Kreml və İrəvan bir-birinə rəsmi hücumlara başladı

17 Mart 2023 19:42 (UTC+04:00)

Rusiya və Ermənistan arasında münasibətlərin xarakteri getdikcə özünü tam təfərrüatı ilə büruzə verir. Əgər əvvəllər rəsmi açıqlamalarda tərəflər münasibətlərdə problemin olmadığına dair görüntülər yaratmağa çalışırdılarsa, indi tamam fərqli mənzərədir. Rəsmi səviyyədə qarşılıqlı ittihamlar artıq kəskin xarakter almağa başlayıb.

Xüsusən də Ermənistanın baş naziri Nikol Paşinyanın son mətbuat konfransında səsləndiridyi fikirlər, belə görünür, Rusiyanın kəskin qəzəbinə səbəb olub. Məsələn, Kreml təmsilçiləri bildirir ki, Paşinyan Rusiyanın öhdəliklərini bilərəkdən təhrif edir. Konkret nümunə kimi qeyd edilir ki, Paşinyanın “Rusiya Qarabağın təhlükəsizliyinin zəmanətçisidir” kimi fikri cəfəngiyyatdan başqa bir şey deyil. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu xüsusda Paşinyanın sadəcə yalan danışdığını vurğulayır: “Mənə elə gəlir ki, xəyal qurmağa çalışmaq lazım deyil. Ölkəmizin bütün öhdəlikləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il üçtərəfli bəyanatında yazılıb. Sadəcə, bu sənədi açıb baxmaq lazımdır ki, hansı öhdəliyi ölkəmiz üzərinə götürüb, hansını yox. Bu qədər. Rusiya sülhməramlıları ondan asılı olan hər şeyi edir ki, ərazidə gərginlik olmasın. Bunu öz məsul olduğu zonada edir. Əlbəttə ki, burada bir çox şey bütün tərəflərin hərəkətlərindən və bəyanatlarından asılıdır. Hesab edirik ki, bu bəyanatlar konstruktiv olmalıdır və məqsədi ümumi uğur olmalıdır. Biz Ermənistan tərəfinin bəyanatlarına 2022-ci ilin oktyabrında Avropa İttifaqının himayəsi ilə Praqada keçirilən sammitdə götürülən xəttin davamı kimi baxırıq. Ona görə də, biz Qarabağın taleyinə görə məsuliyyəti üçüncü tərəfin üzərinə yıxmağı Ermənistan tərəfinin, Ermənistan rəhbərliyinin vicdanına buraxırıq”. Rusiya XİN sözçüsü Nikol Paşinyanın KTMT ilə bağlı bəyanatına da maraqlı cavab verib. Xatırladaq ki, Paşinyan mətbuat konfransında belə bir fikir səsləndirib: “Təhlükə var ki, KTMT-Ermənistandan gedəcək”. Bu fikrə Zaxarova belə münasibət bildirib: “Paşinyanın KTMT ilə bağlı bəyanatını görəndə, nədənsə, Bulqakovun “Kim kimin üzərində dayanıb?” və Stanislavskinin “İncəsənəti özündə sevməlisən, Özünü incəsənətdə yox” əsərlərindən daha iki sitat yadıma düşdü. Həqiqətən də, kim kimin üzərində dayanıb?”