Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova keçirdiyi mətbuat konfransında Ermənistan Baş naziri Nikol Paşinyanın KTMT-nin ölkəni tərk etməsi ilə bağlı bəyanatlarına münasibət bildirərkən maraqlı ritorikadan istifadə edib:
“KTMT-nin Ermənistandan çıxacağı ilə bağlı bu bəyanatı görəndə, nədənsə, Bulqakovun “Kim kimin üzərində dayanıb?” və Stanislavskinin “Sənəti özündə sevmək lazımdır, özünü sənətdə deyil” əsərlərindən daha iki sitat yadıma düşdü”.
Zaxarova bu cür bədii yanaşması ilə əslində nə demək istəyib?
Hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Zaxarovanın bu cür münasibəti təsadüfi deyil; “Ermənistan KTMT-dəki baş katib müavini postundan imtina edib. İrəvan bununla bağlı təklifini təşkilata göndərib. Ümumiyyətlə, KTMT və təşkilata üzv Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstanla Ermənistan arasında münasibətlərin gərgin və qeyri-səmimi olduğunu demək olar. Rəsmi İrəvan KTMT-yə etibarlı tərəfdaş kimi baxmayıb və daim bu təşkilatı çətin vəziyyətdə qoyan addımlar atıb. 2018-ci il mayın 1-də Serj Sarkisyan hakimiyyətinə qarşı kütləvi etirazlar fonunda hakimiyyətə gələn Nikol Paşinyan bu müddət ərzində Qərbpərəst siyasət yürütməyə başladı. Onun formalaşdırdığı hökumət də, əsasən, Qərbdə təhsil almış, uzun illər Avropa və ABŞ-dan maliyyələşən QHT və fondlarda çalışmış kadrlardan ibarət idi. Onlar, Paşinyan da daxil olmaqla, 2018-ci ilə qədər olan müddətdə Rusiya əleyhinə aksiyalarda iştirak etmiş, ölkənin Rusiya asılılığından və KTMT-dən çıxması tələbi ilə aksiyalar keçirirdilər.
Rusiya hakimiyyəti KTMT-yə üzv digər ölkələrlə birgə Paşinyanın oynadığı riyakar siyasəti yaxşı anlayır və buna adekvat tədbirlər görür. Onlar anlayır ki, hərbi bloku Azərbaycanla üzbəüz qoymağa cəhd edən Nikol Paşinyan eyni zamanda, təşkilatı daxildən parçalamağa cəhd edir. Bu baxımdan, ona təşkilat daxilində heç bir etimad yoxdur. Əksinə, KTMT liderləri Azərbaycan dövlət başçısı İlham Əliyevlə sıx dostluq və əməkdaşlıq münasibətindədir. Bu əməkdaşlıq yalnız hərbi, siyasi, yaxud iqtisadi müstəvidə deyil, həm də xalqlar səviyyəsində Ermənistandan fərqli olaraq səmimidir”.
Ekspertin sözlərinə görə, Ermənistanın KTMT və Rusiyaya qarşı mübarizəsinin növbəti nümunəsi kimi İrəvanda KTMT Təhlükəsizlik Şurasının iclası çərçivəsində Vladimir Putinin səfərinə qarşı keçirilən etirazı misal göstərmək olar: “Əllərində ABŞ, Avropa ölkələri, Aİ və Ukraynanın bayraqlarını tutan yüzlərlə etirazçı “KTMT rədd ol!”, “Rusiya bizim düşmənimizdir!” və s. şüarlarla şəhərin mərkəzində polislərin müşayiəti ilə aksiya keçirdilər. Paşinyan açıq şəkildə NATO-ya meylləndiyini nümayiş etdirir.
Bütün baş verənlər onu göstərir ki, Ermənistan heç vaxt heç kimə qarşı dürüst davranmır, hər an müttəfiqlik və əməkdaşlıq münasibətlərinin üstündən xətt çəkməyə hazırdır. Bircə qalır Rusiya və digərlərinin, nəhayət ki, bunu anlaması. Amma təəssüf ki, Rusiya buna konkret addımlarla deyil, bədii ritorika ilə cavab verir. Ola bilər ki, Rusiya Ukrayna amilinə görə Ermənistanla bir qədər sərt davranmır.
Paşinyanın mətbuat konfransında səsləndirdiyi "ultimatum", daha doğrusu, onun cəsarətlənərək İrəvanın KTMT-ni tərk edə biləcəyini vurğulaması Moskvaya xəbərdarlıq sayıla bilər.
Açıqlama isə Fransanın dövlət başçısı Emmanuel Makronun fasiləsiz olaraq Paşinyana ünvanladığı "təhlükəsizlik təminatı" vədləri ilə yanaşı, NATO-nun sabiq baş katibi Anders Foq Rasmussenin Ermənistana səfərinin məzmunu ilə bağlıdır”.
Məhəmmədəli QƏRİBLİ