Ermənistanın baş naziri Nikol Paşinyan hökumət iclasında həyasızcasına bəyan edib ki, ermənilərin Hadrut, Şuşa, Xocavənd və Ağdərə, habelə Qarabağa bitişik Goranboy, Çaykənd, Laçın və başqa rayonlara qayıtmasının beynəlxalq mexanizmi işə salınmalıdır.
O bildirib ki, Xarici İşlər Nazirliyinə BMT-nin qaçqınlarla iş üzrə ali komissarlığı ilə bununla bağlı rəsmi danışıqlara başlamağı tapşırıb.
Paşinyan vurğulayıb ki, bu beynəlxalq mexanizm 9 noyabr 2020-ci il üçtərəfli bəyanatında müəyyən olunsa da, hələ işə salınmayıb: “Bu beynəlxalq mexanizm 9 noyabr 2020-ci il üçtərəfli bəyanatında müəyyən olunsa da, hələ işə salınmayıb. Yeri gəlmişkən Bakı, Şirvan, Sumqayıt, Kirovabad (Gəncə), Xanlar, Şamxor (Şəmkir), Naxçıvan və Azərbaycanın etnik təmizləməyə məruz qalmış başqa rayonlarının erməni nümayəndələri də dövlət orqanlarına müraciət edərək gileylənirlər ki, biz onların beynəlxalq sülhməramlı qüvvələrin müşayiəti ilə öz evlərinə qayıtması hüququ məsələsini qaldırmırıq. Problem burasındadır ki, 9 noyabr bəyanatının 7-ci bəndi yalnız Qarabağ və ona bitişik rayonların qaçqın və məcburi köçkünlərinə aiddir. Amma bu, əlbəttə ki, bu və ya digər rayonların etnik təmizləməyə məruz qalmış ermənilərinin təşkilatlanmasına və öz mülkiyyət hüquqlarını, qayıtma hüququnu və başqa hüquqlarını beynəlxalq məhkəmələrdə müdafiə etməsi üçün maneə yaratmır”.
Maraqlıdır, indiki şəraitdə Paşinyanın belə absurd fikirlərlə çıxış etməkdə məqsədi nəsir?
- “Erməni tərəfi görür ki, Qərbi Azərbaycandan deportasiya olunanlar öz tarixi torpaqlarına qayıtmaqda qərarlıdır”
Sözügedən məsələyə aydınlıq gətirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin fikrincə, onun belə təkliflərlə çıxış etməsi bir sıra məsələlərə hesablanıb: “Bu onu göstərir ki, Ermənistan hakimiyyəti çox böyük miqyaslı təxribatlarla məşğuldur. Hər dəfə də belə təxribatla məşğul olandan sonra başlarına bir zərbə dəyir və nəticədə Ermənistan nəsə itirir. İndiki halda da belədir. Açıq-aşkar görürük ki, Paşinyan bu cür ağlasığmaz iddialarla çıxış etməklə, sülh sazişinin bağlanmasına açıq-aşkar mane olur. Müəyyən müddət, zaman qazanır və vaxtı uzadır. Bu minvalla öz hakimiyyət müddətini uzadır. Digər tərəfdən, biz Qərbi Azərbaycandakı dədə-baba yurdlarımıza qayıtmaqdan danışırıq, Paşinyan öz aləmində buna “alternativ” olaraq müxtəlif ağlasığmaz təkliflərlə çıxış edir. Halbuki, ermənilərdən fərqli olaraq azərbaycanlılar aboragen xalqdır. Ermənilər kimi İrandan, Türkiyədən Cənubi Qafqaza gəlməmişik. Bu kimi siyasi manevrlərlə Paşinyan əsas məsələni gündəmdən çıxarmış olur. Bütün bunlar vaxtı uzatmağa hesablanmış taktiki addımlardır. Erməni tərəfi görür ki, Qərbi Azərbaycandan deportasiya olunanlar öz tarixi torpaqlarına qayıtmaqda qərarlıdır. Ona görə də bu prosesə mane olmaq üçün müxtəlif fitnəkar addımlar atırlar”.
Vidadi ORDAHALLI