Putin çətinə düşüb - Zəngəzur unudulub, Dağıstan-Azərbaycan-İran yolu işə salınır...

17 Mart 2023 19:12 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin Dağıstan-Azərbaycan-İran yolunun tikintisini tezləşdirməyi təklif edib.

Vladimir Putin Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının qurultayında çıxışı zamanı Dağıstan-Azərbaycan-İran yolunun tikintisini sürətləndirməyi və maliyyə mənbələrini dəqiqləşdirməyi tapşırıb. Rusiya Prezidentinin sözlərinə görə, Şimal-Cənub dəhlizi kimi, bu yola da hər zaman ehtiyac olacaq. O vurğulayıb ki, mürəkkəb geosiyasi vəziyyətə baxmayaraq, yolun inşasına bütün tərəflər razılıq verib.

Çox maraqlıdır, Putin nə  əcəb, Zəngəzur dəhlizinin açılması ilə bağlı belə  konkretlik göstərmir?

Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə bildirdi ki, 44 günlük müharibədən sonra İranın Azərbaycana qarşı düşmənçiliyinin daha da dərinləşməsi həm də Zəngəzur dəhlizi ilə bağlıdır. Hazırda İranın məqsədi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına mane olmaq və Zəngəzur dəhlizinin açılmasına imkan verməməkdir. İran Zəngəzur dəhlizinin açılmasından sonra Azərbaycanın geopolitik önəminin daha da artacağından ehtiyat edir. Rusiya da bölgədə gərginliyin qalmasında maraqlıdır. Rusiya hesab edir ki, Qarabağ məsələsinin birdəfəlik həll edilməsi və Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması onun Cənubi Qafqaza təsir imkanlarını azaldacaq. Ona görə də həm Ermənistana sülh sazişini imzalamağa imkan verilmir, həm də son zamanlar Qarabağdakı separatçı ermənilərin təxribatlarına daha geniş şərait yaradır. Rusiya bununla özünün bölgədə mövcudluğunu, təsir rıçaqlarını qoruyub saxlamaq məqsədi güdür. Deməli, arxa planda Rusiya Zəngəzur dəhlizinin açılmasında o qədər də maraqlı deyil. Ona görə də müəyyən qüvvələrin təlimatı ilə bəzi təxribatlara əl atılır. Süni gərginliyin bir səbəbi Ermənistandakı seçki öncəsi yaşanan proseslərdirsə, digər səbəbi Rusiyanın diqqəti başqa yönə çəkmək cəhdidir.  Ortada 10 noyabr və 11 yanvar üçtərəfli sazişləri var. Sənədə imza atan ölkələr üzərlərinə öhdəliklər götürüblər. Bu müqavilələr Ermənistanla yanaşı, Rusiyanı da sazişin bəndlərinə əməl etməyə məcbur edir. Ancaq təəssüf ki, biz tam olaraq bunun əksini görürük”.

Politoloqun sözlərinə görə, Zəngəzur dəhlizinin açılmasına Rusiya maneə yaradır:

“Rusiya da İranı bu perosesə təhrik edir. Ümumiyyətlə, Zəngəzur dəhlizinin açılması Rusiya üçün prioritet deyil. Çünki bu dəhlizin mövcudluğu Cənubi Qafqazda Türkiyənin rolunu daha qabarıq göstərir. Digər tərəfdən, Zəngəzur dəhlizi açılarsa, Çinin “Bir kəmər, bir yol” layihəsinin bir hissəsinə çevriləcək. Eyni zamanda, ABŞ bölgədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının yerləşdirilməsini istəmir. Sadəcə olaraq, Avropa İttifaqı Çinlə ticarət əlaqələrinin inkişafında maraqlı olduğundan, Zəngəzur dəhlizinin açılmasının tərəfdarıdır. İran, əlbəttə ki, Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Çünki bu ərazidə nəqliyyat və kommunikasiyaların işə düşməsi İranın çıxdaş edilməsi deməkdir”.

Politoloqun sözlərinə görə, Putin özlərinə və İrana sərf edən yolun açılmasına çox tələsir:

“Düşünürəm ki, Azərbaycan bu məsələdə  bir qədər səbrli olmalıdır. Həm Rusiya, həm də İran qarşısında Zəngəzur dəhlizi ilə bağlı məsələni qoymalıdır. Niyə bizi yalnız özlərinə təcili lazım olan məsələdə tələsdirirlər? Moskvada anlamalıdırlar ki, Abxaziya, Cənubi Osetiya və ya Donbas separatçılarından fərqli olaraq, Qarabağdakı erməni separatçıları mühasirədədirlər və Azərbaycan ordusu bu mühasirəni daraltmaq istiqamətində fəaliyyətini davam etdirəcək. Ona görə də, nə qədər ki, növbəti müharibə başlamayıb, Moskvanın 10 noyabr və 11 yanvar bəyanatlarının yerinə yetirilməsini təmin etməsinə ehtiyac var. Yeni müharibə Ermənistan kimi Rusiyanın da maraqlarına cavab vermir. Buna görə də, yalnız özlərinə lazım  olanı deyil, həm də öhdəliklərini yerinə yetirməkdə maraqlı olsunlar”.

Məhəmmədəli QƏRİBLİ