Ankara zirvəsi Türkiyə üçün beynəlxalq donor konfransına xüsusi təkan verdi...

17 Mart 2023 18:35 (UTC+04:00)

Xəbər verildiyi kimi, Türk Dövlətləri Təşkilatının Ankarada keçirilən Zirvə görüşünün nəticələrinə dair liderlərin birgə bəyannaməsi yayılıb. Zirvə görüşünün TDT üçün faydalı olacağı vurğulanıb.

Türkiyənin cənub-şərqində baş verən zəlzələ bəyannamədə geniş yer alıb, liderlər zəlzələlərdən sonra bərpa işlərində Türkiyə xalqı və hökuməti ilə həmrəy olduqlarını ifadə ediblər.

Ən başlıcası, bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulurdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir.

Bütün bunlarla yanaşı, Ankara Bəyannaməsində belə bir maddə var: “Birləşmiş Millətlər Təşkilatı tərəfindən Türkiyə üçün Təcili Zəlzələ Yardımı Çağırışının və Türkiyəyə qlobal dəstəyi səfərbər etmək məqsədilə Avropa İttifaqı (Aİ) Komissiyası və Avropa İttifaqı (Aİ) Şurasının İsveç Sədrliyi tərəfindən birgə təşkil olunacaq Beynəlxalq Donorlar Konfransının elan edilməsini alqışlayaraq; 20 mart 2023-cü ildə Brüsseldə keçirilməsi nəzərdə tutulan Aİ Komissiyası və Aİ Şurasına İsveç sədrliyi tərəfindən birgə təşkil olunacaq Beynəlxalq Donorlar Konfransında iştirak etmək üçün üzvlərini təşviq etdilər”.

Sözügedən təklifin, ideyanın Türk Dövlətləri Təşkilatında irəli sürülməsi dünyada bu prosesin daha böyük nəticələr verməsində necə rol oynayacaq?

Məsələyə münasibət bildirən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlının fikrincə, bu, Türkiyədə bərpa prosesinə daha çox yardım göstərilməsinə müsbət təsir edəcək: “Əvvəla, bu kimi tədbirlər türk birliyinin möhkəmlənməsinə xidmət edir. Burda da aparıcı rol hamımızın qəbul etdiyi qardaş Türkiyəyə aiddir. Çünki Türkiyə bu ölkələr içərisində ən çox inkişaf edən, Qərbə inteqrasiyada müsbət irəliləyişlər əldə etmiş, NATO-da ikinci orduya malik olan bir dövlətdir. Dünyada bir sıra beynəlxalq qurumlar var. Onların içində TDT yeni yaransa da, son illər çox böyük inkişafa nail olub. Burda da Azərbaycanın rolu, Prezident İlham Əliyevin uğurlu siyasəti danılmaz rola malikdir. Dünyada diplomatiya əsas götürülsə də, tarix göstərir ki, bir sıra məsələləri güc həll edir. TDT-nin də yaxın perspektivdə ciddi güc mərkəzi olacağı qaçılmazdır. TDT-nin ortaya qoyduğu vahid mövqe zəlzələnin fəsadlarının daha tez aradan qaldırılmasına müsbət təsir edəcək. Bu baxımdan Brüsseldə keçirilməsi nəzərdə tutulan Beynəlxalq Donor Konfransının daha faydalı olacağını düşünürəm. Türkdilli ölkələrin yekdilliklə bunu dəstəkləməsi ümumi işə təkan verəcək. Türkdilli ölkələrlə yanaşı, digər dövlətlər də bu işə dəstək verəcəklər. Çünki nüfuz və güc amili çox önəmli faktordur. Reallıq ondan ibarətdir ki, türk dövlətlərinin inteqrasiyası onları vahid güc mərkəzinə çevirir. Bu da bütün türkdilli ölkələrin maraqlarına cavab verir”.

Vidadi ORDAHALLI