. Zaxarova ötən ilin sonunda KTMT missiyasının Ermənistanda səfərdə olduğunu, erməni həmkarlarının KTMT-nin digər üzvləri üçün problemli olan tələbləri səbəbindən yekun qərar qəbul etmək mümkün olmadığını xatırladıb. Belə bir vaxtda Ermənistanın qatı müdafiəçilərindən biri olan Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin də Paşinyana qarşı sərt mövqe sərgiləyib. Paşinyan keçirdiyi mətbuat konfransında “seçilmiş hakimiyyətə hörmətsizlik edən şəxslərin Ermənistana girişi qadağandır” deyib. Bu sıraya Zatulin də daxildir. Cavab olaraq Zatulin Paşinyanı axmaq və yalançı adlandırıb: “Paşinyan Ermənistanın arzuolunmaz həmvətənlərinin və dostlarının ölkəyə girişini qadağan etmək üçün yorulmaz fəaliyyətini şərh edib. Ondan Marqarita Simonyan, Aram Qabrelyanov, mən və siyahısı açıqlanmayan digər şəxslərə qadağa barədə soruşublar. Cənab Paşinyan cavab olaraq ənənəvi yalan danışıb. Təbrik edirəm, yalançı! Belə çıxır ki, biz vətənə (Rusiyaya) münasibətdə Ermənistana etdiyimizin ən azı 1%-ni etsəydik, ölkə ərazisinə vizasız daxil ola bilməzdik. Bəs biz Ermənistana nə etmişik? Mənim öz siyahım var. Mən erməni deyiləm. Ermənistan vətəndaşı da deyiləm və heç vaxt olmamışam. Lakin otuz ildən artıq ictimai, siyasi və parlament fəaliyyəti dövründə o tarixi yaddaşa sadiqliyin, rus və erməni xalqları arasında dostluğun, Ermənistanın özü tərəfindən tanınmayan Qarabağ “respublika”sına dəstəyin tərəfdarı olmuşam. 1995-ci ildə “erməni soyqırımı”nın Rusiya Federasiyası tərəfindən tanınması haqqında qətnamənin müəllifi olmuşam. 2018-ci ildə Rusiya-Ermənistan Lazarev Klubunu yaratmışam və 2021-ci ildə Qarabağ əhalisinin koronavirusa qarşı peyvənd olunmasını təşkil etmişəm və sairə. Ermənistanda çoxlu dostum var. Amma baş nazirin dediyinə görə, mən yanlış insanlarla dostam. Keçən il qadağadan sonra o, Ermənistanın hazırkı səfirini mənim yanıma lazım olanlarla “dostluğa məcbur etmək” ümidi ilə göndərmişdi. Yazıq səfir! Paşinyan mənə eyham vuraraq, “bəziləri Ermənistan hökumətindən Zəngəzur dəhlizi ilə bağlı verdiyi vədləri yerinə yetirməyi tələb edir” deyib. Onun mənə iddiaları cəfəngiyatdır. Aydınlıq gətirirəm. Keçən il Paşinyanın təbliğatçılarının yalanları ilə zombiləşən bir jurnalist mənə telefonla sual verdi: “Rusiya niyə Ermənistandan Azərbaycana Zəngəzur dəhlizinin verilməsini tələb edir?”. Deməliyəm ki, Zəngəzur dəhlizi ilə bağlı məsələ, ümumiyyətlə Rusiya ilə bağlı deyil, Türkiyə ilə Azərbaycana da heç bir dəhliz lazım deyil. Ermənistanın indiki hökumətinin bəzi vədlərində, xüsusən də imzalanmış protokolda Azərbaycanla “kommunikasiyaların açılması” öz əksini tapıb. Yəni dəhliz haqqında bizə müraciət etməyin. Vəssalam. Mənim Ermənistan hökumətindən, onun ərazisindən dəhliz açmağı tələb etdiyimi iddia etmək üçün axmaq və ya Paşinyan olmalısan. Görünür, mən Paşinyan üçün Korotçenko ilə bir adamam. Nikol hesab edir ki, “Ermənistan mənəm!”.

