Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullanın əmri ilə Təhsil-2 fakültəsinin üçüncü kurs tələbəsi Jalə Eyvazovanın oxuduğu fakültənin dekan müavini təyin olunması nəinki ali təhsil ictimaiyyətində, bütünlüklə cəmiyyətdə geniş müzakirə edilir.
Xüsusən də sosial şəbəkələrdə bu fakt ətrafında geniş polemika qurulub. Üçüncü kurs tələbəsinin dekan müavini təyin edilməsini əsasən tənqid edirlər. Bu təyinatı qanunsuz adlandıranlar, absurd sayanlar da az deyil.
Bir universitetdə üçüncü kurs tələbəsini dekan müavini qoyublar, bu nə dərəcədə əsaslıdır?
Üçüncü kurs tələbəsi bu vəzifəni necə icra edə bilər, buna təhsili, təcrübəsi yol verərmi?
- “Mən bu dırnaqarası novatorluğu qanuni hesab etmirəm”
Məsələ ilə bağlı professor Həbib Zərbəliyevlə əlaqə saxladıq. H.Zərbəliyev “Bakı-Xəbər”ə açıqlamasında bu təyinata tənqidi yanaşdığını dedi. “Sözün düzü, bu barədə məlumatı internetdə oxudum. Dərhal da da fikrimi feysbukda bildirdim. Mən belə məsələləri qanunsuz hesab edirəm. Rektorun əmri ilə baş tutan bu təyinat ictimai əsaslarladır. Amma istənilən halda dekanların müxtəlif sahələr üzrə müavinləri olur, hər müavin də öz vəzifəsini icra edir. Bu tələbə dekan müavini təyin olunub. Bəs o tələbə nəyə baxacaq? Dekan və dekan müavinlərinin seçilməsi və təyin olunması haqqında əsasnamə var. Əsasnamədə yazılırmı ki, tələbə dekan müavini seçilə bilər? Yox, əgər bu tələbəni həvəsləndirməkdirsə, onda tələbələr öz aralarında bir qrup yaratsınlar, orada, necə deyərlər, dekan, dekan müavini oynunu oynasınlar. Mən bu dırnaqarası novatorluğu qanuni hesab etmirəm. Tələbənin yaxşı oxuması müsbət haldır, ictimai işlərdə də fəal çalışırsa onu alqışlayıram. Amma bu o demək deyil ki, bunu gətirib dekan müavini təyin edəsən və o da ona dərs deməkdə olan müəllimə göstəriş versin. Bu etik cəhətdən də doğru deyil, ona görə də çox mənfi yanaşıram. Bundan əvvəl də eşitmişdik ki, Slavyan Universitetində belə hal olub. Bu, oyundan başqa bir şey deyil. Ümumiyyətlə, bizim təhsilimiz nə gündədir onu siz özünüz də bilirsiniz. Biz tələbəyə təhsil verməkdən çox təhsil oyunu oynayırıq. Elmimiz də o gündədir. Beləcə görüntü yaradırıq, guya biz təhsil veririk. Məsələn, bu gün oxumayan tələbə sabah ali məktəbi müxtəlif yollarla bitirir, gedib Xarici İşlər Nazirliyində, yaxud başqa bir nazirlikdə yüksək vəzifə tutur. Oxumaq istəyən də ona baxıb oxumaq istəmir, deyir ki, onsuz da oxumayanlar da gedib vəzifələr tuturlar, mən yaxşı oxusam da o vəzifəni tuta bilməyəcəyəm”.
H.Zərbəliyevin fikrincə, bizim təhsil hələ uzun müddət bu şəkildə olacaq, elm və təhsil naziri isə ancaq deklarativ çıxışlar etməklə məşğuldur. “O deyir ki, ümumiyyətlə ali təhsillə işim yoxdur. Hər universitetin öz rektoru var, özü bilər...” - deyə professoer Zərbəliyev bildirdi.
Leyla QARAXANLI