Azərbaycan bank sektorunda real vəziyyətin təhlili bu istiqamətdə fəaliyyət göstərən qurumlar üçün əlverişli situasiyanın hökm sürdüyünü göstərir. Hər halda, Azərbaycan bank sektorunun ötən ilə aid göstəriciləri də bunu təsdiq edir.
Belə ki, ötən il banklar 915 milyon manat mənfəət əldə ediblər. 2021-ci ildə həmin göstərici 609 milyon manat olmuşdu. Beləliklə, banklar bir il içində öz mənfəətlərini 306 milyon manat və ya təxminən 50 faiz artıra bilib. İlboyu toplam 262 milyon manat mənfəət vergisi ödənilib.
Cari il üçün də bankalrın durumunun yaxşı olması nəzərə çarpır. Amma müəyyən risqlər də mövcuddur. Hər halda, Mərkəzi Bankın açıqladığı “Maliyyə dayanıqlılığı” hesabatı bunu deməyə əsas verir. Hesabatda maliyyə sektorundakı mümkün risqlər və mövcud trendlər gözdən keçirilir. Açıqlanan göstəricilərdən aydın olur ki, ötən ilin nəticələrinə görə, ölkədə bank sektoru aktivlərinin ümumi daxili məhsula (ÜDM) nisbəti 35.2 faizdir. Bu göstərici ölkə iqtisadiyyatında bankların yerini ölçən əsas indikatorlardan biridir. Mərkəzi Bankın hesabatında da bildirilir ki, həmin göstəriciyə görə Azərbaycanın nəticəsi bençmark ölkələrindən aşağıdır (“benchmarking” bir müəssisənin öz rəqabət qabiliyyətini yüksəltmək üçün liderlik qazanmış, ya da öndə gedən şirkətlərə baxaraq onlardan örnək götürməsi anlamında işlənir). Bütün bunlardan bilinir ki, əslində Azərbaycanda banklar ölkə iqtisadiyyatında daha fəal rol ala bilər. Bundan ötrü özəlliklə qeyri-enerji sektorunun inkişafına ehtiyac duyulur. Bu baxımdan, ölkədə neftdənkənar sektorun inkişafı banklar üçün də vacibdir. Amma bunun üçün banklar real sektora daha çox kredit verməlidirlər ki, bunu da hələ etmirlər. Bəzi bankarın yanaşmasına əsasən, real sektorda risk dərəcəsinin yüksək olması səbəbindən bu sahəyə kredit ayırmaq sərfəli deyil. Burada əsas risk isə ondan ibarətdir ki, real sektora yönəldilmiş vəsaitlərin qaytarılmasında müəyyən problemlər hökm sürür. Real olaraq, aşağı məbləğdə istehlak kreditləri təqdim etmək və vəsaitlərin geri qaytarılmasında heç bir problem yaşamamaq banklar üçün daha cəlbedici və asan görünür. Halbuki, iqtisadiyyatın diversifikasiya olunması, bu fonda qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün dövlət həm rəqabət mühitinin, həm qanunvericiliyin, həm də gömrük-vergi mühitinin təkmilləşdirməsi baxımından əhəmiyyətli addımlar atır. Qeyri-neft sektoruna müxtəlif güzəştlər verilir. Ölkəmizdə Sahibkarlığın İnkişafı Fondunun vasitəçiliyi ilə qeyri-neft sektoruna ayrılan kredit resurslarının cəlbediciliyi də artırılır. Qeyri-neft sektoruna yatırılan investisiyaların, kreditlərin güzəştli olması üçün resurslar ayrılır, kreditlərin maliyyələşməsi üçün mənbələr yaradılır. Amma bunlar əsasən dövlət hesabına həyata keçirilir. Ölkənin bank sektoru bu prosesdə hələ də fəal iştirakdan uzaq qaçır. Xüsusən də real sektora ayrılan bank kreditləri həcmin azlığı, faizlərin yüksək olması baxımından ciddi problem mənbəyi olaraq qalır. Halbuki, bank sektorunun düşdüyü çətinliklərdən xilas olmaq üçün hökumətin atdığı addımlar bu sahədə vəziyyəti əhəmiyyətli dərəcədə dəyişib. Belə ki, artıq banklar üçün ciddi çətinlik sayılan problemli kreditlərin miqdarı sürətlə azalır. Eyni zamanda, yaranmış vəziyyət banklara yenidən kredit portfelini genişləndirmək imkanı qazandırır. Amma belə görünür ki, bankların böyük əksəriyyəti hələ də onlara göstərilən bu dəstəyi düzgün qiymətləndirə bilmir. Ən azı o baxımdan ki, hökumət tərəfindən göstərilən dəstəyə rəğmən, banklar hələ də kreditləri yüksək faizlə verir. Eyni zamanda, yenə də hökumətin gözləntilərinə baxmayaraq, banklar real sektora lazımi qədər kredit ayırmaqdan qaçır. Halbuki, banklara dəstək verən hökumət tamam fərqli nəticələr istəyir. Belə vəziyyətdə real sektorun inkişafında yaranan ləngimələr əslinndə, bankların özlərinin də böyüməsində əngəllərlə müşayiət olunur.
