoryan son açıqlamasında faktiki olaraq danışıqları baltalayaraq bəyan edib ki, “Qarabağın təhlükəsizlik məsələsi” həllini tapmayınca sülh müqaviləsindən söhbət gedə bilməz: “Bakı Qarabağ erməniləri ilə ultimatum dilində danışmağa çalışır və müxtəlif vasitələrlə Dağlıq Qarabağa təzyiq göstərməyə davam edir. Ona görə də danışıqların baş tutması üçün müzakirə imkanı yaratmaq, anlaşmalar çərçivəsində qalmaq lazımdır. Biz təhlükəsizlik və hüquqları müzakirə etməyə razılaşdıq. Beynəlxalq mexanizm Stepanakertlə (Xankəndi) Bakı arasında danışıqlar və ya müzakirələr üçün nəzərdə tutulub. Bu müzakirələr nəticəsində mexanizmlər yaradıla bilər. Həmin mexanizmlərdən biri də Dağlıq Qarabağın təmas xətti ətrafında hərbsizləşdirilmiş zonanın yaradılması ola bilər. Bu hərbsizləşdirilmiş zona Dağlıq Qarabağ üçün təhlükəsizlik təminatı yaradacaq”.

Məsələyə münasibət bildirən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafayevin fikrincə, məğlub Ermənistanın belə sərt şərtlər irəli sürməsi Azərbaycanın milli maraqlarına uyğun deyil: “Bununla belə, A.Qriqoryanın açıqlamasında yeni məqamlar ortaya çıxır. Ümumiyyətlə, anlaşılan odur ki, danışıqlar prosesində hec də hər şey şəffaf deyil. Ən azından Azərbaycan cəmiyyətinin, ictimayyətinin bilmədiyi hansısa mətləblərə istinad olunur. Məsələn, A.Qriqoryanın açıqlamasında “biz təhlükəsizlik və hüquqları müzakirə etməyə razılaşdıq” ifadəsi var. Bu, nə deməkdir? Təhlükəsizlik və hüquqlar dedikdə nə anlaşılır? O cümlədən, danışıqlar mexanizmindən bəhs olunur. Əslində bunların hamısı onu göstərir ki, ya bu adam ifrata varır və ağlına gələni deyir, ermənilərin maraqlarına uyğun tezislərdən danışır. Ya da tərəflər arasında hansısa razılaşmalar var və sadəcə olaraq bundan bizim xəbərimiz yoxdur. A.Qriqoryan elə təəssürat yaratmağa çalışır ki, sanki Azərbaycan tərəfi onlara hansısa vədlər verib. Həmin məqamlara işarə vurur ki, burada beynəlxalq mexanizm nəzərdə tutulur, təhlükəsizlik və hüquqlar müzakirə etmək barədə razılıq var və s. Ancaq əslində bizim bildiyimizə görə, belə məsələlər müzakirə olunmur. Olunursa belə, şəxsən mənim bu barədə məlumatım yoxdur. Ümumiyyətlə, Qarabağ Azərbaycanın daxili işidir və kiməsə niyə hansısa vəd verilməlidir? Yaxud da hansısa beynəlxalq mexanizm niyə yaradılmalıdır ki? Ermənistanın, Gürcüstanın, Rusiyanın içindəki proseslərə dünya qarışırmı? Bu gün Fransanın Korsika problemi var. Buna dünya qarışırmı, bunun üçün hansısa beynəlxalq mexanizm nəzərdə tutulurmu? Belə olan halda niyə Qarabağla bağlı belə mexanizm müzakirə obyekti olmalıdır? Qarabağla bağlı problem var idi və 2020-ci ildə həll olundu. Qarabağ erməniləri qanunlarımızı qəbul edib yaşamaq istəyirsə, problem yoxdur. Bunu istəmirlərsə, şələ-şüləsini götürüb çıxıb getsinlər. Ermənilər birdəfəlik anlamalıdırlar ki, onlar Qarabağda aborogen xalq deyil. Ona görə də Ermənistan rəsmisinin məlum tələbləri yolverilməz və qəbuledilməzdir. Onlar xoşluqla bunu etməyəcəklərsə, o zaman güc yolu işə salınmalıdır”.

Vidadi ORDAHALLI