Dağlar diyarı Lerikdə son vaxtlar polisin insanların sağlam gələcəyi naminə gördüyü işlər sözün həqiqi mənasında tərifə layiqdir. İndi leriklilər polis adını böyük məhəbbətlə çəkir, əziz bir adam kimi ona inanırlar. Rayonda polisin məktəblilərlə dostluğu daha möhkəmdir. Bu ədalət keşikçiləri vaxtaşıri məktəblilərin yanında olur, onlara gələcək həyatlarını düzgün qurmaqda dəstək dururlar.
Bu günlər isə şəhər 3 saylı tam orta məktəbində Lerik rayon Gənclər və İdman İdarəsi, Lerik rayon Polis şöbəsinin birgə təşkilatçılığı sayəsində gənclər arasında sağlam həyat tərzi (narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası, sağlam qidalanma) və erkən nikahlara qarşı mübarizəyə həsr olunmuş maarifləndirici tədbir baş tutdu.
3 saylı tam orta məktəbinin müəllim və şagirdləri üçün nəzərə alınmış tədbirdə rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik - leytenantı Müşfiq Eyvazov, Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov çıxış etdilər. Natiqlər bəşəri bəla olan narkomaniyanın insan həyatına gətirdiyi dəhşətlərdən, sağlam həyat naminə ona qarşı görülən mübarizə tədbirlərdən söz açdılar, həm də gənc nəslin bu faciədən uzaq düşməsində məktəblərdə maarifləndirici tədbirlərin əhəmiyyətindən danışdılar. Söhbət zamanı məktəbli və valideynlərə erkən nikahların gənclərin həyatında yol açdığı ağır fəsadlardan da ətraflı məlumat verildi.
Tədbir iştirakçıları polis polkovnik-leytenantı M.Eyvazovun onları düşündürən suallara verdiyi cavabdan da çox razı qaldılar.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü