ABŞ banklarının iflası yeni qlobal maliyyə böhranına səbəb ola bilər...

17 Mart 2023 19:56 (UTC+04:00)

ABŞ iqtisadiyyatında son günlərdə ba verənlərə artıq qlobal miqyasda böhrana yol açacaq yeni təhdid mənbəyi kimi yanaşılır. Söhbət “Silicon Valley Bank” və “Signature Bank”ın müflis olaraq bağlanmasından gedir.

Xatırladaq ki, ABŞ-da 2008-ci ilin maliyyə böhranından sonra ilk dəfə böyük bank “Silicon Valley Bank” müflis olub. “Silicon Valley Bank”dan bütün sığortalanmış əmanətlər “Santa Clara” Əmanətlərin Sığortalanması Milli Bankına köçürülüb. “Signature Bank” da eyni aqibətlə üzləşib. Bunlar fonunda ABŞ bankları həftə ərzində Federal Ehtiyat Sistemindən rekord məbləğdə 164,8 milyard dollar kredit götürüblər. Belə ki, martın 8-dən 15-dək olan dövrdə maliyyə qurumları 90 gün müddətinə təxminən 152,8 milyard dollar kredit götürüblər. Bəziləri isə bu həftə açılan və bir il müddətinə kredit verən yeni kredit xəttindən yararlanıb. Bu proqram çərçivəsində götürülmüş borcların həcmi 11,9 milyard dollar təşkil edib. Bundan bir həftə əvvəl banklar cəmi 4,58 milyard dollar borc götürmüşdü. Əvvəlki rekord həddi - təxminən 111 milyard dollar 2008-ci il maliyyə böhranı zamanı müəyyən edilib. Eyni zamanda, Federal Ehtiyatlar Sistemi “Silicon Valley Bank” və “Signature Bank”ın bağlanması ilə bağlı vəziyyəti həll etmək üçün təxminən 142,8 milyard dollar xərcləyib. Amma bunlar vəziyyəti düzəltməyə imkan vermir. Elə bu fonda Ağ Evə qlobal böhran təhlükəsi barədə xəbərdarlıq edilib. “The New York Times” bu xsusda yazır ki, Amerika bankları “Silicon Valley Bank” və “Signature Bank”ın iflasından sonra problemlərlə üzləşə bilər. Qeyd olunub ki, aktivləri Federal Əmanətlərin Sığortalanması Korporasiyası tərəfindən nəzarətə alınan “Silicon Valley Bank”ın iflası digər bankların da oxşar problemlərlə üzləşə biləcəyi qorxusunu artırıb. Nəşr vurğulayıb ki, bankın müflisləşməsi kredit təşkilatının vəsaitlərin çıxarılması ilə bağlı müraciətlərə baxılması üçün təcili tədbirlər görməsindən iki gün sonra baş verib. Eyni zamanda, bankın investisiya aktivlərinin dəyərinin kəskin azalması “Wall Street” və investorları şoka salaraq, səhmlərin kəskin ucuzlaşmasına səbəb olub. Vurğulanıb ki, irəlidə iflas edən bankın üzləşdiyi problemlər bu sektorun bəzi hissələrinə yayıla bilər. Bununla bağlı ABŞ-ın maliyyə naziri Canet Yellen investorları Amerika bank sisteminin sabitliyinə açıq şəkildə əmin edib. Lakin sərmayədarların narahatlığı artır. Beləliklə, dünya mətbuatı birdən-birə yeni qlobal böhranın risklərindən danışır, 2008-ci ildə dünyanın üzləşdiyi problemləri yada salır.  Məsələ burasındadır ki, “Silicon Valley Bank” ABŞ-da ən böyük iyirmi bankdan biri idi və texnologiya şirkətlərinə xidmət göstərməkdə ixtisaslaşmışdı. Lakin bankla bağlı hadisələrin dramatic axını bir neçə gün ərzində baş verdi və Federal Ehtiyatlar Sisteminin eyni ildırım sürəti ilə reaksiyasına səbəb oldu. Artan çaxnaşmanı səngitmək üçün bir çox ekspertləri təəccübləndirən qeyri-adi tədbirlər gördülər. Bununla belə, bank sistemi üçün risklər qalmaqdadır. Federal Ehtiyatlar Sistemi indi çətin vəziyyətdədir və o, inflyasiya ilə davam edən mübarizədə çətin qərarlar qəbul etməli olacaq.

Bundan əlavə, bazarlar üçün mühüm nəticə Federal Ehtiyatlar Sisteminin monetar siyasətə yanaşmasında dəyişiklik ola bilər. Mövcud şəraitdə Amerika tənzimləyicisi faiz artımı siyasətinə fasilə verə bilər ki, bu da riskli aktivlər üçün müsbətdir. Amma belə vəziyyət dolların yenidən ucuzlaşmasına da rəvac verə bilər. Həmçinin, Federal Ehtiyatlar Sistemi balansın azaldılması proqramının aylıq həcminin ixtisarı barədə düşünə bilər ki, bu da öz növbəsində bank sektorunda likvidlik vəziyyətinə ətsir edəcək. Rusuyanın maliyyə analitiki Artyom Perminov qeyd edir ki, artan maliyyələşdirmə xərclərinin digər banklar üçün problemlərə səbəb ola biləcəyi qorxusu fonunda mövcud hadisələr artıq bazarı Federal Ehtiyatlar Sisteminin faiz artımının daha yavaş tempini gözləməsinə gətirib çıxarıb.

İndi bazar iştirakçıları arasında Federal Ehtiyatlar Sisteminin gələn həftə keçiriləcək növbəti iclasda faiz dərəcələri ilə nə edəcəyi barədə dəqiq bir anlayış yoxdur. Treyderlərin təxminən yarısı  məzənnənin illik 4,5-4,75% səviyyəsində qalacağını, digər hissəsi isə 25 baza bəndi artım gözləyir. Bank uğursuzluqlarından əvvəl bazar faiz dərəcələrinin bir anda 50 baza bəndi artacağını proqnozlaşdırırdı.

Perminov qeyd edir ki, uçot dərəcəsinin artırılması sürətinin azaldılması inflyasiya ilə mübarizəyə zərər verə bilər. Lakin bank problemləri pul siyasətinin davamlı sərtləşdirilməsinə ehtiyac olmadan istehlak tələbinin azalmasına və qiymət artımının aşağı düşməsinə səbəb ola bilər. ABŞ banklarının çökməsinin qlobal iqtisadiyyata təsiri və 2008-ci il böhranının təkrarlanması potensialı fonunda Avropa maliyyə orqanları hesab edirlər ki, ABŞ-da banklarla bağlı vəziyyət ştatların ən böyük ticarət tərəfdaşlarından biri olan Avropa İttifaqı  iqtisadiyyatına birbaşa təsir göstərməyəcək.  Aİ İqtisadi Komissarı Paolo Centiloni hesab edir ki, avrozona iqtisadiyyatı 2023-cü ilə bir neçə ay əvvəl gözləniləndən bir qədər yaxşı formada daxil olub, lakin qeyri-müəyyənlik yüksək olaraq qalır. Tənəzzül risklərinə və iki ABŞ bankının çökməsinə baxmayaraq, Aİ səlahiyyətliləri iqtisadi artımın 2023-cü ildə mülayim olacağını və 2024-cü ildə tədricən yüksələcəyini gözləyirlər. ABŞ-ın bank sektorundakı böhran Azərbaycanın maliyyə sisteminə çox az təsir göstərəcək, çünki o, Qərb maliyyə sisteminə az inteqrasia edilib.

Azərbaycan maliyyə bazarında qeyri-rezidentlərin əməliyyatlarının azlığı da BŞ-ın bank böhranının ölkə iqtisadiyyatına potensial təsirini minimuma endirib. Həmçinin, ABŞ bazarındakı vəziyyət artıq azərbaycanlı investorlar üçün göstərici deyil, çünki bu, ölkə bazarının həssas olduğu transsərhəd kapital axınına səbəb olmur. ABŞ-da bank problemlərinin ölkəmizin maliyyə sisteminə təsiri də maksimum dərəcədə minimuma endirilib. Amma yenə də, istənilən halda, ehtiyat tədbirlərinə də diqqət olunmalıdır.

Ramil QULİYEV