Putinin həbsinə order verildi - Beynəlxalq hökm necə icra olunacaq...

18 Mart 2023 19:39 (UTC+04:00)

Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putin və prezidentin uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belovanın həbsinə order verib. Sənədə əsasən, onlar hərbi cinayətlərdə, o cümlədən əhalinin, xüsusilə uşaqların qanunsuz deportasiyası və qanunsuz olaraq Rusiyaya köçürülməsi ilə məşğul olublar.

Məlumata görə, Ukraynada yaşayan 7,5 milyon uşağın 4,3 milyonu müharibə səbəbindən başqa regionlara köçmək məcburiyyətində qalıb. Onların 1,8 milyonu qaçqın kimi qonşu ölkələrə gedib, daha 2,5 milyon uşaq isə evlərini tərk edib.

Bu qərara ilk reaksiyanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova verib. O bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarının Rusiya üçün heç bir mənası yoxdur, həbs qərarları hüquqi qüvvəyə malik olmayacaq:

"Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarının ölkəmiz üçün, o cümlədən hüquqi baxımdan heç bir mənası yoxdur. Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsinin tərəfi deyil və ona görə öhdəlik götürmür. Rusiya bu qurumla əməkdaşlıq etməyəcək və Beynəlxalq Məhkəmənin mümkün həbs orderləri bizim üçün hüquqi qüvvəyə malik olmayacaq".

Bu qərar Putinin həbsinə səbəb ola bilərmi, yoxsa simvolik məna daşıyır?

Vladimir Putin səyahət məhbusuna çevrildi. Həbs orderinə görə, bundan belə Rusiya prezidenti Tacikistan və Venesuelaya belə gedə bilməyəcək.

Putin bu ölkələrdən birinə səfər edərsə, yerli hakimiyyət onu həbs etməli olacaq. BMT Baş Assambleyasının rəhbəri Haaqa məhkəməsinin həbs orderinə baxmayaraq, Putinlə görüşməyə hazır olduğunu bildirib. Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putin həbs olunana qədər onun işi üzrə iclas keçirməyəcək.

Bunu Məhkəmənin sözçüsü Əl-Abdallahın bildirib:

“Biz onun iştirakı olmadan dinləmələr keçirə bilmərik. Ona görə də o həbs olunana qədər qiyabi məhkəmə iclasları keçirə bilmərik. Qərarlarımızı tanıyan digər ölkələrlə əməkdaşlıq yolu ilə bu işi həll etməyə çalışacağıq”.

Qeyd edək ki, Haaqa məhkəməsini onunla eyni şəhərdə yerləşən BMT-nin Beynəlxalq Məhkəməsindən fərqləndirmək lazımdır.

Haaqa – Beynəlxalq Cinayət Məhkəməsi 1998-ci ildə imzalanmış Roma Nizamnaməsi əsasında təsis edilərək 2002-ci ildə fəaliyyətə başlayıb. Bu məhkəmənin qərarları yalnız Roma Nizamnaməsinə qoşulmuş dövlətlər üçün keçərlidir.

Rusiya həmin sənədi imzalasa da, ratifikasiya etməyib. Ona görə də Putin haqqında qərar Rusiya tərəfindən tanınmır və icra olunmayacaq.

Roma Nizamnaməsi iştirakçısı olmayan ölkələr də qərara əməl etmək məcburiyyətində deyil. Lakin Roma Nizamnaməsinə üzv olan 123 ölkədə bu qərar icra oluna bilər.

Bundan başqa, Roma Nizamnaməsini ratifikasiya edən dövlətlər başda olmaqla, ümumilikdə xarici tərəfdaşlar üçün Putinlə görüşmək, danışıqlar aparmaq asan olmayacaq.

Qərarın Çin liderinin Rusiyaya səfəri öncəsi çıxarılması da maraqlı detaldır.

Vladimir Putin bundan sonra 123 ölkəyə gedə bilməz. Həmin ölkələr arasında postsovet məkanında Gürcüstan və Tacikistan da var, o cümlədən Venesuala da Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsini imzalayıb. Beləliklə, Putin adıçəkilən ölkələrə getsə, onlar Rusiya Prezidentini həbs edib Beynəlxalq Cinayət Məhkəməsinə təhvil verməlidirlər. Bütün deyilənlərə rəğmən qərar çox ciddi hadisədir və daha çox siyasi mesaj xarakteri daşıyır. Bununla anti-Rusiya koalisiyası Putinlə sona qədər döyüşmək əzmini ortaya qoymuş olur.

Məhəmmədəli QƏRİBLİ