“Ermənistanda Azərbaycan xalqının mədəni irsinin monitorinq edilməsi məqsədilə bu ölkəyə faktaraşdırıcı missiyanın göndərilməsi xahişi ilə müraciət etmişdir və UNESCO-dan müsbət cavab gözləyir”.
Bunu Prezident İlham Əliyev Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib.
Ölkə başçısının sözlərinə görə, tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ilin noyabr ayında sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsi Türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olub: “1991-ci ilə qədər bütün azərbaycanlılar indiki Ermənistan ərazisindən zorla qovulmuşdur. Ermənistan Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, indiki Ermənistan ərazisində, yəni, Qərbi Azərbaycanda da mədəni irsimizi, məscidləri, tarixi abidələrimizi dağıtmışdır. Azərbaycan ictimaiyyəti dəfələrlə UNESCO-ya indiki Ermənistanda Azərbaycan xalqının mədəni irsinin monitorinq edilməsi məqsədilə bu ölkəyə faktaraşdırıcı missiyanın göndərilməsi xahişi ilə müraciət etmişdir və UNESCO-dan müsbət cavab gözləyir”.
Maraqlıdır, UNESCO Azərbaycanın haqlı tələblərini təmin etməklə bağlı gərəkən addımları atacaqmı?
Məsələyə münasibət bildirən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin fikrincə, əfsuslar olsun ki, Azərbaycana münasibətdə UNESCO-nun mövqeyi, digər beynəlxalq təşkilatlardan daha sərt olub: “Çünki ərazilərimiz 30 ilə yaxın işğal altında qaldı. İşğal dövründə Azərbaycan dəfələrlə bu təşkilata həmin ərazilərimizə faktaraşdırıcı missiyanın göndərilməsi xahişi ilə müraciət edib. Məqsəd o ərazilərimizdə mədəni sərvətlərin qorunmasını təmin etmək olub. Ancaq bu istəklərimiz təmin olunmadı. Sonra güc yolu ilə Azərbaycan Ordusu ərazilərimizi işğaldan azad etdi. Bu zaman tələb etdik ki, UNESCO təmsilçiləri gəlib yerindəcə erməni barbarlığı ilə tanış olsunlar. Gəlib görsünlər ki, ermənilər necə böyük barbarlıq törədiblər, mədəni sərvətlərimizi necə məhv ediblər. Ancaq bizim bu tələbimizə əhəmiyyət vermədilər. Utanmadan deyirlər ki, qurum siyasi məsələlərə qarışmır. Bütün hallarda Azərbaycanın bu məsələnin üzərinə getməsi və bu cür müraciətlərin olması təbiidir. Azərbaycan göstərməlidir ki, öz doğma yürdlarına qayıtmaq istəyən adamlar var. Qərbi Azərbaycan bizim tarixi ərazilərimizdir. İrəvanda, digər tarixi ərazilərimizdə bizim zəngin mədəni irsimiz, sərvətlərimiz, mədəniyyət abidələrimiz olub. Ötən illər ərzində ermənilər onları məhv edib. Ermənilər hər vasitə ilə çalışırlar ki, Qərbi Azərbaycanda mədəni abidələrimizin izlərini silsinlər. Bizim oradan olan soydaşlarımız Ermənistandakı mədəni sərvətlərimizin vəziyyətindən narahatdırlar. Ümumilikdə, bütün Azərbaycan bundan narahatdır. Ona görə də UNESCO təşkilat olaraq Ermənistana faktaraşdırıcı missiya göndərməlidir. Ancaq inamım elə də yoxdur ki, bu təşkilat bununla bağlı çox ciddi addımlar atsın. Çünki onların illərdir Azərbaycanın tələblərinə necə biganə yanaşması ortadadır. Çünki bu qurum susmaqla bir növ Ermənistanla həmrəy olduğunu göstərir. Bütün bunlara baxmayaraq, Azərbaycan davamlı olaraq bu məsələləri beynəlxalq qurumlarda qaldırmalıdır. Bunların tez-tez gündəmə gətirilməsi çox əhəmiyyətli məsələdir”.
Vidadi ORDAHALLI