Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizmi qurulacaq. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşündən sonra keçirdiyi mətbuat konfransı zamanı deyib:
"Türk Dövlətləri Təşkilatı ölkələri fəlakətdən sonra kömək çağırışımıza ən tez cavab verən, ən sürətli hərəkətə keçən, ağrılarımızı ürəkdən paylaşan dostlarımız arasındadır"
R.T.Ərdoğan əlavə edib ki, TDT tarixi, mədəni və ədalətli birliklərin bloklandığı müddətdə yeni səsə, yeni sinerji mərkəzinə çevrilir:
"Bu qara gündə yanımızda olan hər bir qardaşımıza olan minnətdarlıq borcumuzu heç vaxt ödəyə bilməyəcəyimizi vurğulayıram".
Ankara Bəyannaməsində bildirilir ki, baş verə biləcək mümkün fəlakətlər və fövqəladə hallar zamanı ehtiyacların səmərəli, əlaqələndirilmiş və vaxtında həll edilməsi üçün TDT-nin milli fəlakətlərin idarə edilməsi qurumları arasında əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər. Bu xüsusda Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Sazişin Türk Dövlətləri Təşkilatının Qazaxıstan Respublikasının Türkistan şəhərində keçiriləcək 10-cu Zirvə görüşünədək imzalanması üçün aidiyyəti qurumlara tapşırıq verilib.
Bu prosesin sürətləndirilməsinə böyük marağın olduğu üzə çıxır. Xatırladaq ki, bu Zirvə Azərbaycan Prezidentinin təşəbbüsü ilə Şuşada keçirilməliydi. Amma Türkiyə ilə olan həmrəylik və qardaşlığın nümayişi baxımından Ankaraya salındı. Belə mexanizmin yaradılması türk dövlətlərinin inteqrasiyasında hansı rolu oynayacaq?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Zirvə görüşü fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində təşkilata üzv ölkələrin birgə səylərinin müzakirəsi, o cümlədən bu sahədə əldə olunmuş ən yaxşı təcrübələrin nəzərdən keçirilməsi baxımından yaxşı imkan yaradır: “Təbii fəlakət və fövqəladə halların idarəedilməsi üzrə Zirvə görüşünün Azərbaycanda keçirilməsi nəzərdə tutulurdu. Belə bir əməkdaşlıq formatının yaradılması Azərbaycanın təşəbbüsü olub. Bu, Türkiyədə baş verən faciəvi zəlzələdən qabağa təsadüf edib. Həmin hadisə bir daha Azərbaycanın nə dərəcədə uzaqgörən olduğunu sübut etdi. Bu çox əhəmiyyətli bir şeydir. Təbii fəlakətlər, müxtəlif təbiət hadisələri və buna bənzər digər məsələlər bəzən dövlətlərin tək gücüylə həyata keçirilə bilmir. Türk dövlətləri arasında belə bir qarşılıqlı əlaqə formasının yaranması çox prinsipial əhəmiyyətə malikdir. Bir tərəfdən dövlətlərarası əlaqələri gücləndirir, digər tərəfdən də dövlətlərin bir-birinə qarşılıqlı köməyi və dəstəyi məsələsini qanuni əsaslar üzrə formalaşdırır. Mən deyərdim ki, bu, Türk Dövlətləri Birliyinin irəliyə doğru atdığı mühüm addımlardan biridir və gələcəkdə daha böyük addımların şahidi olacağıq. İstər 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana qardaş Türkiyə tərəfindən ən yüksək səviyyədə mənəvi və siyasi dəstəyin verilməsi, istər ötən ilin yayında Türkiyədə baş vermiş dəhşətli meşə yanğınları ilə mübarizədə Azərbaycanın göstərdiyi həmrəylik bu qardaşlıq münasibətlərinə bariz nümunədir. Zəlzələ baş verən gündən başlayaraq isə Türk Dünyası zatən ayaqda oldu və qardaş köməyi altında hər cür dəstək verildi. Demək olar ki, Türkiyəyə ən çox texniki, maddi və mənəvi köməkliklər də, Azərbaycan başda olmaqla, həmin qardaş Türk Dövlətlərindən oldu. Bu Zirvə görüşü vaxt və məkan baxımından da olduqca böyük əhəmiyyət daşıyır”.
Məhəmmədəli QƏRİBLİ