Prezident İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə Bəyannamə qəbul olunub.
Bəyannaməni Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Prezidenti Sadır Japarov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev imzalayıb. Sözügedən bəyannamənin 12-ci maddəsində “UNESCO tərəfindən “Dünya Türk Dili Günü” elan edilməsi ilə bağlı tam dəstəklərini bir daha təsdiq etdilər;” ifadəsi yer alıb.
Beləliklə, Türk zirvəsində qəbul olunan yekun bəyanatda prezidentlər UNESCO tərəfindən “Dünya Türk Dili Günü” elan edilməsi ilə bağlı tam dəstəklərini bir daha təsdiq etdilər. UNESCO-nun türk dili elan etməsinə nail olmaq üçün prosesin yekdilliklə dəstəklənməsi çox maraqlıdır.
Ümumiyyətlə, bunun perspektivləri necə görünür?
- “Məqsəd türklərin dilinə önəm vermək, türkləri dünyanın bütün ölkələrində saxlamaqdır”
Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Bakı-Xəbər”ə şərhində bildirdi ki, UNESCO tərəfindən “Dünya Türk Dili Günü” elan edilməsi ilə bağlı məsələnin iştirakçı dövlətlər tərəfindən tam dəstəklənməsi bu prosesin müsbət istiqamətdə irəliləməsinə imkanlar açır. Bunun türk dilinin özü üçün də böyük beynəlxalq imkanlar vəd etdiyini deyən S.Soltan bildirdi ki, “Dünya Türk Dili Günü” elan edilməsi təsadüfi hadisə deyil. Çünki bu həm türk dövlətləri daxilində türk dilinin nüfuzunu qaldırmaq, təsir imkanlarını genişləndirmək, onu inkişaf etdirmək məsələsidir, həm ortaq türk dilinin, türk əlifbasının yaradılması istiqamətində addım atmaq, həm də dünyanın müxtəlif ölkələrində türklərin öz ana dillərində təhsilinə diqqət yetirməkdir. Bura nə aiddir? Tutaq ki, Rusiya ərazisində, Sibirdə, Uzaq Şərqdə çoxlu türkdilli tayfalar, toplumlar, etnoslar var. Bu türklər bütün baxımlardan assimilyasiya olunurlar. Onların bir çoxu Ukrayna müharibəsində həlak olur, bununla da assimilyasiya olunurlar. Rusiya ərazisində, Çində, İranda, Əfqanıstanda türklər assimilyasiyaya uğrayırlar, ərəb ölkələrində türklərə qarşı assimilyasiya siyasəti aparılır və s. Bu onu göstərir ki, məqsəd türklərin dilinə önəm vermək, türkləri dünyanın bütün ölkələrində saxlamaqdır. Dil millətin diri qalmasıdır, varlığını sübut edən, qoruyan ən güclü vasitədir. Ona görə də, UNESCO-nun “Dünya Türk Dili Günü”nü qeyd etməsi türk dilinin problemlərinin həlli, qorunması və inkişaf etməsi məsələsidir”.
S.Soltanın fikrincə, türk dili ilə bağlı məsələ İrana daha çox aiddir, çünki İran ərazisində 35 milyondan çox Azərbaycan türkü var, eləcə də 3 milyona yaxın digər türk mənşəli xalq yaşayır, özbəklər, türkmənlər, qırğızlar, qazaxlar və sair. Bu etnik qrupların da özünün heç birinin ana dilində məktəbi olmadığını vurğulayan S.Soltan qeyd etdi ki, Fars şovinistlərinin yürütdüyü siyasət nəticəsində bu türkdillilər assimilyasiyaya məruz qalırlar. “Prezidentin Ankaradakı çıxışında da bu məsələ vurğulanıb. Prezident bəyan etdi ki, dünyada 50 milyon Azərbaycan türkü yaşayır, bu azərbaycanlıların yalnız 10 milyonunun dövləti var. Bu o deməkdir ki, dünyada yalnız 10 milyon Azərbaycan türkünün milli haqqı müdafiə olunur, qorunur. Qonşu ölkələrdəki Azərbaycan türklərinin hamısı yerli əhali olsa da, yaşadıqları ölkələrdə onların hüquqları qorunmur. Eləcə də Ermənistan ərazisindən Azərbaycan türkləri qovulub. Prezidentin çıxışında Zəngəzurun işğal edilməsini, yəni Qərbi Azərbaycanın zorla Azərbaycandan qoparılaraq ermənilərə verilməsini vurğulması həm də dil məsələsidir. Prezident vurğuladı ki, Zəngəzurun işğalı ilə türk dünyası ərazi baxımından parçalandı. Burada da Azərbaycan türklərinin milli haqlarının tapdanması məsələsi qeyd edildi. Dil ona görə bir sıra mətləbləri özündə ehtiva edir. Odur ki, bəyanatda vurğulanan “Dünya Türk Dili Günü” məsələsi türklərin milli-mədəni, ərazi və digər haqqları ilə bağlı məsələlərin dünya gündəliyinə çıxarmaqdır”.
S.Soltan hesab edir ki, bu amil dünyada türk dilinin inkişafınada, təbliğində də xüsusi rol oynayacaq.
İradə SARIYEVA