Erməni mediası yazır ki, bütün bunlar Rusiyanın Paşinyana münasibətini artıq dəqiq xarakteriəz edir. Ermənistanın “Past” nəşri yazır ki, Kreml belə vəziyyətdə erməni müxalifəti ilə təmaslarını yenidən fəallaşdırıb: “İndiki mərhələdə ölkənin müxalifət sahəsi, ümumiyyətlə, daxili siyasi həyatda kifayət qədər passiv olsa da, xarici sahədə bəzi qüvvələr fəaldır. Müxalifət partiyaları Moskva ilə aktiv təmasların yeni mərhələsinə başlayıblar. Bizdə olan məlumata görə, bu günlərdə “Daşnaksütun” bürosunun üzvü Armen Rüstəmyan və ali orqanın nümayəndəsi İşxan Sağatelyan kifayət qədər dolğun gündəmlə Moskvadadır. Bu səfərlərin daxili siyasi həyata nə dərəcədə təsir göstərəcəyini və gələcək hadisələrlə bağlı olub-olmadığını zaman göstərəcək”.  Məsələ ilə bağlı “armenianreport” portal yazır: “Hələ 2018-ci ilin yazında Nikol Paşinyanın hakimiyyətə gəlişinin “sübh çağında” ağıllı adamlar ona Rusiya ilə hərbi-siyasi və iqtisadi ittifaqı saxlayaraq, iki kresloda oturmağa çalışmamağı, yəni Qərbə can atmamağı tövsiyə edirdilər. Və onlar haqlı idilər - tarixdə az adam uzun müddət iki stulda oturmağı bacarıb. Təəssüf ki, Ermənistan hökumətinin başçısı əməli məsləhətlərə qulaq asmadı, istər Rusiya ilə, istərsə də Qərblə flört etməkdə davam etdi, nəticədə beynəlxalq ictimaiyyətin gözündə qeyri-ciddi liderə çevrilməyə başladı. Ayrı-ayrı paytaxtlarda müxtəlif vədlər verir, sonra isə belə qənaətə gəlir ki, onları eyni vaxtda həyata keçirə bilməz, - yerli politoloqlar baş nazirimizin hərəkətlərini belə təsvir ediblər. Nəticə etibarı ilə 44 günlük müharibə zamanı nə Rusiya, nə də Qərb erməni tərəflərinə əməli yardım göstərmədi. Lakin son il yarımda Paşinyan, deyəsən, xarici siyasətdə əminlik nümayiş etdirməyə başlayıb. Beləliklə, biz Qərb platformalarında (Brüssel, Praqa, Münhen, Vaşinqton) Bakı ilə danışıqlara üstünlük verməyə başladıq, Fransa ilə daha da yaxınlaşdıq və nəhayət, ərazimizə Aİ-nin uzunmüddətli missiyasını dəvət etdik və bununla da öz mövqeyimizi göstərdik. Özü də sərhədimizə KTMT missiyası göndərmək istəyən Moskvaya rədd cavabı verdik. Paralel olaraq, Ermənistan Rusiyaya qarşı getdikcə demarş etməyə başladı, xüsusən də KTMT sammitində yekun bəyannaməni imzalamamaqla, bu blokun təlimləri üçün öz ərazisini verməkdən imtina etməklə, Mirzoyanı Moskvada planlaşdırılan üçtərəfli görüşə göndərməməklə və nəhayət, “Putinin NATO-su”nun baş katibinin müavini vəzifəsinə kvotadan imtina etməklə bunu açıq göstərdi. Bütün bunlar həm Paşinyanın özünün, həm də komandasının üzvlərinin, ilk növbədə Alen Simonyan və Armen Qriqoryanın Moskva və KTMT-yə qarşı sərt ritorikası ilə müşayiət olundu. Lakin son vaxtlar vəziyyət yenidən dəyişməyə başlayıb… Paşinyan  Rusiyanın inadkar qucağından qurtulmadan Qərbə getməyə çalışır. Amma bu, Ermənistan üçün daha böyük təhlükələrlə doludur. Bizi ikiüzlü hesab etmək olar. Və sonra Azərbaycan Ermənistana qarşı yeni hərbi əməliyyatları başlasa, bir daha bizə heç kim kömək etməyəcək. Silahlı qüvvələrimizdəki fəlakətli vəziyyəti nəzərə alsaq, güclənmək əvəzinə “beşinci kolon” axtarırlar, Ermənistan dövlətçiliyinin özü tamamilə yox olmaq təhlükəsi ilə üzləşə bilər. Paşinyan əsas addımı atmağa qərar verməlidir - KTMT və Aİİ-dən çıxmaq və 100% Qərb inkişaf vektorunu elan etmək. Yalnız bu halda biz Qərbin anlayışına, onun dəstəyinə arxalana biləcəyik. Təəssüf ki, burada başqa variant yoxdur”.

Nahid SALAYEV