Mərkəzi Bankın öz hesabatında vurğuladığı daha bir məqam isə ölkənin maliyyə sektorunda təmərküzləşmənin artmasıdır. Rəsmi göstəricilərə görə, 2019-cu illə müqayisədə ən böyük üç bankın aktivlər üzrə bazar payı 9 faiz bəndi artaraq 65 faizə çatıb. Həmin banklar Beynəlxalq Bank, Paşa Bank və Kapital Bankdır. Bu bankların depozit portfelindəki bazar payı 70 faiz, kreditlər üzrə 48 faizdir. Bankların özü də istər şirkət, istərsə fiziki şəxsləri kredit resursları ilə təmin etmək üçün pula ehtiyac duyur. Mərkəzi Bankın açıqladığı rəqəmlərdən görünür ki, Azərbaycan bankları bu ehtiyacı, əsasən, depozitlər hesabına qarşılayır. Ötən il boyunca bank sektorunun depozit portfeli 25 faiz və ya 6.8 milyard manat artaraq 33.8 milyard manata çatıb. Depozit portfelinin həcmi bank sektoru öhdəliklərinin 81.5 faizi qədərdir. Depozit portfelinin 66 faizi hüquqi şəxslərin, 34 faizi fiziki şəxslərin depozitlərindən ibarətdir. Daha bir diqqətçəkən məqam sözügedən sektorun depozit portfelinin əsasən tələbli depozitlər hesabına formalaşmasıdır. Belə depozitləri müştərilər istədikləri vaxt götürə bilir. Bank sisteminin maliyyələşməsində tələbli depozitlərin yüksək payı sektorun iri həcmdə likvidlik buferi saxlamasını şərtləndirir. Bu isə bankların kreditləşməyə ayıra biləcəyi vəsaitin həcminə azaldıcı təsir göstərir. Banklar eyni səbəbdən daha qısamüddətli kreditlərin verilməsində maraqlı olur və beləcə, uzunmüddətli və böyük həcmdə kreditlərdə maraqlı olan sahibkarların işi düyünə düşür. Digər tərəfdən, “Azadlıq” radiosunun məlumatına əsasən, bank öhdəliklərində depozit payının çoxluğu ölkədə kredit faizlərini də yüksəldir. Çünki belə vəsaitlərin cəlbi bankların xərclərini nisbətən daha çox artırır. Bu da kredit kimi verilən vəsaitin maya dəyərini artırır. Mərkəzi Bankın maliyyə sektorunun ötənilki fəaliyyətində diqqətçəkən daha bir məqam qeyri-rezidentlərdir. Açıqlanan bilgilərə görə, 2021-ci illə müqayisədə bank sektorunun qeyri-rezidentlər qarşısındakı öhdəlikləri 2.5 dəfə (1 milyard 500 milyon manat) artaraq 2.5 milyard manata çatıb. Beləcə, qeyri-rezidentlər qarşısında öhdəliklərin toplam öhdəliklərdə payı 3.1 faizdən 6.1 faizə yüksəlib. Digər tərəfdən, əgər 2021-ci ildə qeyri-rezidentlərin depozitləri toplam depozitlərin 1.4 faizi qədərdisə, artıq bu göstərici də 5 faizə yüksəlib. Mərkəzi Bankın “Maliyyə dayanıqlılığı” hesabatında bank sektorundakı müxtəlif istiqamətlərlə bağlı risklərə də yer verilib. Məsələn, hesabatda bildirilir ki, sektorla bağlı əsas makroiqtisadi risk amili mürəkkəb geosiyasi və geoiqtisadi proseslərin yaratdığı bəlirsizlikdir. Üstəlik, yüksək inflyasiya da yenə əsas makroiqtisadi risk amillərindən biridir. Kredit risklərinə gəlincə, Mərkəzi Bankın fikrincə, aktivlərin keyfiyyətindəki müsbət dinamika və ümidsiz borcların azalması hesabına kredit portfelinin keyfiyyəti artıb. Ancaq hələ də həssas zonalar qalmaqdadır. Bu baxımdan, Mərkəzi Bank özəlliklə kredit portfelinin keyfiyyətinə, ehtiyat ayırmalarına və restrukturizasiya ilə bağlı addımlara diqqət yetirməyi vacib sayır. Hazırda Azərbaycanda 25 bank fəaliyyət göstərir. Bazar risklərinə gəlincə, Mərkəzi Bank düşünür ki, bankların açıq valyuta mövqeyinin (xarici valyuta ilə alacaqlar və borclar arasındakı fərq) və depozitlərin dollarlaşmasının azalması hesabına belə risklər nisbətən azalıb. Likvidliyə gəlincə, Mərkəzi Bank bildirir ki, sektorun likvidliyi komfortlu zonadadır və tələblərə tam cavab verir.
Tahir TAĞIYEV