Bəzi media orqanları yenə tora düşdü, heç olmasa nazir müavini Vüqar Kərimovun məlumatını unutmayın...

18 Mart 2023 16:19 (UTC+04:00)

Media informatorlarımız yenə erməni xüsusi xidmət orqanlarının toruna düşdülər. Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

A.Quliyev daha sonra yazır:

Laçın yolunda və Xankəndidə baş verənlərin həqiqi və saxtalaşdırılmış üzünü hər kəs bilir. Bilinir ki, orada heç bir blokada yoxdur və ermənilər həqiqəti baş-ayaq formada təqdim edirlər. Laçın yolunun guya blokadaya salındığına dünyanı inandırmaq istəyən erməni siyasi, dövlət xadimləri bu yalanın üstündə başqa yalanlar da qurmaqda davam edirlər. İddia edirlər ki, Xankəndi blokadaya alındığı üçün aclıq və səfalət başlayıb, erməniləri tədricən qırılıb qurtarmağa aparan böhran prosesi şüurlu şəkildə idarə edilir və sair.

Ermənilərin yalan üstündə qurduqları yalanların biri də Sərsəng su anbarı ilə bağlıdır. Deyirlər ki, anbarın suyu sürətlə azalır. Azərbaycan olaraq biz də təsdiq edirik ki, bu doğrudur, Azərbaycanın harasında şirin su azalmır ki?!.. Lakin Ermənistan rəsmiləri azalmanın əsl səbəbini yox, öz mənafelərinə uyğun saxta səbəblər göstərirlər, həm də bunu Laçın yolunun guya blokadada olması ilə bağlayırlar. Məkrli erməni "ideologiyasına" baxın - iddia edirlər ki, Azərbaycan Laçın yolunu blokadaya aldığına, Yerevandan gələn yüksək gərginlikli elektrik xəttinin rəvan ötürücülüyünə mane olduğu üçün Xankəndini işıqla tam təmin etmək xatirinə Sərsəng anbarından su elektrik stansiyasına əvvəlkindən çox su buraxmaq zorundayıq ku, bu da anbarın qurumasına səbəb olur... Bu, erməni xüsusi xidmət orqanlarının "informasiya laboratoriyalarında" hazırlanmış və xüsusi bir hədəfə tuşlanmış izahdır. Məqsəd odur ki, guya Azərbaycanın Laçın yolunda blokada yaratması üzündən Qarabağda humanitar, o cümlədən ekoloji böhran başladığına dünyanı inandırsınlar...

Çox təəssüflər ki, bizim bəzi media informatorlarımız heç bir şərh vermədən erməni xüsusi xidmətlərinin hazırladığı mətni olduğu kimi Azərbaycan auditoriyasına və təbii ki, Bakıdakı beynəlxalq missiya nümayəndələrinə çatdırırlar. Həm də bunu elə haray-qışqırıqçı başlıqlarla edirlər ki, adam az qala ermənilərin Xankəndidə yaşadıqları "ekoloji fəlakətə" göz yaşları tökmək istəyir. Yəni dolayı olaraq erməni iddialarını təsdiqləyirlər ki, Azərbaycan Laçında blokada yaratdığı üçün Sərsəng anbarı kimi unikal göl quruyur...

Ayılın, cənab "ağıllı informatorlarımız"...

Heç olmasa elə bu günlərdə Ekologiya... nazirinin müavini Vüqar Kərimovun dediklərinə diqqət edəydiniz. O deyib ki, Mingəçevir su anbarına gələn su 50 faiz azalıb. Bəs Mingəçevirin suyu niyə azalır? Erməni məntiqinə uysaq, gərək deyək ki, bu da Laçın blokadasının nəticəsidir?!..

Sərsəngin də, Mingəçevirin də azalmasının əsas səbəbi qlobal köklüdür və bunun ermənilər tərəfindən siyasiləşdirilməsinə heç cür imkan vermək olmaz…

Tahir TAĞIYEV