Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır. Bunu Prezident İlham Əliyev Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib.
Ölkə başçısı Ermənistanın üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyini bir-bir sadaladı və qeyd etdi ki, bütün bunlara görə məsuliyyət daşımalıdır: “Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. İkinci Qarabağ müharibəsindən sonra, yəni 2020-ci ilin noyabr ayından bəri 300-ə yaxın azərbaycanlı mina partlayışı nəticəsində həlak olmuş və ya ağır yaralanmışdır. 2022-ci ildə Praqa və Soçidə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmamışdır. Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır. Ermənistan həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır. Beləliklə, Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozur və buna görə məsuliyyət daşımalıdır”.
- “Rusiya sülhməramlılarının Qarabağda erməni separatçıları himayə etməsi, Fransanın açıq tərəf tutaraq siyasət yeritməsi...”
Məsələyə münasibət bildirən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, Ermənistan 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli razılaşmanın əksər maddələrini yerinə yetirməkdən nümayişkaranə şəkildə boyun qaçırır: “44 günlük müharibə başa çatandan sonra ilk dövrlər belə təəssürat var idi ki, Ermənistan məğlub tərəf olduğu üçün üzərinə götürdüyü öhtəlikləri yerinə yetirəcək. Çünki çox ciddi məğlubiyyətlə üzləşmişdilər. Ancaq zaman keçdikcə, Ermənistan bunları yerinə yetirməkdən yayınmağa başladı. Xüsusən də, 2021-ci ilin iyununda keçirilən növbədənkənar parlament seçkilərində Nikol Paşinyan qələbə qazanandan sonra Ermənistan hakimiyyəti daha çox destruktiv mövqe sərgiləməyə başladı. Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası ilə bağlı heç bir nəticə yoxdur. Bununla bağlı ötən müddət ərzində 3 dəfə iki ölkə komissiyaları bir araya gəlsə də, sonra Ermənistanın pozuculuğu üzündən proses dayanıb. Ermənistan delimitasiya ilə bağlı addımlar atmaq əvəzinə, Avropa İttifaqı monitorinq missiyasını birtərəfli şəkildə sərhədə gətirib, Zəngəzur dəhlizinin reallaşmasına mane olur. Bundan başqa, ötən ilin 3-4 avqustunda “Qisas” əməliyyatı keçirilməsəydi, 26 avqustda Laçın şəhəri Azərbaycanın nəzarətinə verilməzdi. Deməyim odur ki, qarşı tərəfi yalnız güc yolu ilə nəyəsə məcbur etmək olar. Ancaq Rusiya sülhməramlılarının Qarabağda erməni separatçıları himayə etməsi, Fransanın açıq tərəf tutaraq siyasət yeritməsi Ermənistan hakimiyyətini daha çox arxayın davranmağa sövq edir. İndiyə qədər Ermənistan silahlı birləşmələrini Qarabağdan çıxarmayıb. Halbuki, ötən ilin sentyabrına qədər bu işin icra ediləcəyi deyilirdi. Ermənistan bir neçə diversantın müqabilində mina xəritələrini versə də, onların hardasa 80 faizi saxtadır. Əslində isə minalanmış ərazilərin dəqiq xəritəsi Ermənistanda var, amma bunu verməkdən yayınırlar. Buna görə Ermənistana heç bir xarici təzyiq yoxdur. Bütün bunlar isə onu deməyə əsas verir ki, Ermənistan yalnız güc dilindən anlayır. Əgər bu il də Ermənistan öhdəliklərinə əməl etməsə, o zaman onlarla danışmağın heç bir mənası yoxdur. Məsələ birdəfəlik güc yolu ilə həll edilməlidir”.
Vidadi ORDAHALLI