Qarabağdakı separatçı-terrorçuların “başçısı” Araik Arutyunyan Moskvadan göstəriş gözləyir. Bu barədə “Hraparak” nəşri mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, Moskva Araikə nə edəcəyinə dair göstəriş verməlidir:
“Araik Paşinyanla son görüşdən sonra məyus halda Qarabağa qayıdıb. Çünki erməni baş nazir Qarabağdakı erməni əhalisinin Azərbaycana inteqrasiya olmasının alternativinin olmadığını bildirib. Arutyunyan da buna görə, istefa vermək, bölgəni tərk etmək niyyətindədir. İndi o, Moskvanın qərarını gözləyir. Moskva ya onu getmək fikrindən daşındıracaq, ya da istefa verməli olduğunu deyəcək”.
Proseslərin gedişi Araik Arutyunyan üçün nə vəd edir?
Böyük Dayaq Partiyasının sədri Mirkazım Seyidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Cənubi Qafqaz ətrafında cərəyan edən geopolitik proseslərin intensivləşdiyi müşahidə olunur: “Bu regionda xüsusi maraqları olan dünya nəhənglərinin də ciddi şəkildə fəallaşdığı qətiyyən diqqətdən yayınmır. Xüsusilə də, ABŞ və Qərbin Cənubi Qafqazda Rusiya ilə həlledici rəqabətə başladığı artıq inkaredilməz reallıqdır.
Məsələ ondadır ki, ABŞ və Qərb Cənubi Qafqazı Rusiyanın təsir dairəsindən tamamilə çıxarmaq niyyətində olduqca israrlı görünür. Ona görə də, Ağ Evdə və Brüsseldə belə qənaətə gəliblər ki, bu regionun Rusiyanın əlindən alınması Cənubi Qafqazdakı münaqişələrin həll edilməsindən asılıdır. Ancaq buna nail olmaq üçün ilk növbədə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini Rusiyanın nəzarətindən çıxarmaq lazımdır. Çünki, bu prosesə Kreml vasitəçilik edərək, nəzarəti öz əlində saxladıqca, Rusiya nizamlanma prosesini pozur, regionda sülh mərhələsinin qarşısını almaqla, Cənubi Qafqazda öz mövcudluğunu qoruya bilir”.
Partiya sədri hesab edir ki, Rusiya da regionu əlində saxlamaq üçün boş
oturmur: “Vardanyan karı” iflasa uğrayandan sonra, Araiklə bəzi mövzuları çözməyə çalışırlar. Araik başa düşür ki, əgər, Qarabağda növbəti savaş başlayarsa, hərbi əməliyyatlar cəmisi 24 saat davam edəcək. Bununla da hər şey birdəfəlik bitəcək. Ona görə də, Araik Arutyunyan yeni fəlakətdən yayınmaq üçün mütləq Azərbaycanla əlaqələr qurmalıdır, anlaşmalıdır. Bu yöndə məsləhətləri isə Paşinyanla deyil, Rusiya ilə aparmağı daha məqbul sayır”.
Məhəmmədəıi QƏRİBLİ